Muəllif:

«X saatı»nda «qırmızı xətt»də görüşənədək!

May ayının 3-ü Ümumdünya Mətbuat Azadlığı Günü idi. Hökumət onu ayrı qeyd etdi (şəhərin bir başında konfrans düzənlədi), qeyri-hökumət ayrı (şəhərin o biri başında öz toplantısını keçirdi). Bayramda da bir ola bilmirik, yasda da. Hətta Xocalı qurbanlarını da ayrı-ayrı yad edirik. Əvvəl iqtidar yığışıb heykəlin önünə çələng aparır, sonra müxalifəti ora yaxın buraxırlar. Elə bil bir yerdə, eyni dərdi yaşayanlar kimi, yanaşı getsələr, qurbanların çoxunun heç olmayan qəbirləri murdarlanar. Əslində, ölüləri də siyasi dəstələrlə ziyarət etməklə onların ruhunu incidirlər.
***
Ümumdünya Mətbuat Azadlığı Gününə həsr olunmuş qeyri-hökumət konfransında foyedə kofe içəndə köhnə tanışım dedi:»Bəziləri hələ də ortadadır, birdəfəlik barrikadanın ya bu tərəfində, ya o tərəfində durmağın vaxtıdır. «Qırmızı xətt»ə çatırıq». Sözü birbaşa ünvanlamadı, amma «bəziləri»nin içində məni də nəzərdə tutduğu aydın idi. «Ortadakılar» — dinc dəyişikliklər ümidini itirməyənlərdir, dialoqa, demokratik islahatlara çağıranlardır. Amma, doğrudanmı, bunlar puç ümidlər, əbəs səylərdir, dava qaçılmazdır? Hökumət heç zaman başa düşməyəcək ki, narazılar düşmən deyillər, vətəndaşdırlar? Düşünməyəcək ki, ləkəli imicini ağartmaq üçün təkcə elə beynəlxalq təşkilatlara payladığı rüşvətləri, xarici dövlətlərə etdiyi güzəştləri, lobbi təşkilatlarına ödədiyi qonorarları öz ölkəsinin əhalisinin rifahına xərcləsə, onun, müxalifət qarışıq, böyük qisminin narazılığını aradan qaldırar? Həqiqətənmi, seçki-meçki boş şeydir, indidən barrikadada yer tutmaq lazımdır?
ANS o qədər «döyüş alnınıza yazılıb» deyəcək ki, axır, başımıza gələcək.
***
Ötən prezident seçkiləri ərəfəsində müxalifət mətbuatında ən populyar mövzu «X saatı» idi. Yəni elə bir zaman yetişməkdədir ki, ondan sonra həyat dəyişəcək: məzlumlar zülmdən qurtulacaq, zülm edənlər cəzasına çatacaq. İnananlar da, qulaqlarını sallayıb, bu saatın gəlməsini gözləyirdilər.
«X saatı» gəlmədi. Ya da gəldi keçdi, heç kimin xəbəri olmadı.
Bu dəfə başqa mövzu tapılıb: «qırmızı xətt». Yəni qarşıda elə bir sədd var ki, onu aşan kimi, daha heç kim hakimiyyətin fironluğuna göz yummayacaq, gəlib burda bir qayda-qanun yaradacaq. Millət həmin xəttin yerini axtarır ki, gedib orada yığışsın və hazır dursun.
***
Bəlkə köhnə tanışım düz deyir? Amma ha ətrafıma boylandımsa, barrikada-zad görmədim. Ölkənin ictimai-siyasi landşaftı başdanbaşa qazıq-qazıqdır, balaca-balaca səngərlərlə doludur. Onlardan da birində üç-dörd dostumla mən oturmuşam.
Nə iqtidar səngərlərindəkilər müxalif səngərlərdəkilərlə dil tapırlar, nə müxalif səngərlərdəkilər öz aralarında razılığa gəlib müdafiə xətlərini birləşdirirlər.
Nə isə, «X» saatında səngərlərdən çıxıb «qırmızı xətt»də görüşənədək!
Yenə zəif ümid çalarlı bir sual: ola bilərmi, iqtidarda kimlərinsə ağlına gəlsin ki, yaxşısı, səngəri tərk edib, özünü ora birinci çatdırmaqdır?
[email protected]

Aynanın yeni köşə rubrikasından.

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 205