Xaqani küçəsini avtomobillərdən “təmizləmə” əməliyyatı
Artıq bir neçə gündür yol polisi Xaqani küçəsində “təmizlik” işləri aparır. Avtomobillər evakuatorlarla aparılır və maşın saxlayan sürücülər cəzalandırılır.
Bu gün yol polisi Landmark biznes-mərkəzinin qarşısında əsl əməliyyata başlayıb. Onlarla polis küçəni Böyük Britaniya səfirliyi və “Tahir” mağazası tərəfindən təmizləməyə başlayıb.
Turan agentliyinin müxbiri bu əməliyyatı lentə alıb. Küçənin fotosunun çəkilməsi yol polislərini qəzəbləndirib. Onlar demək olar ki, avtomobilləri unudaraq müxbiri saxlayıblar və açıqlama tələb ediblər.
“Sən kimsən, kim sənə ixtiyar verib ki, dövlət məmurlarının fotosunu çəkəsən”, — serjant qəzəblənib.
“Saxlayın və şöbəyə aparın, orada məsələ aydınlaşar”, — başqası əmr edib. Serjantlar jurnalist vəsiqəsinə məhəl qoymayıblar: “bu, sənəd deyil”.
“Sənin kim olduğunu haradan bilim, bəlkə ermənisən?”, — üçüncü serjant qışqırıb. Mətbuat haqqında qanuna istinadlar da yol polislərinə təsir etməyib və belə görünür ki, heç bu barədə eşitməyiblər də.
Səy-küyə baş leytenant gəlib. Özünü təqdim etməsi ilə bağlı müraciətə “Mən Naxçıvandanam” cavabını verib.
15 dəqiqə ərzində leytenant fotonun silinməsini tələb edib və mobil telefonla çəkiliş aparmağın yolverilməz olduğunu (!) sübut etməyə çalışıb. “İxtiyarın yoxdur”, — o bildirib. “Bu, harada yazılıb?” sualına isə cavab verə bilməyib.
Sonda vəziyyət onu təngə gətirib və vəsiqəni qaytararaq “get, bir daha belə eləmə” deyib.
Şərh verməsi ilə bağlı xahişin cavabında deyib: “Biz tədbir keçiririk, siz bizi rüsvay edirsiniz, tənqid edirsiniz, məgər, bu, düzgündür?”

