Xəlil Akıncı: Türkmənistan və Özbəkistanı da aramızda görmək istəyirik
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı keçirdiyi mətbuat konfransında deyib ki, dövlət başçılarına 300 səhifəlik hesabat təqdim etmişlər. Onlar ötən il 20-dən artıq toplantı keçirmişlər. Hədəf ölkələr arasında əlaqələri daha da inkişaf etdirməkdir. Xəlil Akıncı deyib ki, onlar qısa müddətdə Türkmənistan və Özbəkistanı da aralarında görmək istəyirlər.
Sammitdə universitetlər birliyinin yaradılması, idman, mədəniyyət, nəqliyyat, gömrük sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub. Gömrük sahəsində əməkdaşlıq üçün yük daşınmalarının təşviqi planlaşdırılıb.
Sammitdə eləcə də Dağlıq Qarabağ, Kipr, Əfqanıstan və Suriyaya dair məsələlər də müzakirə edilib. Sentyabr ayında Nyu-Yorkda türkdilli dövlətlərin xarici işlər nazirlərinin növbəti görüşünün keçirilməsi nəzərdə tutulub.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Azərbaycanda keçiriləcək prezident seçkilərini geniş müşahidəçi missiyası ilə izləyəcək.
Xəlil Akıncının səlahiyyət müddəti uzadılıb.