Muəllif:

Xorla oxumaq mədəniyyəti

İki gün əvvəl Bakıda hamılıqla Ümumdünya Mətbuat Azadlığı gününü qeyd edirdik. Qeyd edirdik, deyəndə, söhbət heç bir bayram şənlikləri-filandan getmir. Bu sahədə bayram ediləsi bir şey də qalmayıb. Sadəcə olaraq, hərə bir guşəyə çəkilib özü deyib, özü də eşitdi, çünki bizdə özgəsini dinləmək kimi bir vərdiş yoxdur. Hərçənd, dinləyə bilmək üçün qarşındakını gərək eşitmək istəyəsən. Bu istəksə bizdə heç olmayıb.
Bu günlərdə böyük xanəndəmiz Xan Şuşinskinin həyat və yaradıcılığını özündə əxz edən saytın təqdimatında çıxışçılardan biri ustadın ifaçılıq məharətindən danışarkən birdən qayıtdı ki, Azərbaycan xalqında xorla mahnı oxumaq ənənəsi, mədəniyyəti olmasa da, onun fərdi ifaçılarına çatan yoxdur. Qəribə olduğu qədər də, millətin bir çox probleminin məhz bunda olduğunu bir daha sübuta yetirən müşahidədir. Çıxışçının sonrakı sözlərindən sezdim ki, o bizim bir millət kimi xorla oxuya bilməməyimizdə heç bir qəbahət görmür, əksinə, bunu üstünlük sayır. Bu yerdə milli jurnalistikamızın çox nurlu və dəyərli simalarından olan mərhum Hacı Hacıyevlə təxminən 20 il əvvəl Berlindəki bir söhbətimiz yadıma düşdü. Oradakı səliqə-sahman, təmizlikdən irəli gələn mədəniyyətdən danışanda mən də xoru bəyənməyən həmin o çıxışçı kimi dedim ki, almanların məişət mədəniyyətinin səviyyəsi yüksəkdirsə, bizim də Xaqani, Nizami, Nəsimi, Füzuli və daha kimlərimiz var. Rəhmətlik dünyagörmüş adam idi, gülümsünüb dedi ki, millətin mədəni səviyyəsi ayrı-ayrı, hətta dahi fərdlərlə belə ölçülmür. Qanun-qayda, səliqə-sahman ümumi mədəni səviyyədən asılıdır.
İndi deyəcəksiniz ki, söz azadlığından başlayıb keçdi xora, ordan da ümumi mədəni səviyyəyə. Yazımın əvvəlində qeyd etdiyim kimi, söz azadlığından danışdıq, amma hərə bir yanda. Eyni gündə və eyni zamanda sanki bir-birinin bəhsinə keçirilən iki tədbir oldu. Biri dedi söz azadlığı yoxdur, digəri bunun tam əksini əlində bayraq etdi. Beynəlxalq struktur və səfirliklərin nümayəndələri də xor mədəniyyətimiz olmadığından qalmışdılar odla-suyun, daha doğrusu, Ekselsior oteliylə Beynəlxalq Mətbuat Mərkəzinin, arasında. Bir sözlə, o taylı-bu taylı həmkarlarım məndən inciməsin, amma bu tədbirlərin heç biri, təbii ki, mənim aləmimdə, bizi söz və mətbuat azadlığına bir zərrə qədər də yaxınlaşdırmadı. Hərə elə öz dediyini dedi, ortalığa bir əməli iş çıxartmadı. Çıxartmaq istəyənlərə də məhəl qoymadılar.
P.S. Hollivudun «Krallıq» adlı növbəti savaş filmində hadisələr hansısa bir ərəb ölkəsində cərəyan edir. Bu dəfə terror qurbanlarının arasında MKİ işçisi də olur və təbii ki, onun qanı yerdə qalmasın deyə, MKİ «rəhmətliyin» dostları və həmkarlarından ibarət xüsusi qrup formalaşdıraraq ərəb krallığına göndərir. Qrup üzvü olan bir xanım dostlarının ölüm xəbərini eşidəndə hönkürür və heç cür özünü ələ ala bilmir. Bunu görən qrup rəhbəri onun qulağına nə pıçıldayırsa, xanım həmən toxtayır. Bu filmin əvvəlində olur, sonunda isə MKİ qisasçıları terrorçubaşını evindəcə yaxalayıb öldürəndə, bu dəfə onun balaca qız nəvəsi ağlayır. İndi də ölüm ayağında olan baba-terrorçu nəvəsinin qulağına nə isə pıçıldayır və qızcığaz göz yaşlarını silib sakitləşir. Filmin finalında paralel olaraq iki səhnə canlandırılır — birində amerikalı komandirindən, digərində isə anası qızından soruşur ki, sənə nə dedilər ki, toxtadın. Cavab heyrətamiz və eyni zamanda da faciəvi həqiqətlərdən xəbər verir: «Biz nəyin bahasına olursa-olsun, onların hamısını öldürəcəyik». Film elə beləcə də bitir.
Allah bizi özümüzdən qorusun!

Aynanın yeni köşə rubrikasından.

 

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 420