Yaroslavl məhkəməsi Musayevi Azərbaycana verə bilər
Yaroslavl vilayət məhkəməsində Naxçıvan MR Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı İbrahim Musayevin vətənə ekstradisiyası ilə bağlı məhkəmə prosesi başlayıb. Orada RF Baş Prokurorluğunun iddiası əsasında onun Azərbaycana göndərilməsi məsələsinə baxılır. Vəkil Dmitri Suxomlinovun sözlərinə görə, Musayev məhkəmədə iştirak etmir.
Musayev İran lehinə casusluqda ittiham olunmuş, sonradan Naxçıvan MTN həbsxanasında dünyasını dəyişmiş Turac Zeynalovun həyat yoldaşını qətlə yetirmək barədə tapşırıq aldığını, lakin bu tapşırığı yerinə yetirilməkdən imtina etdiyini bildirib. Naxçıvan MTN isə bəyanat yayaraq, İ. Musayevlə heç bir əlaqəsi olmadığını qeyd edərək onu dələduz və fərarı adlandırıb. Naxçıvan MTN-nin açıqlamasında T. Zeynalovun xərçəng xəstəliyindən vəfat etdiyi bildirilir. 2012-ci ilin sentyabrında İ. Musayev həyat yoldaşı ilə Rusiyaya gələrək, bu ölkədə qaçqın statusunu almağa cəhd göstərib. Lakin Rusiya müvafiq orqanları onun Azərbaycan tərəfindən axtarışa verildiyi əsas gətirərək, müraciəti rədd ediblər.