Ya «Bakı», ya “Xəzər Lənkəran”
Sabah futbol üzrə Azərbaycan çempionatında təsnifat mərhələsinin son turu başlanır. Çempionatın medalları uğrunda mübarizə aparacaq ilk “altılıq” iştirakçılarından sonuncusu məhz bu turda bəlli olacaq. Son tura qədər 5 komanda ilk “altılıq”da oynamaq hüququ qazanıb. Bunlar, “Neftçi”, “İnter”, “Qarabağ”, “Simurq” və bu vəzifəni ötən tur həll edən “Qəbələ”dir. Hazırda isə nəzəri baxımdan 3 komanda ilk “altılığ”a düşmək şansını saxlayır. Bunlar hər birinin hesabında 27 xal olan “Bakı” və “Xəzər Lənkəran”la yanaşı, 26 xalı olan AZAL-dır. Buna görə də, təsnifat mərhələsinin son turu bütün suallara aydınlıq gətirəcək. Bu baxımdan bütün diqqətlər “Bakı“, AZAL və “Xəzər Lənkəran”ın iştirakı ilə keçiriləcək oyunlara yönəlib. Bu 3 komanda arasında “Bakı”nın vəziyyəti daha əlverişlidir. Bu da ona görədir ki, paytaxt komandasının taleyi öz əlindədir. “Zolaqlılar” “Rəvan” üzərində qələbə qazanacağı təqdirdə, ilk “altılıq”dakı yerini təmin edəcəklər. XXII turun bütün oyunları eyni gündə — martın 3-də keçiriləcək.
Turun digər vacib oyunu Lənkərandadır. Son turda “Qəbələ”yə məğlub olaraq, ilk “altılıq” şanslarını xeyli azaldan “Xəzər Lənkəran” doğma meydanda “Sumqayıt”ı qəbul edəcək. «Ağ-yaşıllar» bu görüşdə qələbə qazansalar belə, “Bakı” – “Rəvan” matçının nəticəsini gözləyəcəklər. Yalnız “zolaqlılar” xal itirəcəkləri halda, cənublular ilk “altılığ”a vəsiqə qazanacaqlar. Bu matçın nəticəsi “Sumqayıt” üçün də önəm daşıyır. “Gənclik şəhəri” təmsilçisi səfərdə qələbə qazanmaqla autsayderlər qrupundan çıxmaq niyyətindədir.
İlk “altılığ”a düşmək istəyən AZAL isə yalnız möcüzəyə ümid edir. Çünki “təyyarəçilər”in taleyi “Bakı” və “Xəzər Lənkəran”dan asılıdır. Yalnız bu komadaların büdrəyəcəyi, “təyyarəçilər”ın isə qələbə qazanacağı təqdirdə, mükafatlar uğrunda mübarizəyə qoşula biləcəklər. Ancaq bu, elə də inandırıcı görünmür. Birincisi, həm “Xəzər Lənkəran”, həm də “Bakı” əlinə düşən son fürstədən maksimum yararlanmağa çalışacaq. İkincisi isə AZAL XXII turda heç də zəif olmayan “Qəbələ” ilə qarşılaşacaq. Bu əyalət klubu isə avrokuboklara vəsiqəni hədəflədiyindən AZAL-la oyunda xal qazanmağa çalışacaq.
Turun maraqlı qarşılaşmalarından biri də “Qarabağ” və “İnter” arasındadır. Ötən tur “Neftçi”yə məğlub olmaqla liderliyi əldən verən “bankirlər” səfərdə “Qarabağ”ın qonağı olacaq. Çempionluğa iddiası olan bu komandandaların qarşıdurması olduqca maraq doğurur. Həm “Qarabağ”, həm də “İnter” zirvədən uzaqlaşmaq istəmirlər. Bu baxımdan hər iki komanda meydana maksimum nəticə üçün çıxacaq. “Bankirlər” qələbə qazansalar, “Qarabağ”la xal fərqini 5-ə çatdıracaq. Ağdam klubunun qalib gələcəyi halda isə “İnter”i ikinci pillədən sıxışdırıb çıxaracaq.
Autsayder “Kəpəz” səfərdə “Simurq”la qarşılaşacaq. Bu mövsümdə Avroliqaya vəsiqə qazanmaq istəyən “Simurq” xal ehtiyatını artırmaq üçün əlinə düşən imkandan faydalanmağa çalışacaq.
Ötən tur “İnter”i məğlub edib turnir cədvəlində liderliyi ələ keçirən “Neftçi”ni təsnifat mərhələsinin son oyununda zəif rəqib gözləyir. “Ağ-qaralar”ın “Turan”la oyunda rahat qələbə qazanacağı heç kimdə şübhə doğurmur. “Neftçi” növbəti 3 xalı aktivinə yazıb, liderliyini daha da möhkəmləndirə bilər.
Azərbaycan çempionatı: XXII tur. 3 mart.
“Qarabağ” – “İnter”, “Kəpəz” – “Simurq”, “Bakı” – “Rəvan”, “Xəzər Lənkəran” – “Sumqayıt”, “Turan” – “Neftçi”, AZAL — “Qəbələ”.