Vitse-admiral Sultanov İrana gedəsi olmadı
Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Şahin Sultanovun İrana səfəri baş tutmayıb. Səfər Azərbaycan Müdafiə Nazirliyi tərəfindən ləğv edilib. Ancaq nazirlik bununla bağlı hər hansı açıqlama verməyib.
Sultanov avqustun 18-də İran Hərbi-Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Həbibullah Səyyarinin dəvəti ilə qonşu ölkəyə üçgünlük səfər etməli idi. Səfərdə məqsəd İranla Azərbaycan arasında dənizdə əməkdaşlığı inkişaf etdirməkdi.Sultanovun səfər çərçivəsində İran Hərbi-Dəniz Qüvvələrinin bazalarına baxış keçirməsi də planlaşdırılmışdı.
Bu xəbər yayıldıqdan bir neçə saat sonra Azərbaycan Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələri komandanının İrana səfərinin baş tutmaması ilə bağlı açıqlama yaydı. MN mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu APA-ya açıqlamasında bildirib ki, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Şahin Sultanovun İrana nəzərdə tutulan səfərinin ləğv edilməsi ilə əlaqədar yayılan informasiyada qeyri-dəqiqliyə yol verilib: “Səfər sadəcə təxirə salınıb. Hazırda danışıqlar gedir, vaxt dəqiqləşəndən sonra Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Şahin Sultanovun İrana səfəri baş tutacaq”.