Muəllif:

Yarpaq tökümü

Ötən ilin noyabrından etibarən Rusiya Dövlət Dumasını istefalar dalğası bürüyüb. Yeni çağırış Duma heç ili çıxmamışdı ki, zay çıxdı. Özü də deputat mandatını itirənlər müxtəlif siyasi yönümlü qüvvələrin təmsilçiləridir — kommunistlərdən tutmuş ədalətli rusiyalılar qarışıq ta iqtidarda olan Vahid rusiyalılaradək. Məsələn, kommunist Oleq Şirşov, eser Oleq Mixeyev, «spravoros» (Ədalətli Rusiya) Gennadi Qudkov, «yedinoroslar» (Vahid Rusiya) Aleksey Knışov, Vadim Bulavinov, Vladimir Pextin. Yaddan çıxanlari varsa, inciməsinlər. Onlar barədə də gələn dəfə yazarıq. Və bu siyahının yeni-yeni adlarla rövnəqləndiriləcəyini də bu gedişlə tez bir zamanda görəcəyik. Qorbaçovun sözü olmasın, «proses başlayıb». Bunun nə demək olduğunu anlamaq üçünsə o qədər də ciddi araşdırmalara ehtiyac yoxdur — Putin bir güllə ilə bir neçə dovşanı vurmaq istəyir. Birinci «dovşan» Duma və prezident seçkilərindən bəri narazı elektoratın səngimək bilməyən həmlələrini zəiflətmək, ikincisi, seçicilərə verilmiş sözü tutmaq görüntüsü yaratmaq və nəhayət, üçüncüsü, hakimiyyət kürsüsünə lap rahat yaymanmaq üçün vaxtilə xidmətlərindən bəhrələndiyi, indi isə ətrafında şeşələnərək hərlənən, amma artıq əl-ayağa dolaşan yol yoldaşlarından yaxa qurtarmaqdır. Ruslar demiş, çatlamış atları güllələyərlər. Özü də deputatlar əsasən ya maliyyə, ya da adi fırıldaqlarda, gəlir və mülkiyyət deklarasiyalarında «unutqanlıq»da, həm də məmur və deputat statusuna zidd fəaliyyətlə, yəni bizneslə məşğul olmaqda ittiham edilirlər. Birinin Mayamidə mülkü var, digərinin Almaniyada mehmanxanası, bir başqasının da İsveçrə banklarında qucaq-qucaq pulu. Nə isə. Hər halda, bu günədək bunda heç bir qəbahət yox idisə, innən belə oyun qaydaları dəyişir. Hamı qanunlara riayət etməklə oğurluq edəcək, özü də mütləq icazəsini almaq şərtilə. Bütün məmurlara xarici banklardakı pullarını bir ildən gec olmayaraq vətənə qaytarmağı həvalə edəcək qanun layihəsi də artıq ikinci oxunuşda qəbul üçün hazırdır və yəqin ki, yekdilliklə qəbul ediləcək. Bir sözlə, hər addımımızı ağızlarına baxaraq atdığımız ruslar növbəti gedişlərini etdilər. Hər halda nə mürtəce qanun qəbul ediblərsə, biz onlardan geri qalmamağa çalışmışıq. Bu günədək pis alınmayıb. Amma… Hər bir işin bir əmması var.
Fevralın əvvəlində Azərbaycanda bizneslə məşğul olan məmur və deputatların cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı Cinayət Məcəlləsinə təklif olunan əlavənin rədd edildiyi xəbəri yayıldı.
APA-nın məlumatına görə, bununla bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirələr aparılıb və layihə geri qaytarılıb. Komitə sədri Əli Hüseynli bildirib ki, layihənin müəllifi deputat İlyas İsmayılovdur. Layihədə təklif olunan maddəyə əsasən, deputat və məmurlar qanuna zidd olaraq bizneslə məşğul olmalarına görə cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Bununla bağlı həmin şəxslərə qarşı 6 aydan 2 ilə qədər azadlığın məhdudlaşdırılması da təklif olunur.
Müzakirələr zamanı deputatlar bu təklifə qarşı çıxıblar. Qarşı çıxmasaydılar, Azərbaycanda olduğuma heyrətlənərdim. Məsələn, deputat Rafael Cəbrayılov bildirib ki, istənilən vəzifəli şəxs əgər vəzifəsindən sui-istifadə etmirsə, dövlət büdcəsinə qanuni gəlir gətirirsə, onun bizneslə məşğul olması ciddi cinayət faktı törətmir:»Əgər o, vəzifəsindən sui-istifadə edirsə, bunun üçün inzibati məsuliyyət tətbiq eləmək olar və həmin şəxs törətdiyi əmələ görə vəzifəsindən uzaqlaşdırıla bilər».
Komitə sədri Ə.Hüseynli də bildirib ki, vəzifəli şəxslərin bizneslə məşğul olması barədə yaranan problemlərin aradan qaldırılması üçün müvafiq yeni qanun hazırlanır və burada qeyd olunan problemin həlli, sərhədlərin müəyyənləşdirilməsi üçün həmin qanun kifayət qədər şərait yaradacaq:»Bunun üçün Cinayət Məcəlləsinə əlavə maddə salınmasına ehtiyac yoxdur».
Məncəsə, heç bir şərhə ehtiyac yoxdur. Sadəcə, onu nəzərə almaq gərəkdir ki, məmurların bizneslə məşğul olması problem deyil, ən azından vəzifədən sui-istifadə, bir az da irəli getsək, korrupsiyaya doğru əməlli-başlı addımdır. «Böyük qardaş» yalandan da olsa, hər halda siyasi konyunkturanın nəbzini tutur və ən pis vəziyyəti belə öz xeyrinə çevirməyə çalışır. Biz isə artıq bunu da etməyə ərinirik. Hər halda, IQ səviyyəsi 70-dən aşağı olmayanlar anlamalıdırlar ki, Rusiyadakı yarpaq tökümü bizim üçün də var.

[email protected]

Aynanın yeni köşə rubrikasından.

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 453