Muəllif:

Virtual jurnalistika dərsi

Medianın ələ alındığı və aşkarlığın qadağan olunduğu yerdə ağlın əvəzinə güc işləyir. Çünki bunlar hərəkətsizliyə və kütlüyə gətirib çıxarır və cəmiyyət özünün problemlərini həll etməkdən məhrum olur.
Professor T.Emereson (ABŞ)
İyulun son həftəsi jurnalistlərə ev paylanması ilə yadda qaldı. Ev alanların uzun siyahısına bir neçə layiqli qələm sahibinin də adının düşməsi yaxşı təəssürat yaratdı. Olay söz-söhbətsiz keçmədi: hakimiyyət bunu analoqu olmayan hadisə kimi təqdim etdi, oyuna qoşulub ümidləri doğrulmayanlar bölgünü ədalətsiz saydı, sosial şəbəkələr medianın ələ alınması və jurnalistlərin «satılması» tezisini qabartdı. Təbii ki, məsələyə bir az geniş baxanlar, jurnalistikanın böhranlı durumundan danışanlar, onun yolundan çıxaraq mənəviyyatsızlığa uğradığını deyənlər də oldu.
Mən də bir ağız ev olayının müsbət humanitar aksiya olduğunu, amma bunun jurnalistin peşə etikasına uyğun gəlmədiyini, perspektiv üçün bəzi mənəvi problemlər yaradacağını bildirmişdim. Deyəsən, mənim yanaşmam millət vəkili, hörmətli Aydın Mirzəzadənin xoşuna gəlməmişdi. Odur ki, saytların birində yazdığı məqalədə ev məsələsində onun kimi vəcdə gələrək sevinmədiyimə görə məni qınamış və neyçünsə adımı müxalifət qəzeti ilə qoşalaşdırmışdı. Həmin yazını oxuyandan sonra belə başa düşdüm ki, təkcə mətbuatı yəhərli at kimi arpa ilə yemləyib ram etmək istəyən məmurlar deyil, bir çox millət vəkilləri də jurnalistikanın həqiqi missiyasından xəbərsizdir. Ona görə də mediaya xidmətçi kimi baxanların vaxt ayırıb bu ayaqüstü jurnalistika dərsini hövsələ ilə dinləmələrini istədim.
***
Əvvəla, ondan başlayaq ki, müasir dünyada jurnalistika media vasitələri (qəzet, TV, radio, İnternet) ilə qurulan ictimai ünsiyyət sistemi və cəmiyyətin çox vacib sosial institutu kimi qəbul olunur. Jurnalistika, həm də cəmiyyət həyatının ən müxtəlif qatlarında (siyasət, iqtisadiyyat, mədəniyyət və s.), mənəviyyat və əxlaq sahəsində baş verən hadisələri xəbərləyən ictimai fəaliyyət və yaradıcılıq sahəsidir.
Jurnalistika cəmiyyətə ona görə lazımdır ki, dediyimiz sahələrdə gedən prosesləri doğru-dürüst işıqlandırsın, ətrafda baş verənlər barədə insanlara həqiqəti çatdırsın. Çünki, cəmiyyət həyatında olanlardan və olacaqlardan xəbər tutmaq vətəndaşların ilkin ehtiyacıdır. Ölkənin taleyinə və ictimai mühitə təsir göstərə biləcək, insanların həyatını, azacıq da olsa dəyişdirəcək bütün olaylar barədə hər kəsin informasiya almaq hüququ vardır. Xalqın yaşadığı ölkədə baş verən hər şeydən xəbərdar olmaq hüququnun gerçəkləşməsini jurnalistika təmin edir. Ona görə də jurnalistikanın qarşısında aşağıdakı vəzifələr müəyyənləşdirilir:
— cəmiyyətə güzgü tutmaqla həqiqəti yaymaq;
— təkcə xəbərləmək yox, həm də təhlil etmək və araşdırmaq;
— sosial mühiti olduğu kimi göstərmək;
— hakimiyyət üzərində ictimai nəzarəti gerçəkləşdirmək;
— fərqli fikirlər və diskussiyalar üçün ictimai forum olmaq;
— cəmiyyətin getdiyi və gedəcəyi yolları işıqlandırmaq;
— bu yoldakı təhlükə və həyəcanlardan xəbər vermək.
Deməli, medianın əsas vəzifəsi həqiqəti söyləmək, önəmli fakt, hadisə və proseslərlə bağlı haray salmaq, hakimiyyətin nöqsanlarını göstərmək, xalqa zərər verə biləcək siyasətin təhlükələri barədə cəmiyyəti xəbərdar etməkdir. Ona görə də demoktarik ölkələrdə ictimaiyyətin qəzetlərdən və telekanallardan israrlı tələbləri odur ki, hakimiyyətin fəaliyyəti barədə daim məlumat versinlər. Həm də hökumətin və aparıcı siyasətçilərin fəaliyyətləri tam həcmdə, son dərəcə dəqiq işıqlandırılmalıdır. Azad mətbuat üçün bu bir məntiqdir: vətəndaşları zəruri informasiya ilə təmin etmək lazımdır ki, onlar hakimiyyətin fəaliyyəti barədə dəqiq təsəvvür əldə etsinlər.
Bütün dünyada cəmiyyətin təmsilçisi olan jurnalistikanın (və medianın) dediyimiz missiyasını uğurla gerçəkləşdirə bilməsi üçün xüsusi qaydaları, standartları və prinsipləri müəyyənləşdirilmişdir. Təbabətin əsas prinsipi xəstəni sağaltmaq olduğu kimi, jurnalistikanın da əsas prinsipi həqiqəti cəmiyyətə çatdırmaqdır. Həqiqəti demək üçün də media qurumu müstəqil, jurnalist azad olmalıdır. Azadlıq o deməkdir ki, sən heç kimə tabe deyilsən, heç kimdən pul almırsan, heç kimin də yanında gözükölgəli deyilsən. Üstəlik məsuliyyətlisən, heç kimdən qorxmursan, heç kim də sənə təzyiq etmir ki, bu məlumatı belə yox, belə ver. Təbii ki, bunlar müstəqil mətbuata xas olan cəhətlərdir.
Bəs müstəqil qəzet (TV, radio) dedikdə nəyi başa düşməliyik? Heç kimin əlinə baxmayan, məlumatı heç bir təmənna güdmədən və qərəzsiz şəkildə öz auditoriyasına yetirən vicdanlı araçı müstəqil sayılır. Belə media müstəqilliyini özünün ən qiymətli kommersiya, yaradıcılıq və mənəvi saxlancı sayır. Daim öz müstəqilliyinin keşiyini çəkən belə mətbuat orqanı cəmiyyət adından hakimiyyət üzərində ictimai nəzarəti gerçəkləşdirir, ciddi araşdırmalar aparır, korrupsiya faktlarını ifşa edə bilir. Təbii ki, bu media qurumunda çalışan jurnalist, fəaliyyətini işıqlandırdığı subyektlərdən (ilk növbədə hakimiyyətdən və biznes qurumlarından) öz müstəqilliyini qoruyub saxlamalı, etika və hüquq normalarına əməl etməlidir. Bu normalar azadlıq duyğusu ilə yanaşı, yüksək məsuliyyət hissi də formalaşdırır.
Bilirəm ki, bu yerdə bəziləriniz qımışacaqsınız ki, adamın avazı yaxşı gəlir, heç Azərbaycanda belə media yaratmaq olar? Amma bəzilərinizin də ürəyindən keçəcək ki, istəsək, şərait yaradılsa, niyə olmur ki? Axı həqiqi azad media olmasa, biz yaxşı cəmiyyəti necə qurarıq!?
Bu, sınanmış həqiqətdir ki, azad media normal cəmiyyətlərdə söz azadlığının göstəricisidir. Əvvəldə media haqqında məqaləsindən sitat verdiyim amerikalı professor T.Emersona görə, söz azadlığı ictimai inkişaf üçün mühüm olan fikir müxtəlifliyinə şərait yaradır və sabit ictimai quruluşun dağılmasının qarşısını alır. Deməli, söz azadlığı sabitlik və dəyişiklik arasında müvazinət yaratma mexanizmidir. Azad media isə bu mexanizmin mühərrikidir.
***
Əlbəttə, bu sadə həqiqətləri millət vəkillərinin, medianı çərçivəyə salan, onun ən layiqli nümayəndələrinə qarşı gizli və ya aşkar müharibə aparan məmurların bilməməsinə şübhə edirəm. Jurnalistika ruh və prinsip məsələsidir. Ruhu və prinsipi yoxdursa, yüzlərlə adda qəzet buraxılsa, onlarca telekanal açılsa belə, bu, jurnalistika deyil. Mediada çalışmaq üçün enerji verən belə bir ruh varsa, vicdanlı qələm sahibləri əsas prinsipə — həqiqətə xidmət etməlidir. Bunlar yoxdursa, nə jurnalistika var, nə də əsl jurnalist. Əvəzində gələn mövsümlərdə ağalardan ev və digər maddiyyatlar qoparmaq üçün marağa yatmış çoxsaylı piar və təbliğatçılar ordusu var…
[email protected]

Aynanın yeni köşə rubrikasından.

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 761