Muəllif:

Xaricdə təhsil: Belarusa tələbə göndərməyin nə mənası?

Gənclərinin xaricdə təhsili üzrə dövlət proqramından indiyədək 1000 nəfərdən çox məzun faydalanıb. Təhsil üçün seçilən ölkələr sırasında daha çox Avropa, Şimali Amerika və MDB ölkələri var. Son iki ildə ölkələrin seçiminə xüsusi diqqət yetirilməyə başlayıb. ABŞ və Qərb universitetlərini nədənsə Yaxın Şərq və MDB ali məktəbləri əvəz etməyə başlayıb… Ötən il ABŞ-a qəbul isə, demək olar dayandırılıb. Dünyanın ən tanınmış 100 universitetinə düşmüş ali təhsil ocaqlarını heç bir reytinqi olmayan universitetlərlə əvəzlənməsi yalnız təəccüb doğurur.
Bu il üçün də TN bəlli Dövlət Proqramına əsasən qəbul aparacağı xarici ölkə universitetlərinin siyahısını açıqlayıb. Qeyd edək ki, xarici ali məktəblərin ölkələr üzrə siyahısı ölkə prezidenti yanında Təhsil üzrə Komissiyanın 15.05.2013-cü il tarixli sərəncamı ilə təsdiq olunub.
Beləliklə, Belarus, Estoniya, Latviya və Litva ali təhsil müəssisələrinə yalnız 2013/2014-cü tədris ilindən etibarən müvafiq qaydada daxil olmuş tələbələrin təhsilinin maliyyələşdirilməsi təmin edilə bilər.
Qəbul aparılacaq xarici ali məktəblərin ölkələr üzrə siyahısında isə 34 ölkənin 476 universiteti qeyd olunub.
Azərbaycanlı tələbələr dövlət proqramı çərçivəsində ABŞ-ın 3, Almaniyanın 30, Avstraliyanın 22, Avstriyanın 15, Belarusun 4, Belçika 7, Bolqarıstanın 1, Birləşmiş Krallığın 27, Çexiyanın 3, Çinin 20, Estoniyanın 2, Finlandiyanın 6, Fransanın 64, Hindistanın 7, İrlandiyanın 4, İspaniyanın 10, İsveçin 11, İsveçrənin 12, İtaliyanın 24, Kanadanın 10, Koreyanın 20, Latviyanın 3, Litvanın 5, Macarıstanın 11, Malayziyanın 8, Niderlandın 15, Norveçin 4, Polşanın 3, Rusiyanın 50, Sinqapurun 3, Türkiyənin 23, Ukraynanın 2, Yaponiyanın 40, Yeni Zelandiyanın isə 7 universitetində təhsil ala biləcəklər.
Dövlət Proqramı çərçivəsində təhsil almaq üçün prioritet ixtisas istiqamətləri də müəyyən edilib.
TN-dən verilən məlumatına görə, prioritet ixtisas istiqamətlərinə baytarlıq, biologiya, fizika, iqtisadiyyat, informasiya texnologiyaları, kənd təsərrüfatı, kimya, klassik Avropa musiqisi, qədim dillər, mühəndislik, nanotexnologiyalar, neft sənayesi, riyaziyyat, təhsilin təşkili və idarə olunması, tibb və turizm daxildir. Onu da qeyd edək ki, bu ilin qəbul planında 72 ABŞ universitetindən cəmi üçünün siyahıya düşməsi texniki səhv kimi izah edilib. Nazir Mikayıl Cabbarov açıqlamasında deyib ki, texniki səhvə görə, Amerika Birləşmiş Ştatlarının dövlət unversitetlərinin sayı bu il azaldılmış kimi görünüb: «Amma bu, sadəcə, texniki səhvdir. 2013-2014-cü tədris illəri üçün keçən il tətbiq olunan siyahı tam şəkildə qüvvədə qalır».
Təhsil naziri vurğulayıb ki, ötən il 72 universitetdə təhsil nəzərdə tutulub. Həmin siyahı dəyişilməz olaraq bu il də tətbiq olunacaq. Təbii ki, biz istənilən tək bir dövlətin ali təhsil ocaqları ilə məhdudlaşmırıq. Bu, həm Qərbi Avropa, həm MDB, həm Asiya ölkələri və bir sıra digər regionların unversitetləri ola bilər».
ABŞ universitetlərinin siyahıda azaldılmasına və onların sayının 3-ə endirilməsi bu dövlətin Azərbaycandakı səfiri Riçard Morninqstar sərt münasibət bildirib: «Səmimi desək, nə baş verdiyini anlamadıq. Anlaya bilmirəm ki, proqrama qatıla biləcək ABŞ universitetlərinin sayı niyə 3-ə endirilib. Bu nə vəziyyətdir? Tezliklə təhsil naziri ilə görüşəcəyəm. ABŞ-ın bir çox universiteti Azərbaycan gənclərinə keyfiyyətli təhsil verir. Mən inanıram ki, mübadilə proqramı Azərbaycana ABŞ-ı öyrənməyə, ABŞ-a da Azərbaycanı öyrənməyə yardımçı olur. Bu addımın niyə atılmasını anlamaqda çətinlik çəkirəm».
Xatırladaq ki, Nazirlər Kabinetinin təsdiq etdiyi siyahıda 450-ə yaxın xarici universitet göstərilir: «Bu siyahı 2008-ci ilə təsdiq olunub.
Xaricidə təhsil proqramı üzrə uzun müddət tədqiqat aparmış iqtisadçı-ekspert Qalib Toğrul mətbuata açıqlamasında bildirib ki, xaricdə təhsillə bağlı normativ hüququ bazada kriteriyalar müəyyən edilib. Həmin kriteriyalarda göstərilir ki, ehtiyac olan ixtisaslar üzrə bu sahədə ixtisaslaşmış universitetlər seçilməlidir.
Q.Toğrul əlavə etdi ki, əməkdaşlıq edilən ölkələr arasında Rusiya və Türkiyədə qəbul prosesi fərqlidir: «Bu dövlətlər hər il Azərbaycana kvota ayırır. İmtahanlarda və müsahibələrdə iştirak etmək üçün öz münsiflərini göndərirlər. Tələbələri özləri seçib aparırlar. Onların təhsil və yaşamaq xərclərini hər iki ölkə öz üzərinə götürür. Azərbayan hökuməti gediş-gəliş haqqını və aylıq təqaüdünü ödəyir.
Xaricdə təhsil tək bakalavr pilləsi ilə bitmir. Bura magistratura, rezidentura, fəlsəfi doktorluğu kimi pillələr daxildir. Siyahaya nəzər yetirdikdə ən yaxşı universitetlərin salındığını görərik».
Ekspert qeyd etdi ki, 2009-cu ildə siyahıda müəyyən dəyişiklik edirək, Rusiya, Almaniya və Yaxın Şərq ölkələrinə gedəcək tələbələrin və universitetlərin sayını artırıblar: «Hər il Təhsil Komissiyası priortet sahələri və ixtisaslaşmış universitetləri təqdim edir. Bu il ABŞ universitetlərinin sayının azaldılmasını texniki səhv kimi dəyərləndirdilər. Amma bu böyüklükdə texniki səhv ola bilməz. Son tədqiqatlarımızdan çıxış edərək deyə bilərəm ki, Amerikaya tələbə göndərilmir. Ancaq tam tanıdıqları, onlara yaxın olanları göndərirlər. Ötən il cəmi 3 nəfər göndirilib. Burada siyahıya salınan ABŞ universitetlərinin 3 və ya 70 olmasının heç bir fərqi yoxdur. Onsuz da hər dəfə müəyyən bəhanələr gətirərək, demək olar tələbə yollamırlar».
Q.Toğrul ötən ilin ortalarında aylıq xərclərlə bağlı dəyişikliyi xatırladır. Bu zaman siyahıya 4 ölkənin — Belarus, Latviya, Litva və Estoniya universitetlərini daxil etmişdilər.
«Doğrusu, ABŞ ali məktəblərini Belorusla dəyişmək, «bu, ən yüksək kriteriyaya uyğundur» demək məntiqi görünmür. Dünya reytinqlərində ilk onluğu Amerika və Avropa universitetləri tutur. Yaxud Rusiyanın elə ali məktəblərinin adı salınıb ki, Bakı Dövlət Universitetinin reytinqi ondan yüksəkdir. Belorusa tələbə göndəməyin heç bir mənası yoxdur», — deyə Q.Toğrul vurğuladı.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 375