Yalamadan Rusiyaya qaça bilmədi
Bakı şəhər Prokurorluğu Nizami rayonunda törədilən ölümə qəsd hadisəsi ilə bağlı məlumat yayıb. Nizami rayon prokurorluğu və rayon Polis İdarəsi əməkdaşlarının istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində qəsdən adamöldürməyə cəhd etmiş və hadisə yerindən qaçmış şəxsin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunması təmin edilib.
Fevralın 9-da saat 23:30 radələrində Səlimov Sadiq İsbat oğlunun çoxsaylı xəsarətlərlə xəstəxanaya daxil olması faktına görə rayon prokurorluğunda CM 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanaraq zəruri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
Müəyyən edilib ki, həmin tarixdə S.Səlimov Nizami rayonundakı «Azər» kafesində tanışları ilə birlikdə spirtli içki qəbul edərkən Məmmədov Vüqar Zeynal oğlu ilə aralarında mübahisə yaranıb və kafenin həyətində sonuncu qəsdən öldürmək məqsədilə üstündə gəzdirdiyi bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı kəsici-deşici xəsarətlər yetirərək hadisə yerindən qaçıb.
Fevralın 18-də saat 3 radələrində V.Məmmədov Yalama stansiyasının sərhəd keçid məntəqəsindən Rusiyaya keçmək istərkən tutulub. V.Məmmədova CM-nin qeyd edilən maddəsi ilə ittiham elan edilməklə barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.