Xocalı-Gədəbəy mədəniyyəti: saxtalaşdırılmış tarix
Uzun illərdir qafqazşünaslıq tədqiqatları ilə bağlı bütün Qafqazı (Ermənistan xaric) başdan-ayağa dolaşmışdım. Hətta Moskva, Petersburq muzeylərində, arxivlərində belə olmuş, Dərbənd, Mahaçkala, Tiflis muzeylərində, arxivlərində, fondlarında da xeyli araşdırmalar aparmışdım. Çeçenistan, İnquşetiya, Şimali Osetiya kimi qaynar nöqtələrə belə gedib çıxmış, son 100-150 il ərzində Qafqazda aparılmış bütün arxeoloji materialları, xüsusən tunc dövrü materiallarını bir daha özüm tədqiq edərək yeni aspektlər ortaya çixarmağa çalışırdım.
İndiyə qədər yalnız Azərbaycanda 20-ə qədər döyüşçü qadın qəbri (Amazon qəbirləri) aşkar etmişdim. Amma qəribə burasında idi ki, arxeoloqların çox çətinliklə fond və arxivlərdə tapdığım hesabatlarında, məqalələrində əksini tapan qadın qəbirlərindən aşkar edilmiş çox sayda bəzək əşyalarını, silahları muzeylərdəki, fondlardakı eksponatlar arasında tapa bilmirdim. Hətta məşhur arxeoloq Saleh Qazıyev 1949-cu ildə Mingəçevirdə aşkar etmiş olduğu qadına aid olan taxta qutu qəbirdə qılınc və xəncər aşkar etdiyini yazmışdır. Bu qəbir bu gün də Mingəçevir tarix muzeyində saxlanır. Qəribə orasıdır ki, qəbirdən çıxmış avadanlıq, bəzək əşyaları ölünün yanına qoyulsa da, qılınc və xəncər yox idi. Kağız üzərində tapdığım, şəkillərini gördüyüm silahlar, bəzək əşyaları və yüzlərlə tunc dövrünə aid olarn materiallar tapılmırdı ki, tapılmırdı. Bəs bu materiallar harda ola bilər axı, deyə işimə davam edirdim.
Son 100-150 ilin materiallarını ayaqdan-başa, başdan-ayağa gözdən keçirdikdən sonra Almaniyanın müxtəlif arxiv və kitabxanalarında araşdırmalara ümidsizcəsinə davam edirdim. Nəhayət, xarici səyyahların, həvəskarların Qafqazdakı arxeoloji qazıntılarının qaynar izinə düşə bildim. İnana bilməyəcəyim böyük bir tarixi-arxeoloji xəzinənin üstünə gəlib çıxmağım məni sarsıtmışdı. 40-50 ilin tarixçilərinə belə bir tapıntı nəsib olmazdı. Gözlərimə inana bilmirdim. Arxeoloq dostlarım deyirlər ki, «Sən nə şanslı tədqiqatsısan!»
Belə ki, XIX əsrin ortalarından XX əsrin əvvəllərinədək (1920) Gədəbəy bölgəsində alman «Simens» şirkəti mis və qızıl emalı ilə məşğul olmuşdur. Fabrik binası üçün təməl qazılarkən adi bir işçi yerdən çıxmış silah və bəzək əşyalarını fabrikin direktoruna hədiyə edir. Direktor isə bunları Berlində dostluq elədiyi məşhur alman həkimi və antropoloqu Rudolf Virxova hədiyyə edir. Təbii ki, Virxov bu hədiyyələrin qiymətini dərhal anlayır və o gündən Siemenslə dostluq əlaqələrini kəsmir və Xocalı — Gədəbəy mədəniyyətinin talançılığına köklənir.
«Simens» şirkətində elektrotexnik vəzifəsində işləyən V.Belk 1888-1890-cı illərdə Gədəbəy qəsəbəsi və ətraf ərazilərdə yerləşən 350-dən çox tarixi arxeoloji abidəni (əsasən, qədim qəbir abidələrini, kurqanları və s.) (çoxunu qanunsuz) açaraq oradan əldə etdiyi qiymətli, tarixi materialları gizlincə Almaniyanın Berlin, və digər muzeylərinə ötürmüşdür. Məşhur alman həkimi və antropoloqu R.Virxov «Simens»in rəhbərliyi ilə əlbir olaraq «Simens» Direktorlar Şurasının (geheimrat) xəbəri olmadan cənab Valdemer Belki gizlincə maliyyələşdirmişdir.
Əlbəttə, şad olmaq lazımdır ki, istənilən halda ölkəmizin tunc mədəniyyətinin böyük bir tarixi dövrünü əks etdirən qiymətli arxeoloji materiallar indiyə qədər qorunub saxlanmışdır. Çünki bu nadir tarixi abidələr nəinki ölkəmizdə, Avropanın digər heç bir şəhərində, hətta Rusiyanın Moskva və S.Peterburq muzeylərində də yoxdur. Bu materialların saxlanıldığı muzey 2 dəfə yanğına məruz qalsa da (1901 və 1945), tariximizin bu böyük və qiymətli hissəsinə ciddi zərər toxunmamışdır. Hətta Belkin Gədəbəydən himayəçisi və maliyəçisi Virxova yazdığı məktublar və hesabatlar belə xöşbəxtlikdən salamat qalmışdır. Uzun illər muzeyin zirzəmisində qalan bu materialları nəhayət muzeyin direktoru çap etdirmək qərarına gəlir. Direktor Volfqang Nagel həyat yoldaşı Eva Strommenger ilə birlikdə 1895-ci ildə həmin abidələri özündə əks etdirən «Qalakənd» adlı kataloq nəşr etdirmişdir. Kataloqda artefaktlar və V.Belkin cənab Rudolfa yazdığı məktubların çox hissəsinin orijinalı verilmişdir. Lakin həm məktublarda, həm də hesabatlarda Gədəbəyin Qalakənd, Cənnət Qalası kimi tarixi abidələri yanlış olaraq əksər hallarda Ermənistana aid edilmişdir.
V.Belkin məktublarında və abidələr haqqındakı hesabatlarında Azərbaycanın milli mədəniyyət sərvətləri, kurqanları, qədim yaşayış məskənləri saxtalaşdırılaraq erməni xalqının qədim tarixinə «yazılmış», buradakı alban kilsələri də eyni zamanda qədim erməni kilsələri olaraq verilmiş, alban qəbirləri qədim erməni qəbirləri elan edilmiş, yerli Azərbaycan xalqı isə «tatarlar» adlandırılaraq tədqiqat boyunca dəfələrlə hörmətsizliklə pislənmiş və təhqir edilmişdir. Çox təəssüf ki, kitaba «Giriş» yazan müəlliflər bütün bu yanlış məqamlara aydınlıq gətirməmiş və bu tarixi, arxeoloji, coğrafi, antropoloji və siyasi səhvlər ona gətirib çıxarmışdır ki, Almaniya universitetləri, muzeyləri, tədqiqat institutları, alman tarixçiləri, arxeoloqları tərəfindən yazılmış növbəti əsərlərdə, nəşr olunmuş elmi, tarixi, arxeoloji kitablarda (Prof. R.Virchovdan başlayan və bir çox müasir tədqiqatçılar — Ute Luise Dietz və s) bu günə qədər bu səhvlər müxtəlif formalarda davam etməkdədir.
Məşhur alman həkim-antropoloqu R.Virxov hətta özünün «Über die kulturgeschichtliche Stellung des kaukasus»(Qafqazın tarixi-mədəniyyəti haqqında) adlı əsərində bütün bölgəni Yuxarı Ermənistan, tarixi isə «Qədim erməni tarixi» elan etmişdir. Kitab çoxlu sayda elmi, tarixi, coğrafi səhvlərlə doludur. Nəticədə Xocalı-Gədəbəy mədəniyyətinin orta tunc və ilk dəmir dövrünün çox böyük bir hissəsi yanlış yazılmış bir tarix olaraq bu günə qədər qalmaqdadır.
Məsələ tariximizin yalnız Almaniyada saxtalaşdırılması ilə bitmiş olsaydı, yenə də bəlkə dözmək, susmaq olardı. Məsələ burasındadır ki, Qalakənd kitabı 1999-cu ildə azərbaycan dilinə tərcümə edilərək Diplomat nəşriyyatında çap olunmuşdur. Tərcümədə fırıldaqçı V.Belk alim, arxeoloq böyük şəxsiyyət, vicdanla tədqiqat aparan bir görkəmli alim kimi Azərbaycan elminə sırınmış, onun yazmış olduğu bütün tarixi səhvlərin, təhqirlərin və s.üzərindən bilərəkdən keçilmişdir.
Mən dövlət tərəfindən rəsmən təsdiq olunmuş tərcüməçi olaraq deyə bilərəm ki, bu tərcüməçiliyə çox böyük bir xəyanətdir. Sən bir cümləni bir sözü belə deyişməyə ixtiyarın yoxdur, dərhal sənin möhürün əlindən alınar və sənə tərcümə eləmək ömürlük qadağan edilər. Və bu eyni zamanda elmə də şamil olmalıdır. Fikrimizcə bu, Azərbaycan elmini aldatmaq və tariximizə edilmiş xəyanətləri ört-basdır etməkdir.
Tarixi həqiqətlərin təhrif olunduğu, alman dilində yazılmış bu elmi əsərlər isə olduğu kimi qalır və bu gün də alman alimləri ondan mötəbər elmi mənbələr kimi istifadə edərək Xocalı-Gədəbəy mədəniyyətinin erməni tarixinə aid olduğundan bəhs etməkdədirlər. Bu kitabın azərbaycan dilinə tərcüməsindən sonra onlarla alim, tarixçi, arxeoloq öz əsərlərində, monoqrafiyalarında, dissertasiyalarında bu saxtalaşdırılmış kitabdan mötəbər elmi mənbə kimi istifadə etmişlər və bu günə qədər edirlər. (Bir çox alimlərin stolüstü kitabıdır belə). Ən gülüncü və qəbuledilməz hal isə kitaba tərcüməçi olaraq adını vermiş arxeoloq alim Fatma Abbasova alman dilini bilmirmiş…
Bütün bu saxtakarlıqlara, təhriflərə, tarixin belə oyunbazlığa çevrilməsinə onun necə, hansı elmi vicdanla imza atdığını öyrənməyə çalışsam da, bir nəticə ala bilmədim. Bu çox gülünc bir təbliğat, elmə hörmətsizlik və məsuliyətsizlik deyilmi? Kitabın naşiri Nazim Hüseynli, elmi redaktoru mərhum arxeoloq Rəşid Göyüşov, nəşriyyat redaktoru Nahid Hacızadə olmuşdur. Bizim fikrimizcə, bu Azərbaycan elminə qətiyyən xidmət deyil, əksinə Almaniyada saxtalaşdırılmış, erməniləşdirilmiş tariximizin üstünü qapatmaq, gizlətmək və növbəti yazılacaq tarix kitablarında Xocalı-Gədəbəy mədəniyyətinin erməniləşməsinə şərait yaratmaqdır.
Təbii ki, bu məsələni belə qoymayacağıq. Tariximizi saxtalaşdıranları hər iki ölkədə taparaq məşhər ayağına çəkmək, onlardan hesab sormaq qarşıya böyük bir məqsəd olaraq qoyulmuşdur. Almaniyanın bütün muzeylərindən ölkəmizin qədim tarixinə aid materialları ortaya çıxarmaq, onları yenidən tədqiq edmək, gerçək tarixi olduğu kimi yenidən yazmaq, Valdemer Belk kimi ölkəmizin mədəniyyətinə, tarixinə xəyanət edən saxtakarların, talançıların gerçək üzünü ortaya çıxarmaq bizim alimlik və ən azından vətəndaşlıq borcumuzdur.
Xocalı-Gədəbəy mədəniyyətinə aid olan tunc dövrü materiallarının yenidən işlənməsi və bu tarixin qaranlıq qalmış səhifələri gün işığına çıxarılaraq yenidən yazılmasında bütün tarixçi və arxeoloqlarımızın köməyinə ehtiyacımız vardır.
Azərbaycan mədəniyyətinə, elminə, tarixinə qiymət verməyi bacaran hər bir ziyalı, dövlət xadimi zənnimizcə bizimlə razılaşar ki, yüz ildən artıq bir müddətdə Almaniyada saxtalaşdırılmış, təhrif edilmiş tariximizin yenidən tədqiq edilərək həm alman, həm azərbaycan dillərində kataloqları tərtib edilməli, elmi konfranslar təşkil edilməli, bu materiallar hər iki ölkədə sərgilənməli, beynəlxalq tarixşünaslıqda edilmiş saxtakarlıqlar, təhriflər, səhvlər gün işığına çıxarılaraq öz həqiqi yerini tutmalıdır.
Məqalədə qaldırdığımız problemlə bağlı hər iki ölkənin əlaqədar rəsmi orqanlarına, elmi qurumlarına artıq müraciətlər göndərilmişdir. Əminik ki, hər iki ölkə ikitərəfli elmi-mədəni əlaqələrin inkişafına layiqli bir töhfə olacaq bu işlərə dəstək verəcəklər.
Fevral 2013, Berlin
[email protected]