Muəllif:

«Vise-Versa» — Kəlləmayallaq çevrilmiş Dünya…

Oktyabrın 19-da Bakıda YAY qalereyasında Əli Həsənovun «Vise-Versa» adlı fərdi sərgisi açılacaq.
Vise versa (latın dilindən tərcümədə «tərsinə») — Kəlləmayallaq çevrilmiş Dünyadır… Bu, çevrilmələr aləmi və idrak oyununun məhsuludur… Bu, reallığın daha çox məşhur Möcüzələr ölkəsini xatırladan şən və bir qədər divanə olan iç üzüdür. Çünki bu ölkənin sakinlərini düşüncə və duyğuları adi insan məntiqi ilə ölçülə bilməyən əcaib adamlar təşkil edir.
Bu kimi personajlardan biri 90-cı illərin ortalarında Əli Həsənovun performansının qəhrəmanı Keelcoushe olub. Bu personaj qara transformer plaşında gəzən, var gücü ilə onu bürüyən kəndirlərdən azad olmağa çalışan və məğlubedilməz superqəhrəmanlarla oxşar özəlliklərə malikdir. Onun müəllifi Azərbaycanda performans təşəbbüslərinin təməlini qoyanlardan olub.
Bugünkü Əli Həsənov yalnız təcrübəçi-rəssam, Azərbaycan performans sənətinin özülündə dayananlardan biri, «PG large used project» layihəsinin müəllifi və ideya təşəbbüskarı deyil, elə Əlinin özü kimi qeyri-adi və kompromizsiz video-işlər yaradan rejissordur.
Bununla yanaşı o, artıq 18 ildir ki, Azərbaycan, Rusiya, Gürcüstan, Fransa, Norveç, Yunanıstan, İtaliya və başqa ölkələrdə nümayiş etdirilərək qrafika və rəsm əsərləri yaradır. Rəssam 52-ci Venesiya biyennalesində Azərbaycanı təmsil etmişdir. 2013-cü ilin yazında isə onun «Sahiblər» anti-qlobalist instalyasiyası artıq YARAT təşkilatının beynəlxalq «Love Me, Love Me Not» (Sev məni, Sevmə məni) layihəsinin tərkibində 55-ci Venesiya biyennalesində təqdim olunmuşdur. Bu gün Əli Həsənovun peşəkar fəallığı iki şəhərdə cəmləşib — Moskva və Bakı. Rəssam kino, musiqi dili ilə onun üçün əhəmiyyətli olan mövzulardan söhbət açır və yaxud mürəkkəb və bəzən, hətta, təhlükəli performanslar zamanı öz bədənini incəsənət obyektinə çevirir. Ötkəm, nəfis-təhrikedici, hətta, təcrübəli seyrçini belə anında əhatəsinə almağı bacaran üslubu onun daimi zirvəsi olaraq qalır.
«Vise-Versa» sərgisi bizi rəssamın yaradıcılığının yalnız bir hissəsi ilə tanış edir.
Ağ-qara qammada ifadə edilmiş 10 qrafika işini eyni zamanda həm dəzgah qrafikası, həm də konseptual rəssamlığa aid etmək olar. Bu rəsmlərdəki süjet sadəliyi mövzunun ifadə mürəkkəbliyi və ən xırda detalların belə tam təfərrüatlarının əlavə edilməsiylə təzad təşkil edir. Müəllifin özü bildirir ki, onun üçün yaradıcılıq prosesi meditasiyaya oxşardır.
Rəssam bilərəkdən öz rəsmlərinin personajları ətrafında böyük həcmdə boş məkan (boş ağ sahə) yaradarır və bəzən kompozisiyanın ənənəvi qaydalarını pozaraq, sanki, çoxlu sayda tərkib hissələrinə səpələnən rəsm süjetinə baş vurmaq istəyini yaradan qeyri-standart tərtibata üz tutur. Maraqlıdır ki, bu cür yanaşma yalnız indiki seriya üçün xarakterik olub onu əvvəlki qrafika işlərindən kəskin şəkildə fərqləndirir. Misal olaraq, «Valentia» seriyasında rəsm sanki, ona ayrılmış çərçivələrdən kənara çıxaraq, hərəkət rəsmin çərçivələrindən «sıxışdırılıb çıxarılır» kimi təəssürat bağışlayır.
Rəssam tərəfindən yaradılan bütün personajlar özünəməxsus xarakter və özünün xüsusi poetik ruhuna malikdir. Komikslərin əllə çəkilmiş qəhrəmanlarını xatırladan bu personajlar çoxsifətli, sarkastik, sadəlövh və eyni zamanda istehzalıdırlar. Onlar öz şüurlarında əməlli-başlı qarışıqlıq yarada bilərlər. Onlardan hər biri özü ilə seyrçinin nəzərini və fantaziyasını alıb apararaq açıla bilən, sonra isə dolaşaraq bizim təxəyyülümüzü yenidən azdıran nazik bir sapa bənzəyir. Bu aldadıcı sadəlövh personajlar, məzəli yarıuşaq-yarıheyvanlar və başqa planetlərdən gələn həşəratlar bizi- rəssamın bizim və özü ilə bacarıqla apardığı intellektual oyunun bir hissəsi olan sirrlərini «oxumağa», açmağa dəvət edən gözəl çevrilmələr olaraq qalır.
Sərgi noyabrın 10-dək davam edəcək.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 142