Vitali Kliçko: “Başkəsənlər və diktatorlarla kompromis olmaz”
“Yanukoviç meydanı ikinci dəfə dağıtmaq qərarı ilə kompromislərə gedən bütün yolları bağlamış oldu”. “Ukrainskaya pravda” saytına istinadən, bu bəyanatla Ukrayna müxalifətinin liderlərindən biri, UDAR (Ukrainskiy Demokratiçeskiy Alyans za Reformı) Partiyasının lideri Vitali Kliçko çıxış edib. O bildirib ki, başkəsənlər və diktatorlarla kompromis olmaz: “Onlardan qurtulmaq lazımdır. Bu gün bir nömrəli məsələ Yanukoviçin və onun kiflənmiş hakimiyyətinin istefasıdır. İndi ölkə “texniki hökumət”in qurulması və ya Konstitusiyaya dəyişiklik formasında hansısa kompromislər haqda sözlər eşidəcək. Bunlar hamısı Yanukoviçin hakimiyyətinin saxlanmasına yönəlmiş manipulyasiyalar olacaq. Əsas şər qüvvəsi Yanukoviçin özüdür, bütün qanunsuzluqları o yaradıb”.
Kliçko deyib edib ki, hazırda onun əsas vəzifəsi hakimiyyətin tam dəyişməsi və meydanlarda insanlara qarşı zorakılıq edənlərin cəzalandırılmasıdır: “Mən bütün məsuliyyətimlə bəyan edirəm ki, Yanukoviç hakimiyyətinə etimadsızlığını bildirən bütün vətəndaşlarımızla birlikdə bu hakimiyyəti nə qədər mümkündürsə, o qədər tez dəyişmək üçün hər şeyi edəcəyəm”.