Xaricdə təhsilə ayrılan vəsait bu il artıb
Gənclərin xaricdə təhsili üzrə ayrılan vəsait ildən-ilə artır. Ötən il bu məqsədlə ayrılan vəsait təxminən 20 milyon manat təşkil edib. Bu il isə tələbələrin xaricdə təhsil alması üçün Dövlət Neft Fondundan 30 milyon vəsait ayrılacaq.
«2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı»nın icrasına başlanandan bəri təhsil üçün xaricə 1824 tələbə göndərilib. Təkcə 2012-2013-cü illərdə 606 tələbə göndərilib. Onlardan 36 faizi səhiyyə sahəsində təhsil alır. Hazırda xaricdə təhsil alan 606 tələbədən 205-i bakalavrdır.
Amma proqram daha çox tələbənin diplomdan sonrakı pillə üzrə təhsil almağa göndərilməsinə xidmət edir. Bu həm iqtisadi, həm də akademik baxımından sərfəlidir. Bakalavr pilləsi üzrə hazırlanan bir tələbənin əvəzinə magistraturada 23 tələbə oxutmaq olar. Təhsil alanların 25 faizini mühəndislik və İnformasiya Kommunikasiya Texnologiyaları üzrə təhsil alanlar təşkil edir. Təhsil nazirinin müavini Qulu Novruzovun sözlərinə görə, indiyədək yalnız 433 nəfərin təhsili başa vuraraq məzun olması barədə rəsmən əmr verilib:
«Hətta 2012/2013-cü ildə təhsillərini başa vuranların bəziləri məzun olmaq barədə sənədlərini nazirliyə təqdim etməyiblər. Həmin tələbələrin nazirliyə gətirmək, özləri barədə məlumatları verməyə məcbur etmək üçün onlara verilən ödənişləri saxlamağa məcbur olduq. Hazırda xaricdə təhsil alan 144 tələbənin maliyyələşməsi dayandırılıb. Bunun nəticəsində yaxın 2 ay ərzində onların sənədlərinin əmrləşdirilməsi gözlənilir. Hər bir proqrama daxil olan tələbə ilə xaricdə təhsil almağa göndərilərkən müqavilə imzalanır ki, onlar təhsillərini başa vurandan sonra 2 ay müddətində qeydiyyatdan keçməli və Azərbaycanda fəaliyyətə başlamalıdır. Amma tələbə xaricdə qalıb fəaliyyətə başlayırsa, bunun nə mənfi cəhətləri ola bilər? Əgər tələbə xaricdə 3-5 ildən sonra Azərbaycana daha çox xeyir verə biləcəksə, niyə də qalmasın?».
Qulu Novruzov son illərdə fundamental elmlər, İKT, mühəndislik, nanotexnologiyalar sahəsinədə təhsil alanların sayca artdığını deyir:
«Nazirlik növbəti illərdə kənd təsərrüfatı, fundamental elmlər sahələsində təhsil alanların sayını artırmağı planlaşdırır. Gənclərin xaricdə təhsil üzrə daha çox mühəndislik, kənd təsərrüfatı və fundamental elmlər sahəsinə maraq göstərməsini istəyirik. Çünki tələbələrin əksəriyyəti kənd təsərrüfatı üzrə təhsil almağa maraqlı deyillər. Maraqlı olan bəzi tələbələrin isə dil bacarıqları buna imkan vermir. Azərbaycan Dövlət Aqrar Universitetdə tələbələrin dil bacarıqlarını artırmaq yönündə işlər görülüb. Ötən 6 ilin təcrübəsinə nəzər saldıqda görürük ki, fundamental elmlər, səhiyyə elmləri — nanotexnologiya, mikrobiologiya, biokimya, gen mühəndisliyi ixtisasları üzrə təhsil alan tələbələrin sayı artmaqdadır».