Xeyirxahlıq adı ilə dələduzlar peyda olub
Bir qrup şəxs kasıblara ehsan verəcəkləri adı ilə şəhər sakinlərinin mərhəmət hissilə oynayırlar. Bu haqda Turan-a Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) bildirilib. Belə ki, paytaxtın mərkəzi küçələrində peyda olan bir qrup şəxs əllərində ərəb dilində yazılan vərəqələri insanlara təqdim edərək əvəzində pul toplayırlar. Bu haqda QMİ-yə bu faktla üzləşmiş bir sıra şəxslər məlumat veriblər.
İnsanların bu pulları niyə topladıqları haqda suallarına pul yığanlar “Əjdər bəy” məscidində (Göy məscid) kasıblara ehsan verəcəklərini söyləyiblər. Bir qrup şəxsin insanların mərhəmət hisislə belə oynamasını QMİ “xeyirxahlıq adına dələduzluq” adlandırır. “Turan”ın əlaqə saxladığı “Əjdər bəy məscidi” icması hər hansı ehsan üçün heç zaman insanlardan pul toplamadıqlarını, bütün xeyriyyə işlərini icmanın daxili imkanları hesabına reallaşdırdıqlarını nəzərə çatdırıblar. İcma bu insanların addımını həm də “dini gözdən salmaq cəhdi” kimi dəyərləndirib.