Muəllif:

Xədicə Abbasova: “Bakıya qayıdıb, Emin haqda kitab yazacağam”

Xədicə Abbasova ilə milli estradamızı uzun illər ayırır. Həyat yoldaşı, bəstəkar Emin Sabitoğlunun vəfatından sonra oxumaq həvəsi azalan xanım sənətçi, Türkiyədə qalıb işləməyə qərar verdi. Daha sonra biznesini Mərakeşə dəyişdi. Biznəs xanımı kimi fəaliyyətinə davam edən Xədicə Abbasova Bakıya da aradabir gələ bilir. Artıq saçlarına dən düşən Xədicə xanım Bakının ona Emin bəyi xatırlatdığından, hər gəlişində gövrəldiyini deyir. Bu dəfə də həssaslığı gözdən qaçmadı. Amma doğma eldə özünü həyat yoldaşına daha yaxın hiss etdiyindən ruhən rahat olduğunu bildirir. Sənətçi ilə söhbətimizə səsini milli estradamızdan niyə məhrum etdiyi ilə başladıq. Mərakeşə qayıtmaq ərəfəsində olan sənətçi bunları danışdı:

— Bilirsiniz, solisti olduğum teatrda Rəşid Behbudov bizi tamam başqa ruhda hazırlamışdı. Başqa sözlə, əsl peşəkar yetişdirirdi. Mən Bakıya qayıdanda bu sahəyə yanaşmanın xeyli dəyişdiyini gördüm, başa düşdüm ki, paralel olaraq toy müğənnisi də ola bilməyəcəmsə, deməli, Bakının yeni estrada səhnəsində mənə yer yoxdur. Həm də Emindən sonra oxumaq həvəsim heçə enmişdi, könlümün açarını dənizə atmışdım… Mən Eminlə yalnız mənəviyyat üçün ailə qurmuşdum. Onun vəfatından sonra da mənə qalan ancaq mənəviyyat oldu. Bircə royalı mənə qalmışdı, onu da ehtiyac üzündən satmalı oldum. Amma yerini bilirəm, yəqin, bir gün geri alacam. Elə bu ehtiyac üzündən dostlarımın məsləhətilə Türkiyədə bizneslə məşğul olmağa başladım. Biznesim əvvəl kimya sahəsinə aid idi, sonra texniki sahəyə keçdim. Türkiyə şirkətlərindən birinin xarici ticarət işləri üzrə müdiri olaraq Mərakeşə səfərlərimin birində o ölkəni bəyəndiyim üçün orada da filialımızı açmaq ideyası yarandı. Artıq yeddi ildir Mərakeşdə yaşayıb-çalışıram.

— Estradamızın indisi ilə maraqlanırsınızmı? Bu janrın yeni nəsli barədə nə deyə bilərsiniz? Gənclərdən məsləhət üçün sizə müraciət edən olubmu?

— Bəli, maraqlanıram, çalışıram ki, baş verənləri nəzərdən qaçırmayım. Gənclərə demək istəyirəm ki, sənətə gəlir mənbəyi kimi baxmasınlar, hər halda bu cəhəti önə çəkməsinlər, potensiallarını özlərini, istedadlarını ifadə etməyə yönəltsinlər. Biz Azərbaycanın 53 rayonunu qarış-qarış gəzəndə, adi rahatlığı belə olmayan kəndlərdə qastrollarda maddiyyat haqda düşünmürdük. Təbii, zəmanə dəyişib, amma yüksək sənət meyarları heç vaxt dəyişmir. Bütün zamanlarda hamı ələkdən keçir, gənclərimiz ələkdə qalmağı önə çəksinlər. Məsləhət üçün isə müraciət edən olmayıb, yəqin, Bakıda yaşamadığıma görədir. Amma müraciət edən olsa, böyük məmnuniyyətlə bildiyimi öyrədərəm.

— Bakıya qayıtmaq barədə artıq düşünmürsüz?

— Təbii ki, düşünürəm. Bir müddətdən sonra, yəqin qayıdacam…

— Bu müddət ərzində həyatınızda daha nələr baş verib?

— Yəqin ki, şəxsi həyatımı nəzərdə tutursunuz. Oxumaq həvəsinə aid dediyim «könlümün açarını dənizə atdım» sözləri Eminin bütövlükdə şəxsiyyətinə aiddir – həm insan kimi, həm də bəstəkar kimi. Mənim adımın yanında ondan sonra başqasının adı ola bilməz. Hər dəfə Azərbaycana gələndə hiss edirəm, görürəm ki, Emin deyəndə Xədicə yada düşür, Xədicə deyəndə Emin. Bizi ayrı təsəvvür edə bilmirlər. Belə münasibətə göz yummaq mümkün deyil. Həm də mən onu həmişə öz yanımda hiss edirəm, xatırlamadığım gün olmur. Özü də yalnız ürəyimdə xatırlamıram, ən müxtəlif situasiyalarda dostlar, tanışlar, qohumlar arasında tez-tez ondan bəhs edirəm. Hətta bəzən çaşıb iş yoldaşlarıma “Emin” deyə müraciət edirəm. O mənim üçün hər şey idi — həm ömür-gün yoldaşı idi, həm müəllim idi, həmişə ondan öyrənirdim, həm uşaq idi mənim üçün… Hər bir şıltaqlığını qəbul edirdim…

— Bəs özünüz necə, şıltaqlıq edirdiniz?

— Əgər mən gənc xanım olaraq kirayədə yaşamağa razılıq vermişdimsə, hansı şıltaqlıqdan söhbət gedə bilərdi? Heç vaxt maddi təminat dalınca qaçmamışam. Neçə il kirayədə yaşadıq, sonra ev alsaq da, Türkiyəyə köçəndə onu satıb getdik. Həmişə Eminin birinci ailəsini də fikirləşmişəm, onlara diqqət ayırmalı olduğunu demişəm. Hətta vəfatından iki il əvvəl onu birinci xanımı ilə barışdırmışdım. Eminin ilk sevgisi, yeganə övladı Ceyran xanımın anası Cəmilə xanıma həmişə hörmətlə yanaşmışam, bizə gələndə hansı yeməkləri xoşlayırsa, onları bişirirdim. Mən Eminin birinci ailəsinin bütün fərdlərini, baldızlarımı çox istəyirəm, hamısından razıyam. İnanıram onlar da mənə münasibətdə xoş niyyətlərini davam etdirəcəklər. Qızı Ceyran xanımla münasibətlərimiz kifayət qədər səmimi olub. Biz Türkiyədə Ceyranla bir ay bir evdə yaşamışıq. Eminin doğmaları mənə əzizdir.

— Unutmadığınız xatirələriniz hansıdır?

— Bizim Eminlə birgə həyatımız çox işıqlı olub. Hər dəfə məni hava limanında qarşılamağa gül dəstəsi ilə gəlirdi, özü də ilk görüşə gələn gənclər kimi gülləri ikiəlli tuturdu. Ümumiyyətlə, tez-tez gül bağışlayırdı. Mən kaprizli olmamışam, amma o, mənimlə gül kimi davranırdı. Məni “qaragözlü Xədicəm” deyə çağırardı. Əlbəttə, mübahisələrimiz də olurdu, amma küsülü qalmağımız çox az çəkirdi. Hər dəfə yeni bir mahnı, ya da heç olmasa, təzə bir melodiya bəstələyib deyirdi ki, gəl qulaq as, gör xoşuna gəlir? İnşallah, Bakıya qayıdanda kitab yazacam. Kitabın adı “Eminli Eminsiz günlərim” olacaq.

— Emin müəllimin sizə yazdığı mahnılar arasında ifa olunmayanı var?

— Bəli, var. Məsələn, ölümündən iki həftə əvvəl mənə yazdığı ən son mahnını, demək olar ifa eləməmişəm. Doğum gününü qeyd edib qonaqları yola salandan sonra yır-yığış edirdim, Emin də ertəsi gün Bakıya yola düşməli idi. Birdən məni çağırıb dedi ki, təzə mahnı bəstələmişəm, sözləri də özümündür, gəl qulaq as. Nə isə, süfrəni yığışdırmağı yarımçıq qoyub gəldim. Bu sözləri oxudu (həzin, kövrək bir melodiya üstündə, doluxsunmuş halda oxumağa başlayır ):

Əlvida, bu son gecə,
Salamat qal, Xədicə.
Əlvida, qara saçlar,
Ürəyimi paralar…

Dedim, bu nədir yazmısan, “əlvida, son gecə”?! Birinci səfərin deyil ki, həmişəki kimi gedib-qayıdacaqsan da… Dedi, nə bilim, belə hiss elədim, belə yazdım… Düz iki həftədən sonra Bakıdan ölüm xəbəri gəldi. Ümid edirəm ki, nə vaxtsa haqq dünyasında Tanrı bizi yenidən görüşdürəcək…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 1127