“Yaşasın Ukrayna!”, “Zek rədd ol!”
Ukrayna paytaxtında keçirilən etiraz aksiyasının iştirakçıları Zabitlər evinin yaxınlıqdakı ərazini tərk edirlər. Xəbərlərə görə, onlar Azadlıq meydanına doğru irəliləyirlər.
Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən çadır şəhərciyi söküldükdən sonra etirazçılar milis kordonundan maneəsiz keçərək Maydana doğru istiqamət alıb. Onlar “Yaşasın Ukrayna”, “Zek rədd ol” kimi şüarlar səsləndirir. Verilən digər məlumata görə, hüquq-mühafizə orqanları prezident administrasiyasının mühafizəsini gücləndirir.
Bütün gecəni Kiyevin bəzi rayonlarında milislə mitinqçilər araında toqquşmalar olub, zərərçəkənlər var, kommunal işçilər şəhərin mərkəzini barrikadalardan
təmizləyirlər.
Əy son xəbərlərə görə, dekabrın 10-na keçən gecə Kiyevdə “Berkut” xüsusi təyinatlıları və daxili qoşunlar müxalifət tərəfdarlarının Prezident Administrasiyası, Nazirlər Kabineti və Ali Radanın binaları ətrafında qurduğu barrikadaları təmizləyiblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları qalxanların köməyi ilə barrikadalardakı insanları sıxışdıraraq hökumət binalarının ətrafından uzaqlaşdırıblar. Çadır şəhərcikləri sökülüb.
Əməliyyat zamanı mitinqçilərlə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında ciddi toqquşmalar baş verməsə də, müxalifət liderlərindən biri, “Svoboda” Partiyasının rəhbəri Oleq Tyaqnibok zərər çəkənlər olduğunu bildirib. Müstəqillik meydanında etiraz aksiyası isə davam edir.
Qeyd edək ki, bu gün ABŞ dövlət katibinin müavini Viktoriya Nuland və Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik üzrə ali komissarı Ketrin Eşton Ukraynaya səfər edərək həm hakimiyyət, həm də müxalifətlə görüşlər keçirəcəklər. Kiyevdə prezident Viktor Yanukoviç və müxalifət liderlərinin iştirakı ilə dəyirmi masanın keçirilməsi də gözlənilir.