Muəllif:

Xaricdə daşınmaz əmlak: azərbaycanlılarn xəyalları gerçəkləşir

Xaricdə, özəlliklə Türkiyədə ev alan azərbaycanlıların sayı artır. Eyni dildən, eyni dindən olduğumuz bu ölkədə həmvətənlərimiz daha çox məskən salmağa meyllidir. Türkiyə coğrafi baxımdan da olduqcu əlverişli mövqedə, Avropa və Asiyanın qovşağında yerləşir.
Türkiyənin «Radikal» qəzetinin yazır ki, xarici vətəndaşların Türkiyədə daşınmaz əmlak almasını asanlaşdıran qanun qüvvəyə minəndən sonra bu ölkədə daşınmaz əmlaka yiyələnən əcnəbilərin sayı artıb, onlar arasında Azərbaycan vətəndaşları da var.
«Mülkiyyət qanunu»nun 35-ci maddəsinə edilən dəyişiklik keçən ilin mayında qüvvəyə minib. Dəyişikliyin məğzi qarşılıqlı prinsipin aradan qaldırılması idi. Yəni, indiyədək Türkiyədə o vətəndaşlar ev ala bilərdi ki,onların ölkələrində də Türkiyə vətandaşları ev ala bilsin. Artıq bu qayda ləğv olunub. Bu vaxta kimi Türkiyədə 62 ölkənin vətəndaşı ev ala bilərdisə, bu siyahıya 32 ölkə də əlavə edilib. Xaricilərin Türkiyədə əmlak alma prosedurunun asanlaşması, vergilərin azaldılması, məhdudiyyətlərin aradan qaldırılması və s. bu kimi şərtlər bizim investorları ora cəlb edir.
Yeni qanunun qüvvəyə mindikdən sonra son 8 ayda 1600-dən çox xarici vətəndaş Türkiyədə daşınmaz əmlaka yiyələnib. Onlardan 330 nəfəri Azərbaycan vətəndaşıdır. Azərbaycanlılar daşınmaz əmlakı əsasən İstanbul, Antalya, Ankara və Muğlada alıblar. Adana, Afyonkarahisar, Ağrı, Amasya, Aydın, Burdur, Bursa, Dənizli, Eskişehir, İzmir, Kayseri, Kocaeli, Konya, Mersin, Ordu, Sakarya, Samsun və Trabzonda da azərbaycanlılar daşınmaz əmlak alır.

Soydaşlarımız artıq Türkiyədə bahalı daşınmaz əmlak alışına da maraq göstərir. Məsələn, Türkiyədə 45 milyon dollara başa gələn «Valle Lacus» adlı şəhərcikdə villaların qiyməti 1,5 — 1,8 milyon dollar arasında dəyişir. Şəhərciyin tikinti ortaqlarından biri etiraf edib ki, villaları almaq üçün daha çox müraciəti ərəblər və azərbaycanlılar edir. Ərəblər adətən 150-250 kvadratmetr sahəsi olan 2 və 3 otaqlı rahat mənzillərə maraq göstərir. Azərbaycan və Rusiyadan gələnlər isə daha geniş və çoxotaqlı, rahat və lüks şəraitli evlər almaq istəyir: «Azərbaycandan müraciət edənlər azmərtəbəli binalarda mənzil almaq və ya ayrıca villalara sahib olmaq niyyətindədirlər. Özü də onlar Boğaz mənzərəli evlərə daha çox üstünlük verirlər. Onlar, ərəblərdən fərqli olaraq, ən bahalı evləri əldə etməyə çalışırlar».

Türkiyə bu yolu artıq 80 ildir keçib, amma biz 20 ildir bazardayıq…

Deyilənlərə görə, bir sıra qonşu, hətta müəyyən Avropa ölkələri ilə müqayisədə Azərbaycanda mənzillərin qiymətinin daha yüksəkdir. Lakin “MBA LTD” Qiymətləndirmə və Konsaltinq Şirkətinin rəhbəri Nüsrət İbrahimov qeyd edir ki, əslində, Türkiyənin müəyyən hissələrində evlərin heç də Azərbaycandan ucuz olduğunu söyləmək olmaz. Məsələn, İstanbulla Bakıda olan evlərin qiymətini müqayisə etdiyimiz zaman görə bilərik ki, İstanbulda olan evlər daha bahadır. Ancaq Türkiyənin digər regionlarında, bölgələrində evlər ucuzdur. Mən deməzdim ki, İstanbulda evlər Bakı ilə müqayisədə ucuzdur. Sadəcə İstanbuldan kənarda evlərin qiyməti nisbətən ucuzdur”.
İstanbul da Bakı kimi biznes şəhəridir. Biznes şəhərlərdə də evlərin qiyməti birmənalı şəkildə həmişə baha olur. Ancaq Türkiyəni Azərbaycanla müqayisə edəndə ümumi demək olar ki, orada evlər bizdən ucuzdur. Çünki Türkiyədə daşınmaz əmlak bazarı, mənzil bazarı uzun müddətdir ki, formalaşıb, qiymətlər də stabilləşib. Bizdə isə tələb-təklif stabilləşməyib, tam formalaşmayıb. Bu səbəbdən də biz belə sıçrayışlı məqamların şahidi oluruq. Ona görə də ölkəmizdə qiymətlərin dinamikasını daha çox MDB ölkələri ilə müqayisə etmək olar. Çünki o ölkələrin paytaxt şəhərləri bizə uyğundur. Ancaq Türkiyə ilə müqayisə etmək bir az düzgün deyil. İbrahimov deyir ki, Türkiyə bu yolu artıq 80 ildir keçib, gəlib. Biz amma 20 ildir ki, bu bazardayıq, bu yolu gələ-gələ təcrübə yığırıq. Ekspert bu qənaətdədir ki, ölkəmizdə bazar doyum halına gələnə kimi belə fərqliliklər müşahidə olunacaq».
N. İbrahimov xaricdə daşınmaz əmlaka investisiya yatıran azərbaycanlılar barədə də danışdı: «Hansı ölkəyə investisiya tələb olunursa, o ölkə qapılarını, sərhədlərini açır. Bu gün Avropa ölkələri bu siyasəti yeridir. Çünki onlar böhrandan çıxış yolunu məhz bunda görürlər. Digər imkanlı ölkələr də bu fürsətlərdən istifadə etməyə, yararlanmağa çalışırlar. Bu cür insanlar əllərindəki pulları saxlamaq və riskdən qorumaq üçün daşınmaz əmlak alırlar. Xarici bazarda bazar stabil olduğu üçün onlar xaricə üz tuturlar. Bəzi vətəndaşlarımız övladlarının təhsil aldığı, digərləri artıq biznes əlaqələri qurduqları dövlətlərdə ev alırlar. Burada problemli məsələ yoxdur”.

Azərbaycanlı investorlara ölkədə ehtiyac var

“Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin (ƏBİİB) daşınmaz əmlak üzrə eksperti Rövşən Talıbzadə isə qeyd edir ki, qiymət baxımından müqayisə etsək (istirahət yerləri istisna olmaqla), Bakıdakı eyni şəraitli, eyni kvadratlı əmlakla İstanbulda olan eyni şəraitli, eyni kvadratlı evin qiyməti arasında 20-30% fərq var: ”Bizim investorların orada əmlak sahibi olmasını şərtləndirən səbələrə misal olaraq onlarla bizim aramızda dil fərqinin, bazar riskinin olmaması, yəni qiymətlərin artan templə getməsi və s. bu kimi səbələri göstərmək olar. Amma bizdə bazar mücərrəddir”.
«Bizim vətəndaşların xarici ölkələrdə əmlak sahibi olması Azərbaycan üçün nə deməkdir»sualına ekspert belə cavab verdi: «Əslində, ciddi təhlükəli vəziyyət yaranmasa da, yaxşı olardı ki, bizim investorlar öz ölkəmizə investisiya edərdi. Bu gün Azərbaycanda buna böyük ehtiyac var. Sovetsk, Kubinkanın sökülməsi gündəmdə duran məsələlərdir. Bunu təkcə dövlət öz hesabına etməyəcək, həm də investorların hesabına həyata keçiriləcək. İnvestorların ölkəmizdə yatırım etməsi həm şəhərin gözəlləşməsinə, həm də ki, rəqabətliliyin artmasına, qiymətlərin ucuzlaşmasına səbəb olar”.

Azərbaycanlılar Avropadakı iqtisadi böhrandan istifadə edir

Bizimkilər Avropada da əmlak sahibi olmağa çalışırlar. Bunun əsas səbəbi isə hazırda Avropa Birliyinin yaşadığı iqtisadi böhrandır. Işsizlik artır, Avropa üzrə orta işsizlik göstəricisi artıq 10%-ə çatıb. Amma ayrı-ayrı ölkələrdə vəziyyət daha da pisdir, məsələn, Yunanıstanda artıq 23% işsizlik var, İspaniyada isə bu rəqəm daha böyük 25%-dir. Bütün bunlar və digər amillər əcnəbiləri, o cümlədən azərbaycanlıları məhz belə ölkələrdə mənzil olmağa ruhlandırır – çünki qiymətlər burda qalxmır, əksinə aşağı düşür. İspaniyada azmərtəbəli yeni tikili binalarda sahəsi 60 kvadratmetr olan təmirli və mebellə təchiz edilmiş mənzili 60 min avroya almaq mümkündür. Hazırda Avropanı öz cənginə almış İqtisadi böhran əcnəbi müştəriləri banklar üçün əvvəlki dövrlər ilə müqayisədə daha cəlbedici edib. Yəni İspaniya bankında hər hansı bir xarici vətəndaş üçün kredit rəsmiləşdirmək indi daha asan prosesdir. Baxmayaraq ki, tələblər yenə də həmişəki kimi olduqca yüksəkdir. Bundan əlavə kreditlərin qaytarılmaması təhlükəsi böyüdüyündən İspaniya bankları faiz dərəcələrini artırıblar. “Banker” portalının məlumatına görə, əgər əvvəllər bu göstərici 2-3% arasında dəyişirdisə, indi Avropa meyarları ilə nəhəng hesab olunan 6%-lik səviyyəyə gəlib çatıb. Amma Azərbaycan banklarının təklifi ilə müqayisədə bu daha sərfəlidir.

Əlbəttə, Avropada təkcə İspaniya deyil. Əgər bir mənzilin qiyməti 30 min avroya sizə baha görünürsə və siz daha ucuz mənzil tapmaq istəyirsinizsə, onda diqqətinizi Almaniyaya yönəltməyə dəyər. Bütün birləşmiş Avropa iqtisadiyyatını öz dəmir çiyinləri üzərində saxlayan bu ölkə daşınmaz əmlak inanılmaz dərəcədə ucuzdur. Böyük və mənzərəli şəhərlərdə Avropa meyarları ilə olduqca münasib qiymət hesab olunan 8-10 min avroya yaxşı mənzillər almaq mümkündür. Əlbəttə ki, daha bahalı variantlar da vardır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 1146