Xanlıqlar kəndindən daha bir sakin minaya düşdü
Qazax rayonunun Ermənistanla sərhəddə yerləşən Xanlıqlar kəndindən daha bir sakin minaya düşərək həyatını itirmişdir. Hadisə bu gün Ermənistan-Azərbaycan sərhədinə yaxın yerdə baş verib. Xanlıqlar kənd sakini, 23 yaşlı Adil Habil oğlu Vəliyev kəndin ərazisindəki meşə sahəsində neytral zonada minaya düşüb. Lakin kənd sakinləri onu ərazidən çıxara bilməyiblər. Erməni tərəfinin atəş açması buna imkan verməyib.
BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova isə APA-ya bildirib ki, bu hadisə barədə BQXK-ya məlumat verilib. Hazırda BQXK nümayəndələri hadisə yerindədirlər: “BQXK bu situasiya ilə əlaqədar Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi ilə əməkdaşlıq edir. Prosedura görə, belə hallarda BQXK qarşı tərəfdəki nümayəndəliyinə müraciət edir. Onlar da həmin ölkənin hakimiyyət orqanları ilə danışıqlar aparır ki, atəşkəs elan olunsun və həmin şəxs ərazidən çıxarılsın”.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi şahin Sayılovun APA-ya verdiyi məlumata görə, meyit bir qədər əvvəl ərazidən götürülüb. Xatırladaq ki, Xanlıqlar kənd sakini Sabir Kərimov aprelin 2-də Ermənistanla sərhəddə meşə zolağında minaya düşərək həlak olmuşdu. Onun meyitini bir neçə gündən sonra hadisə yerindən götürmək mümkün oldu.

