Volqoqrad teraktı: Nail Əliyevin durumu orta ağır…
Volqoqradda terror aktı zamanı yaralanmış azərbaycanlı Əliyev Nail Naib oğlu Rusiya vətəndaşıdır. Volqoqradda yaralıların qohumları üçün yaradılmış «qaynar xətt»in əməkdaşları bildiriblər ki, o, Rusiya Federasiyasının pasportuna malikdir və bu ölkənin vətəndaşıdır. 15 saylı Volqoqrad şəhər xəstəxanasından isə Trend-ə bildirilib ki, terror aktı nəticəsində yaralanmış azərbaycanlı Əliyev Nail Naib oğlunun vəziyyəti orta ağır qiymətləndirilir. Hadisə dünən Moskva vaxtı ilə saat 14.45-də «Lesobaza» dayanacağı yaxınlığında baş verib. Partlayış nəticəsində 6 adam ölüb, 28 adam yaralanıb. Rusiya hüquq-mühafizə orqanları sərnişin avtobusunda baş vermiş partlayışın Mahaçqala sakini Naidə Asiyalovanın törətdiyini bildirir.
Oktyabrın 21-dən etibarən 15 gün ərzində Volqoqradda ən yüksək terror təhlükəsi səviyyəsi elan edilib. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumatda deyilir ki, bu barədə regional antiterror komissiyası açıqlama yayıb.
Bu terror aktı zamanı həlak olmuşların ailələrinə regional büdcədən 1 milyon rubl veriləcək.
Ağır yaralılara 400 min, bütün yaralılara isə 100 min rubl veriləcək. Deyilir ki, mövcud sənədi Volqoqrad vilayətinin qubernatoru Sergey Bojenov imzalayıb.
Qeyd edək ki, baş vermiş terror aktı nəticəsində 7 nəfər, həmçinin, terrorçu qadın da həlak olub.
İstintaq komitəsinin məlumatına görə, terror aktından sonra 33 nəfər xəstəxanalara müraciət edib. Onlardan 28 nəfəri evə buraxılıb, 8-i isə reanimasiyadadır. Onlardan bir çoxu ağır vəziyyətdədir.