“Xəzər Lənkəran” rəhbərliyi futbolçuları cəzalandırıb
“Xəzər Lənkəran” futbolçuları cəzalandırılıb. Apasport.az saytının məlumata görə, Topaz Premyer Liqasının XII turunda “Neftçi”yə 1:4 hesablı məğlubiyyət rəhbərliyin səbir kasasını daşırıb.
Bundan öncə doğma azarkeşləri önündə “Qarabağ”a 0:3 hesabı ilə uduzan cənub təmsilçisində ciddi addımlar atılacağı gözlənilirdi. Bu səbəbdən az öncə məşqçilər heyəti, eləcə də futbolçularla klub rəhbərliyi arasında iclas keçirilib. Bu barədə apasport.az saytına komandanın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu məlumat verib.
Klub prezidenti Mais Mənsimov futbolçularla söhbətində qeydə alınan nəticələrin səbəbini soruşub, onların heç bir problemi olmadığı halda, turnir cədvəlinin VIII pilləsində qərarlaşmasının məntiqə uyğun olmadığını bildirib.
Mənsimov iclas zamanı bunları deyib: “Biz rəhbərlik olaraq, üzərimizə düşən hər bir işi edirik. Kimsə durub deyə bilməz ki, mənim pul və ya mükafat problemim var. Bütün mükafat və maaşlar vaxtında ödənilir. Əvəzində siz nə etmisiniz? Komandanın VIII yerdə qərarlaşmasına görə heç vicdanınız sızıldayır?”
İclasda baş məşqçi Con Toşak və bəzi futbolçuların da fikirləri dinlənilib. Yekun olaraq futbolçulara və məşqçilər korpusuna ciddi xəbərdarlıq edilib və pul cəzaları tətbiq olunub.
Qeyd edək ki, “Xəzər Lənkəran” növbəti turda daha bir ciddi rəqiblə qarşılaşacaq. Cənublular bu dəfə “ilk 3-lüy”ün digər təmsilçisi “Qəbələ”ni qəbul edəcək