Muəllif:

Xoş arzularda — «A» planı

Ankara
Əslində vəziyyəti ən dəqiq şəkildə dəyərli bəstəkar və vicdanlı vətəndaş Elmir Mirzoyev dəyərləndirdi:»Hər hansı bir işi görürüksə, bu zaman B planından əvvəl A planının özü mövcud olmalıdır. Amma heç bir iş yalnızca A planı ilə qurulmaz, əks halda uğursuzluğa düçar ola bilər. Hazırda isə belə bir təəssürat yaranır ki, nəinki B planı, heç A planının özü də yoxmuş. Yoxsa yanılıram?» Məncə, xeyr. «Şura»çı dostların xoşuna gəlməsə də, Elmir bəy haqlıdır.
«Ayna»da keçən yazımda Azərbaycan müxalifətinin tələm-tələsik — «birlik xatirinə» elan elədiyi Milli Şuranın istər strateji, istərsə də taktik məsələlərdə ortaq fikrə gələ bilmədiyinə işarə eləmişdim. O yazıdan bir gün sonra taktik dediyimiz məsələnin — prezidentliyə namizədlik probleminin həllini tapdığı elan edildi. Milli Şuranın vahid namizədinin Rüstəm İbrahimbəyov olduğu açıqlandı. Qərarın tələsik və zorlama olduğunu söyləməyə məncə ehtiyac belə yoxdu — «sovet dövründən qalma ikili vətəndaşlıq (???)» problemi olan və ölkəyə gəlib-gəlməyəcəyi onu cani-dildən dəstəkləyənlərdə də sual doğuran namizədlə seçkilərə gedəcəyini açıqlamaq böyük hədəflər üçün yarandığı bildirilən Milli Şura kimi iddialı bir qurum üçün ciddi başlanğıc sayıla bilməz.
Söhbət Rüstəm İbrahimbəyovun şəxsiyyətindən və ya onun namizədliyə layiq olub-olmamasından getmir. Söhbət ondan gedir ki, müxalifətin hüquqi vəziyyətinin ən kiçik şübhə doğurmadığı hallarda belə sudan bəhanələrlə qeydiyyat, kampaniya və s. problemlər yaratmaqda usta olan Azərbaycan hakimiyyətinə bəri başdan bu qədər ucuz və asan arqument verməmək lazım idi. Rüstəm İbrahimbəyovun seçkidə iştirak etmək və hətta bütün müxalifətin namizədi olmaq iddiası vardısa, ətrafında olan hörmətli seçki və konstitusiya hüquqçularının vaxtında və əllərinə-üzlərinə bulaşdırmadan bu problemi həll etməsi lazım idi. İndi bəziləri Rüstəm İbrahimbəyovun namizədliyi elan olunduqdan sonra ikili vətəndaşlıqdan imtina etdiyinə dair bəyanatını əsas gətirərək problemin bununla həll olunduğunu iddia edirlər, amma bəyanatla vətəndaşlıq bitmir. Hüquqi prosedur başladılıbmı? Başladılıbsa, namizədliyin qeydə alındığı müddətə qədər bu prosedurun tamamlanması mümkündürmü? Azərbaycan hakimiyyətinin bu prosedurun tamamlanmasına müdaxilə etmək imkanları varmı? Bu sualların cavabı kimsəyə aydın deyil. Və üstəlik, cavablar aydın olmadığı kimi, eynilə Azərbaycan iqtidarının illərdir həyata keçirdiyi və bizim tənqid etdiyimiz metodla qanunun, konstitusiyanın yanlış təfsirləriylə bu biabırçı situasiyadan çıxış yolları axtarılır. Məsələn, hörmətli Eldar Namazov deyir ki, Konstitusiya Məhkəməsinin xarici dövlətə vergi ödəyicisi olan şəxsin prezidentliyə namizəd ola bilməyəcəyi ilə bağlı şərhi Rəsul Quliyevə görə qəbul edildiyi üçün Rüstəm İbrahimbəyova tətbiq edilə bilməz. Bu cümlədə yeganə doğru fikir şərhin Rəsul Quliyevə görə qəbul edilməsidir. Yəni Konstitusiya Məhkəməsi bu şərhi Rəsul Quliyevə görə verib. Amma o şərhin içində, altında, üstündə Rəsul Quliyev adı keçirmi? Konstitusiya Məhkəməsinin normativ xakarter daşıyan bir şərhinin bir nəfərə tətbiq olunub, eyni hüquqi vəziyyətdə olan başqa birinə tətbiq edilməməsini söyləmək hansı siyasi və hüquqi məntiqin məhsuludu? O başqa məsələ ki, bu şərh də Azərbaycandakı bir çox şərhlər, qərarlar, normativ aktlar kimi siyasi xarakterlidir. Amma o konyunktur — yəni hakimiyyətin maraqlarına xidmət edən qanunlar, qərarlar, normativ aktlarla seçkiyə getmirikmi? Fəaliyyətimiz o siyasi xarakterli konstitusiya və qanunlarla tənzimlənmirmi? Bu halda bir az ciddi olmaq və konstitusiyanı, qanunları istədiyi kimi təfsir edən hakimiyyətdən fərqlənmək lazım gəlməzmi? Fakt budur ki, Milli Şuranın vahid namizədinin qeydiyyata alınmaması kimi çox ciddi təhlükə var və müxalifət bu təhlükəni bilə-bilə qərar verməklə tələsik davranıb. Yəni bütövlükdə hamının üzərində anlaşdığı və hakimiyyətə hüquqi-siyasi bəhanələr verməyəcək A planı olmayıb!
Müsavat Başqanı Milli Şuranın namizəd elan olunan iclasında Rüstəm İbrahimbəyovun namizədliyini dəstəklədiyini, ancaq partiyasının qərarının da İbrahimbəyovun namizədiyinin qeydə alındığı günə qədər qüvvədə qaldığını bildirib. İsa Qəmbərin təklif etdiyi B planının tərcüməsi budur — Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınmasa, Müsavat Partiyası seçkiyə öz namizədiylə gedəcək. Bu mövqe Milli Şurada fikir ayrılığına səbəb olub və bu fikir ayrılığı istər mətbuatda, istər sosial mediada ittiham xarakterli qarşılıqlı mübahisələrlə, müxalifətin ənənəvi «mən birlik tərəfdarıyam, sən satqınsan» dartışmalarıyla davam edir. Rüstəm İbrahimbəyov ilk gün öz namizədliyi qeydə alınmayacağı təqdirdə İsa Qəmbərin namizədliyini dəstəkləyəcəyini bildirib, lakin üç gün sonra verdiyi açıqlamada bu mövqeyə qarşı çıxıb. Xalq Cəbhəsi rəsmiləri isə «Ya Rüstəm İbrahimbəyov, ya boykot» kursunu dəstəklədiklərini bəyan ediblər. Onların iddiasına görə, İsa Qəmbərin mövqeyi ona gətirib çıxara bilər ki, hakimiyyət müxalifəti parçalamaq üçün Rüstəm İbrahimbəyovun namizədliyini qeydə almaya bilər. Ona görə də bütün müxalifət hər hansı B variantı üzərində düşünmədən Rüstəm İbrahimbəyovun namizədliyinin qeydə alınması üçün mübarizə aparmalıdır, mübarizə nəticə verməsə də seçkiləri boykot etməlidir.
Rüstəm İbrahimbəyovun namizədliyinin qeydə alınmaması üçün hakimiyyətə verilmiş çox gözəl hüquqi bəhanə ortadaykən «günah keçisi» axtarmaq nə qədər səmimi narahatlıqdır, onu bir tərəfə qoyuram. Daha mühüm olan məsələnin ikinci tərəfidir — yəni müxalifətin bir hissəsinin «ya Rüstəm İbrahimbəyov, ya boykot» təklifi. Bu təklifin müəllifləri Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınmayacağı təqdirdə seçiləcək boykot taktikasının daha təsirli olacağını, hətta bir az da irəli gedərək Qərbin seçkilərin nəticələrini tanımayacağını iddia edirlər. Amma siyasəti müəyyənləşdirən amil xəyallar və ümidlər olmamalıdı. Azərbaycan müxalifətinin boykot etməsi durumunda Qərbin seçkinin nəticələrini tanımayacağı hansı reallığa, hansı imkanlara və hansı faktlara əsasən iddia edilir? İnsanların göz görə-görə şərlənməsinə, uydurulmuş ittihamlarla həbsə atılmasına, həyatıyla, gələcəyiylə oynanılmasına, aşağılanmasına sadəcə «narahatlıq» ifadə etməklə münasibət bildirən Qərbin seçkinin nəticələrini tanımamaq kimi prinsipial mövqe nümayiş etdirəcəyini iddia etməyin adı ya özünü, ya da müxalif elektoratı aldatmaqdı.
Mən müxalifət seçkidə iştirak edəcəyi təqdirdə çox ciddi dəyişikliyin olacağına inanan nikbinlərdən də deyiləm, təəssüf ki. Amma əvvəla, seçkidə iştirakın siyasi partiyaların, siyasətçilərin siyasətdə qalmaq, siyasətə davam etmək formalarından biri olaraq vacibliyinə inanıram; ikincisi, müxalifətin seçkidə iştirakla hakimiyyətin başını ağrıtması ehtimalının boykotun təsirindən dəfələrlə yüksək olduğuna əminəm. İndiki situasiyada boykot, yalnız və yalnız özünü, öz fəaliyyətinin boykotdur…
*****
Əslində bu yazıda Yadigar Sadıqovdan yazacaqdım. Yalnız Müsavat Partiyasının deyil, bütövlükdə müxalifət düşərgəsinin ən mübariz, ən fədakar isimlərindən. Hətta onu və bütövlükdə müxalifəti düşmən sayanlara münasibətdə belə söyüş, qabalıq tərəfdarı olmayan, bütün platformalarda düşüncəsini kifayət qədər azad və tərbiyəli şəkildə ifadə eləməyi bacaran, hətta bəzən təmsil olunduğu düşərgənin, partiyanın düşüncələrinə tərs düşsə belə, inandığı doğrunu «məhəllə basqısı»ndan çəkinmədən müdafiə eləməyi bacaran DEMOKRAT müsavatçıdan. Azərbaycanda digər dəyərlər kimi heç bir hörməti-urvatı olmayan Qarabağ qazisinin, Qarabağ şəhidinin haqqını araşdıran, yazan, müdafiə edən və məhz Qarabağ qazisi olduğu iddia edilən birinin əliylə şərlənən AYDIN insandan. ..
Amma əminəm ki, həbsdəki tək sıxıntısı seçki prosesində aktiv iştirakdan kənarda qalmaq olan Yadigar bəy də bu gün bu yazının yazılmasını istərdi…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 263