Muəllif:

Xarici dili beşikdə öyrənərlər və ya balam neçə dil bilir?

Müasir dövrün əsas meyarlarından biri də zamanla ayaqlaşmaq, dünyanın inkişaf sürətinə uyğunlaşmaq, necə deyərlər, zəmanədən geri qalmamaqdır. Sərhədlərin şərti xarakter daşıdığı, dillərin, mədəniyyətlərin qaynayıb qarışdığı, miqrasiya proseslərinin intensivləşdiyi, müxtəlif dillərdə danışan insanların qarşılıqlı ünsiyyətinə daha çox tələbat duyulduğu yeni dövrdə insanın ən azı 2-3, bəzən də daha çox dil bilməsi gündəlik zərurətə çevrilir. Bu baxımdan ortaya çıxan sual həqiqətən maraqlıdır. Uşaqlar xarici dilləri nə vaxt öyrənməlidirlər, onlara xarici dillər hansı yaşda öyrədilməlidir? Bu sualın bircə cavabı var. Nə qədər tez öyrənsələr bir o qədər yaxşıdır. Yəni dili lap beşikdən öyrənmək lazımdır.
Niyə də belə olmasın? Bu, artıq dünyada, xüsusilə Avropada adi prosesə çevrilmiş, hətta bu barədə müvafiq hüquqi aktlar qəbul edilmişdir.
1997-ci ildə Avropa Şurası tərəfindən dərc edilən «Xarici dili öyrənmənin ümumavropa təcrübəsi: öyrənmə, tədris və qiymətləndirmə» adlı sənəddə bu məsələ bir sual kimi qarşıya qoyulmuşdur. Həmin sənəddə (Common European Framework of Reference, CEFR) xarici dillərin öyrənilməsini səciyyələndirən sistem müəyyən edilmiş və dil öyrənmə təcrübəsinin qiymətləndirilməsinin milli sistemlərinin yaradılmasında istifadə üçün tövsiyə edilmişdir. Bu qaydalar dillərdən istifadənin təhlili və kateqoriyalaşdırılması üçün bir model hesab oluna bilər.
Sözü gedən qiymətləndirmə sistemi xarici dilin öyrənilməsində Avropa məkanında təhsilin vəziyyəti ilə bağlı məsələyə kifayət qədər şəffaflıq gətirmişdir. Hazırda 28 üzvü olan Avropa İttifaqının 2013-cü ilə qədər genişləndirildiyini və bununla birbaşa bağlı olan miqrasiya proseslərini nəzərə alsaq, Aİ-nın çoxdilliliyə dair tələbi məntiqi tələbdir. Avropa İttifaqının «Ağ Kitab»ında deyilir: «Avropa İttifaqının hər bir vətəndaşı öz birinci dili ilə yanaşı, ən azı iki digər dili öyrənməli və ya bu dillərdə ünsiyyəti bacarmalıdır. Bu dillərdən biri regionüstü ünsiyyət dili olmalıdır. İkincisi isə milli azlığa mənsub dil, regional dil və ya qonşu ölkənin dili olmalıdır».
Alman təhsil sisteminin imkanlarına dair ətraflı müzakirə sayəsində bu, 1990-cı illərin sonlarında cəmiyyətin diqqət mərkəzində olan bir mövzu idi. Məhz bu müzakirələrlə əlaqədar uşaq bağçaları mühüm dəyişiklik prosesindən keçdilər və artıq tərbiyə ocağından təhsil ocağına çevrilmişlər.
Bu tendensiya son illərdə respublikamızda, xüsusilə Bakıda özəl bağçalarda da müşahidə olunmaqdadır. 2004-cü ildə Almaniyada «Uşaq bağçalarında erkən yaşlarında təhsil haqqında federal torpaqların ümumi çərçivə qanunu(Gemeinsame Rahmen der Lander für die frühe Bildung in Kindertageseinrichtungen)» qəbul olunmuşdur. Lakin bu qanunda xarici dilin erkən yaşlarda öyrənilməsinə deyil, yalnız interkultural təhsil məsələlərinə toxunulmuşdur.
Tədrisin mövzularının müəyyənləşdirilməsində və müvafiq proqramların hazırlanmasında uşaqların öyrənmə maraqları əsas şərtdir, əslində birincidir. Bu, o deməkdir ki, tədrisin aktiv oyunlar vasitəsilə öyrədilməsi və fəaliyyətin istiqamətlənməsi uşaqlara təklif olunan bütün məşğələlərdə ön planda durur. Xarici dillərin öyrənilməsi prosesində də uşağın marağı ilə hesablaşırlar və bu, uşağın marağından asılıdır.
Bu baxımdan, Almaniyada uşaq bağçalarının fəaliyyət prinsiplərinə nəzər salmaq maraq doğurur. Almaniyada uşaq bağçaları kifayət qədər müstəqil fəaliyyət göstərir. Onların kurrikulumları tədris və tərbiyə konsepsiyaları öz müəllim və tərbiyəçi heyəti tərəfindən tərtib edilir. Sərhəd ərazilərində qonşu ölkənin dili böyük rol oynayır və bağçanın tədris konsepsiyasında bu, nəzərə alınır. Böyük şəhərlərdə isə bağçada təhsil miqrant ailələrinin və miqrant uşaqlarının marağına istiqamətlənir. Burada daha çox təbiətin öyrənilməsi, təbiətin qorunması məsələlərinə və eksperimental təcrübəyə üstünlük verilir.
Alman uşaq bağçalarında artıq bu gün xarici dillər oyunlar vasitəsilə aşılanır və pedaqoqların, tərbiyəçilərin xarici dil dərslərini uşaqlara təbii üsullarla keçməsinə yardım edən çoxsaylı dərsliklər mövcuddur.
Xarici dilin öyrənilməsi prosesi uşaqlara zövq verməlidir, əyləncəli olmalıdır, yaradıcılığın və müxtəlif bacarıqların inkişafı üçün əlverişli mühit yaratmalıdır. Xarici dillərlə erkən yaşlarda tanış olmaq özü üçün yeni bir dünya kəşf etmək, sərhədləri aşmaq və bu «YENİ»liklə qovuşmaqdır.
Uşaqların zehni yeni dili və yeni mədəniyyəti mənimsəməyə həmişə hazırdır. Həm valideynlər, həm də tərbiyəçilər uşaqların bu qabiliyyətinə müsbət yanaşdıqda nəticə çox yaxşı ola bilər. Çünki uşaqların xarici dillə ilk təması və ilk dəfə təmasda olduqları yeni mühit onların davamlı öyrənmə prosesinə hazırlığının əsasını təşkil edir və bəlkə də gələcəkdə, ümumiyyətlə xarici dilin öyrənilməsinə olan münasibətinin əsasını təşkil edir. Bu o deməkdir ki, dərs metodları uşağın yaşına uyğun, uşaqların oyunlara və fiziki aktivliyə meylləri nəzərə alınmaqla seçilməli və bununla da məktəbdə keçirilən dərslərdən fərqlənməlidir.
Alman uşaq bağçalarında alman dili daşıyıcısı olmayan xarici tərbiyəçinin «Xarici dili öyrənmənin ümumavropa təcrübəsi: öyrənmə, tədris və qiymətləndirmə» qanununa əsasən alman dili biliklərinin ən az B2/C1 olması şərtdir və mümkün qədər daha artıq olması arzu olunur. Çünki xarici dilin təməl daşı məhz erkən yaşlardan qoyulur və bu səbəbdən tərbiyəçinin gözəl tələffüzünə xüsusi fikir verilir.
Məktəblərdən fərqli olaraq uşaq bağçasında xarici dilin öyrənilməsi üçün pilləli dil səviyyəsini bildirən heç bir dərəcə təyin edilməmişdir. Yalnız məktəbə gedərkən bu göstəricinin əhəmiyyəti artır və dilin öyrənilməsi səviyyəsini göstərən dərəcələr müəyyən edilir.
Bağça yaşında olan uşaqların həm valideynləri, həm də tərbiyəçiləri əsas bir şeyi dərk etməlidirlər ki, xarici dilin öyrənilməsində əsas məqsəd nəticə deyil, nəticəyə aparan yoldur!
Ümumiyyətlə xarici dilin öyrənilməsi uzun sürən bir prosesdir. Ona görə də bu prosesə artıq uşaq bağçasında başlamaq lazımdır. Bağçada təklif edilən xarici dil məşğələləri isə uşaqların maraqları ilə uzlaşdırılmalı və onlarda yeni dilin səsinə, ahənginə və sözünə qarşı sevgi oyatmalıdır.
Valideynlər uşaqların xarici dili mümkün qədər erkən yaşlarından öyrənməsinin xeyrini dərk etməlidirlər. Onlar bu prosesə fəal cəlb olunmasalar da uşağın xarici dili erkən öyrənməsi prosesinin baş tutmasında həlledici rol oynayırlar. Yeni dil vasitəsilə həm uşaqlar, həm valideynlər, həm də təhsil qurumlarının rəhbərləri yeni mədəniyyətlərlə tanış olur və tədricən interkultural tərzdə düşünməyə başlayırlar. Onlar bununla xarici ölkənin spesifik xüsusiyyətlərini anlamağı və mədəni fərqləri dərk etməyi, bu fərqləri tolerantlıqla qəbul etməyi öyrənirlər.
Çoxdilliliyin mümkün qədər erkən yaşlardan inkişaf etdirilməsinə dair Avropa İttifaqının tövsiyələrinə cavab vermək, ölkəmiz üçün vacib məsələlərdən biridir. Xarici dilin artıq kiçik yaşlardan öyrədilməsi uşaqlarda xarici dilə qarşı lazımi həssaslıq və məktəb üçün baza bilikləri verir. Xarici dilin öyrədilməsi uşaqlarda ünsiyyət bacarığı, cəmiyyətdə davranış, özünə və başqalarına qarşı hörmət hissi yaratdığını, uşaqların dövlətə, cəmiyyətə layiq vətəndaşlar kimi yetişməsinə böyük təsirini nəzərə alaraq bu məsələ ilə hamı daha yaxından maraqlanmalı və bu barədə ciddi düşünməlidir.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 858