Muəllif:

Yalçın xasiyyətcə müsəlman, amma mədəniyyətcə fransızdr

Yalçın Rzazadənin həm klassik estrada, həm də milli kino sənətində xidmətləri danılmazdır. Özünün keçmişlə bağlı şirin xatirələri var. Deyir ki, elə bir gün olmur, keçmişi xatırlamasın:

— Mən elə bir insan tanımıram ki, o müəyyən bir yaşda, müəyyən bir saatda keçmişə dönməsin, uşaqlıq vaxtını, valideynləri ilə keçirdiyi günləri, qardaş-bacısı ilə keçirdiyi məqamları yadına salmasın. Məktəb vaxtı yoldaşlarım vardı, bəziəri indi həyatda yoxdurlar. Ona görə belə nəticə çıxarıram ki, insanın ömrü epizodlardan ibarətdir. Elə günlər var ki, onların əksəriyyəti bir-birinə çox bənzəyir. Rəngsiz günlər… Əfsuslar olsun, şəxsən mən özümü desəm, baxmayaraq ki, iki gündən-bir çəkilişlər, görüşlər və s. olur, amma mən yenə hesab eləmirəm ki, mənim həyatımda böyük bir rəng olsun.

Ən əziz xatirələrim uşaqlıq illərimlə bağlıdır. O vaxtlar elə də xoş olmayan məqamlar çox olub. Məsələn, qışda, sərt soyuqlarda paltom olmayıb. Paltosuz məktəbə getmişəm, amma yaxşı oxumuşam, gözəl rəsm çəkmişəm. 3-cü sinifdən artıq mən mahnılar ifa edirdim. Yəni məktəbin konsert proqramlarında, bayramlarda həmişə nömrə bir olmuşam, yəni bunlar hamısı silinməz xatirələrdir…

— Hansı anı yenidən yaşamaq istəmisiniz?

— Mənə həmişə bu sualı verəndə mən bu cavabı verirəm — kaş ki, anam sağ olaydı. Mən əsəbləşdiyim zaman, kefim olmadığı vaxtlar həmişə gəlib başımı qoyardım anamın dizlərinə, o da mənim belimi sığallayar, məni tumarlayardı. Bütün o əsəblərim, inanın ki, hamısı yox olurdu. Çox istərdim, bax həmin anları bir an olsa da yaşamaq.

— Özünüz necə böyüklük eləyirsiniz? İstər tələbələrə, istər bir valideyn kimi.

— Tələbələrim, çoxdur. Məsələn, belə bir hal bu il də, keçən il də çox oldu: bir də görürsən ki, kafedraya valideynlər gəlirlər, deyirlər, «Yalçın müəllim, siz axı niyə dərs demirsiniz mənim qızıma, o niyə sizin sinfinizə düşməyib? Axı biz sizə görə qızımızı bu sahəyə, bu universitetə istiqamətləndirdik, burada da sizin sinfə düşməyib. Siz özünüz bir az əvvəl şahid oldunuz ki, neçə tələbə içəri daxil olub dedi ki, «Biz Yalçın müəllimi istəyirik». İnanın, mən də çox istərdim, amma gördünüz ki, müavinim də dedi ki, «Ay qızım, bu mümkün deyil, Yalçın müəllimin tələbələri çoxdur». Baxın, keçən il 3 tələbəm olmalı idi, 8-10 tələbəyə qədər götürdüm, yəni ürəyim dözmürdü. Görürəm, necə sevgi ilə mənim dərs deməyimi arzulayırlar. İstər evdə, istər təhsil ocağında övladlarıma sevgi ilə yanaşıram. Yaxşı valideyn, ya müəllim olmaq üçün gənclərə sevgi hissi ilə yanaşmaq vacibdir.

— Yalçın Rzazadənin qapalı bir sənətçi olduğunu söyləyirlər. Yəni ailə haqqında danışmağı, deyəsən, sevmirsiniz.

— Hər zaman qapalı olmuşam. Bilirsiniz, mənə hər zaman deyirlər ki, «Yalçın xasiyyətcə müsəlman, amma mədəniyyətcə fransızdr». Amma mədəniyyəti qoyum bir kənara, mən həm də Allah adamıyam. Mənim babam axund olub. Çox savadlı alim olub. Yəni ondan mənə bəzi xasiyyətlər keçıb. Mən həmişə evdən çıxarkən bizi yaradana şükür edirəm. Mənə həmişə müxtəlif telekanallar və s. zəng edirlər ki, «Yalçın müəllim, gəlib sizi ailənizlə bərabər çəkmək istəyirik», deyirəm, mən sənətkaram, sizə axı mən lazımam.

Belə düşünürəm ki, qapalı nə isə qalmalıdır. Sənət adamı mənim anlamımda belə olmalıdır. Bəziləri öz ailəsini toplayır ətrafına, efir üçün geyindirir-kecindirir, efirdə yaxşı görünmək üçün. Mən belə şeyləri sevmirəm, nəyə lazımdır ki, ev şəraitində hamı qalstuklu keçir stol ətrafına, axı ev şəraitində heç birimiz belə olmuruq.

— Yalçın müəllim hansı insanları sevmir?

— Yalçın sevmir yaltaq insanları. Mən hər zaman səmimi insanları xoşlamışam. İnsan yaşa dolduqca artıq müdrikləşir. İndi bəzən məni kimsə tərifləyəndə fikirləşirəm ki, nəyə görə məni tərifləyir?! Efirdə yox ha, həyatda. Amma səmimiyyəti olmayan insanlar adama dost deyir, ancaq dostluğun dəyərlərinə əməl etmirlər.

O gün efirlərin birində görürəm ki, bəstəkar və şairin məhz mənim üçün yazdığı mahnını bir müğənni özü bildiyi formada oxuyur. Məni görəndə səcdə qılır, mahnının sözlərini mənə zəng edib xahiş edir, amma görürəm ki, efirdə öz bildiyi qaydada oxuyur. Sizcə, məndə həmin o insana nifrətdən başqa hansı hiss yarana bilər?..

Kişi kişidir, qadın qadındır, amma kişidə qadın xüsusiyyəti, üzü olanda, o, çox eybəcərlik yaradır. Bilirsiniz ki, mənim mahnılarımı çoxları ifa edir. Bir tərəfdən, təbii ki, xoşbəxtlikdir ki, mənim yazdığım əsərlər, mahnılar bugünkü gün çox sevilir. Məsələn, bir neçə il əvvəl Brilyant xanım mənim mahnımı ifa etmək üçün mənə zəng elədi. «Gecə yaman uzundur» mahnısını ifa etmək üçün mənə zəng edəndə dedi olar ki, Yalçın müəllim, mahnını bir az ritmik formada oxuyum, yəni bu artıq mənə qarşı böyük hörmətdir.

Əcnəbilərdən kiminsə mahnısını ifa edəndə, fikir verirsinizmi, deyilir ki, Tom Consun repertuarından, Zəki Mürenin, Barış Mançonun, Frenk Sinatranın repertuarından sizə bir mahnı ifa edəcəyəm… Çünki onlarda musiqiçi mahnını ifa etmək üçün gəlir bəstəkarla və yaxud mahnının ilk ifaçısı əgər həyatdadırsa, onunla görüşüb razılığını almağa. Belə olmalıdır əslində. Mənim, məsələn, mahnım var ki, 6-7 aya hazırlanıb. Axı bir günə yazılıb oxunan mahnı necə olar?

Baxın, «Baladadaşın ilk məhəbbəti» filmindəki mahnı bütün el şənliklərində oxunur, eləcə də «Qayınana» kinofilmindən üç mahnı oxumuşam, hamısı bu gün də toylarda oxunur. Hətta bir də görürsən, «Dədə Qorqud» filmindəki mahnının ritmləri altında bəylə gəlin zala gəlirlər. Mənə inanın, gəlib nə qədər pul təklif edirlər ki, bir dəfə o mahnını oğlumuzun toyunda əvvəldə ifa edin, bəylə gəlin gəlsinlər, mən nə isə etiraz etmişəm.

— Hansısa gənc ifaçıya «yaxşı olardı ki, sən başqa sənətlə məşğul olasan, səni bu sənətdə görmürəm» deyəsiniz?

— Bəli, çox olur belə, ildə 15-20 dəfə. Tələbələr ata-anaları, ya da qohumları ilə gəliblər, qulaq asmışam, xətirlərinə dəyməsin deyə özlərinə yox, yanlarında gələn adamlara demişəm ki, «Yaxşı olardı ki, başqa sənətlə məşğul olsun». Amma eləsi də olur ki, yaxşı səs imkanları var, amma məktəbi yoxdur. Məktəb keçməlidir.

Baxın, bu yaxınlarda Rusiya telekanallarının birində maraqlı bir hadisəni izlədim. Bir gənc rusiyalı müğənni, çox məşhurdur, amma təəssüf, adı yadımda qalmayıb, ondan xahiş etdilər ki, canlı oxuyun. Oxudu, falş, biabırçılıq, dəhşət. Canlı efirdə akapella, yəni musiqisiz. Dedilər, indi görün neyləyəcəyik bu səslə. Səs rejissoru götürüb o mahnını yaxşıca işlədi, düzdü-qoşdu. Sonra onu səsləndirdi. İnanın, çox gözəl musiqi alındı. O xanım sevincindən göyə atlanırdı. Heç özü də inana bilmədi ki, bu onun səsidir, ya yox. Yəni bu gün texnikanın təsiri çoxdur.

Başqa bir nyüans da var, götürək elə Co Dasseni. Səsi yox idi, amma bütün dünyanı zəbt etdi o balaca səsi ilə.
— Geyim stilinizi hər zaman özünüz seçmisiniz?

— Mənim zövq ustadım, zövqdə müəllimim mənim anam olub. Mənim anam çox zövqlü xanım idi. Çox geniş fantaziyası var idi. Bilirsiniz, mən uşaqlıqdan zövqlə geyinməyi xoşlamışam. Məsələn, məktəbdə may ayında brici geyinərdim. O zaman brici dizdən aşağı dəb idi. Ağ köynək, qırmızı pioner qalstuku, corab, ayaqqabı, hamısı təzə olardı və mən çox sevinərdim. Hərdən evdə mənə deyərdilər, «Ay Yalçın, 10 manat pulun vardı, aparıb onun hamısını geyimə verdin, bəs sabah sən necə yaşayacaqsan?»

Bilirsiniz, mən heç zaman istəmirəm ki, mən yoldan keçəndə desinlər ki, «Onu tanıdın, kim idi? Yalçındı da, Rzazadə, o da qayıdıb, vay-vay, gör nə günə qalıb bu Yalçın!», yəni ondansa, ölüm yaxşıdır. Mən bu gün də hər hansı bir paltarı alanda uşaq kimi sevinirəm.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 181