Muəllif:

Yalanı ovuclayıb udmağa hazırıq

Ankara
Müdriklər demişlər ki, yalan ayaq açar, yeriməz. Doğrudan da, buna inanmaq istərdim. Lakin gerçək həyat mütəmadi olaraq əksini sübut edir. Bəzən düşünürəm ki, əksər hallarda toplum gerçəkləri dəyişmək əvəzinə yalanı həqiqət kimi qəbul etməyə üstünlük verir. Söhbət, sözsüz ki, hər toplumdan deyil, Azərbaycan toplumundan gedir. Böyük fransız mütəfəkkiri Deni Didro iddia edirdi ki, «xoşumuza gələn yalanları ovuc dolusu uduruq, lakin acı həqiqətləri qurtum-qurtum içirik».
Düşünürəm: görəsən, doğrudan da, yalanı gerçək kimi qəbul edib xülyalar aləmində yaşamaq insana ləzzət verir? İnanmıram. Əslində insan başqaları tərəfindən axmaq yerinə qoyulduğundan çox dərin mənəvi əzablar çəkməlidir. Başqa cür ola bilməz. Amma yenə də yalanı ovuclayıb udmağa hazırıq. Nədən?!
Bu günlərdə Türkiyədə ən dəbdə olan bir şüar var: «Hər yer Taksim, hər yer dirəniş». Bu, «narazılar»ın şüarıdır. Bu şüar türklər üçün gəlişi gözəl bir aforizm deyil. Bu, türk toplumunun həyat fəlsəfəsidir. Özü də bu həyat fəlsəfəsi çox bəsit bir formula əsaslanır: birincisi, gerçək nə qədər acı olsa da, onu olduğu kimi qəbul etməlisən. İkincisi, bu gerçəyi istədiyin yöndə dəyişmək üçün dirənməlisən, mücadilə etməlisən.
Necə deyərlər, yeddidən yetmişə qədər narazı hər kəs meydanlara axışdı. Hər biri sözün əsl mənasında döyüşə getdiyini çox gözəl anlayırdı. Yəni çox gözəl anlayırdılar ki, şiddətə, bir çox hallarda aşırı polis müdaxiləsinə məruz qalacaqlar. Buna hazır gəlirdilər. Özü də hər gün. Dirənənlər arasında yuxarı sinif şagirdləri, tələbələr, müəllimlər, fəhlələr, yəni sıradan vətəndaşlarla yanaşı milyonların sevimlisi və milyonları olan aktyorlar, müğənnilər, yazıçılar da vardı. Onlar da hamı kimi Taksimdə gecələyirdilər. Onlar da hamı kimi polis dayənəyinin, bibər qazının ləzzətini dadırdılar.
Daha bir cəhətə diqqət verdim. Adi günlərdə cangüdənsiz bir addım belə atmayan bu tanınmışlar o təhlükəli ortamda tam müdafiəsiz və mühafizəsiz qalmışdılar. Sıradan olan insanlarla eyni aqibəti, eyni taleyi bölüşməyə hazır idilər. Axı nədən?! Cavabı yenə də çox bəsitdir. Tam fərqli dünyalara mənsub olmalarına baxmayaraq, bu qısa bir vaxt kəsimində onları ümumi dəyərlər uğrunda mübarizə birləşdirirdi, barabərləşdirirdi.
Bu dirəniş bitəndən sonra onlardan hər biri öz yolu ilə gedəcək. Amma bu vaxt kəsimində onların hamısı birlikdə idilər. İyunun 13-də Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan dirənişçilərə Taksimi boşaltmaq üçün 24 saat vaxt verdi. Ata-analara müraciət etdi: «Gəlin övladlarınıza sahib çıxın. Onların güvənliyi üçün heç bir təminat yoxdur». İyunun 13-dən 14-nə keçən gecə dirənişçilərin anaları Taksimə çıxdı. Onlar öz övladlarını qorumaq üçün Gəzi parkı ətrafında anaların canlı zəncirini yaratdılar. Bu günlərdə mən daha bir həqiqəti dərk etdim. Sirr deyil ki, son 50-60 ildə Türkiyədə dəfələrlə dövlət çevrilişi olub. Dəfələrlə hərbçilər ya hakimiyyəti ələ keçiriblər, ya da hakimiyyətin dəyişdirilməsinə nail olublar. Bu tip hadisələr bir çox Avropa ölkələrində də baş verib, məsələn, İspaniyada, Yunanıstanda, Portuqaliyada. Bu ölkələri uzun müddət hərbi diktaturalar idarə edib.
Məni həmişə bir sual maraqlandırırdı: nədən hər dəfə dövlət çevrilişlərindən sonra yuxarıda sadalanan Avropa ölkələrindən fərqli olaraq, Türkiyədə hərbçilər çox qısa müddətdə seçkilər keçirərək hakimiyyəti mülki siyasətçilərə təhvil verirdilər. Özü də bir çox hallarda bu seçkilərin nəticəsində hakimiyyətə hərbçilərin siyasi opponentləri gəlirdilər. Məsələn, 1980-ci ildəki dövlət çevrilişindən sonra 1983-cü ildə keçirilən ilk parlament seçkilərində Turqut Özalın lideri olduğu «Ana vətən» Partiyası qalib gəldi. Özü də bu partiyanı Turqut Özal 1983-cü il parlament seçkilərinə bir neçə ay qalmış yaratdı.
Axı nədən Türkiyədə hərbçilər hakimiyyəti yuxarıda sadalanan Avropa öləkələrində olduğu kimi uzun müddətə əllərində saxlamağa çalışmayıblar?!
Onların sözün əsl mənasında demokrat bir təfəkkürə malik olduqlarını düşünəcək qədər sadəlövh deyiləm. Yəqin ki, onların milli-dövlət maraqları haqqında öz anlayışları vardı. Amma hakimiyyət şirin şeydir. Bir də, unutmaq lazım deyil ki, söhbət «heç kimin könlünə dəyməmək üçün bir soldan, bir sağdan asdığını» etiraf edən general Kənan Evrendən gedir. Maraqlısı odur ki, XX əsrin ən amansız diktatoru kimi Kənan Evrenin də hobbisi rəssamlıq idi. Belə bir adamın qeyri-məhdud hakimiyyətdən demokratik dəyərlər və ya milli dövlət maraqları naminə imtina etdiyinə kim inanar. Bəs onda hakimiyyətdən imtinanın əsl səbəbi nədir? Özü də nəzərə almaq lazımdır ki, K.Evren Türkiyə tarixində hakimiyyətdən «könüllü» imtina edən nə birinci, nə də sonuncu hərbçi idi. Deməli, K.Evreni və başqalarını bu qeyri-məhdud hakimiyyətdən imtinaya məcbur edən çox ciddi bir səbəb vardı. Məqaləni yazarkən Osmanlı tarixini gözümün qarşısında canlandırmağa çalışdım. Etiraf etməliyəm ki, məni Osmanlı tarixinin bilicisi saymaq olmaz. Amma yadıma düşdü ki, Türkiyə Mustafa Kamal Atatürk tərəfindən respublika elan olunana qadər Osmanlı imperiyası 600 ildən artıq mövcud olub. 1299-cu il Osmanlı imperiyasının yaranış tarixi kimi qəbul olunur. Bir qədər maraqlanıb öyrəndim ki, bu altı yüz il ərzində cəmi bir neçə dövlət çevrilişi olub, hamısı da uğursuz.
Misal üçün, Burbonlar Fransada 1589-cu, Romanovlar Rusiyada 1613-cü ildə hakimiyyətə gəlmişdilər. XIX əsr böyük Fransa inqilabından bir müddət keçəndən sonra Burbonlar hakimiyyətə qayıtsalar da, xanədan hakimiyyətinin əvvəlki gücünü bərpa edə bilmədilər. Əslində Burbonların Fransadakı gerçək hakimiyyəti 200 il davam etdi. Romanovlar 300 il hakimiyyətdə oldular. Amma bu dövrdə xanədandaxili bir neçə çevriliş oldu.
Düşünürəm ki, Osmanlı dönəmindən başlamış Türkiyədə dövlət çevrilişlərinin nəticə etibarı ilə uğursuzluğu toplumun qeyri-legitim hakimiyyətə qarşı dözümsüzlüyü olub. Respublika dönəmində də hər dövlət çevrilişindən sonra hərbçiləri də qeyri-məhdud hakimiyyətdən imtinaya məcbur edən də, yəqin ki, bu amil idi. Onlar gözəl anlayırdılar ki, bu yalanı topluma «yedirdə» bilməyəcəklər. Çünki toplum həmişə «dirənməyə» hazırdır.
Biz isə bir toplum kimi «dirənməyə» hazır deyilik. Qorxuruq. «Dirənişin» acı sonuclarını göz önünə alaraq yalanı gerçək kimi qəbul etməyi üstün tuturuq. «Ağa deyir sür dərəyə, sür dərəyə» prinsipini rəhbər tutaraq özümüzü qul psixologiyasının hökmünə təhvil veririk. Nəticədə bir suala da siz özünüz cavab verin: «Bir millət, iki dövlət» şüarı doğrudanmı gerçəyi əks etdirir?!»…
[email protected]

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 236