Xalq Mücahidləri İranda gizli nüvə obyekti barədə məlumat yayıblar
İran Xalq Mücahidləri Təşkilatı (İXMT) iyulun 11-də İranın paytaxt Tehran şəhərindən 70 kilometr uzaqlıqda, Dəmavənd şəhərinin yaxınlığında gizli nüvə obyektinin mövcudluğu barədə məlumat yayıb.
İddia edilir ki, bu nüvə obyekti 2006-cı ildən mövcuddur: “Bu nüvə obyekti dağın içərisindəki tunellərdə gizlədilib və son günlər xaricdəki 4 anbar da təkmilləşdirilib”.
Məlumatda qeyd edilir ki, layihənin icrasında İranın yeni prezidenti Həsən Ruhaninin də əli olub. Xəbərdə həmçinin vurğulanır ki, bununla bağlı İrandakı 50 mənbə onlara məlumat verib: “Həmin obyektin kod adı olub. Bu kod adı da “Şərq mədəni” və ya “Kövsər” layihəsi adlanır. Bu layihəni İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmisi Möhsün Fəxrizadəyə bağlı olan bir şirkət icra edir. Layihəyə 30 tunel və 30 anbarın inşası daxildir”.
İran hakimiyyətinin ən böyük müxalif qruplarından sayılan İran Xalq Mücahidlər Təşkilatı İranda şahlıq dövründə, 1960-cı illərin sonunda yaradılıb, 1980-ci illərdə İran İslam Respublikasına qarşı silahlı mübarizə aparmağa başlayıb. Silahlı müqavimət məğlubiyyətə uğrayandan sonra İran Xalq Mücahidlər Təşkilatının minlərlə üzvü zindanlarda edam edilib, xeyli şəxs isə xarici ölkələrə mühacirət edib. Avropa Birliyi və Böyük Britaniya İran Xalq Mücahidlər Təşkilatının adını 2008-ci ildə, ABŞ isə 2012-ci ildə terrorçu təşkilatlar siyahısından çıxarıb.

