Vilnüsdə “Şərq tərəfdaşlığı” sammiti açılıb
Bu gün Vilnüsdə “Şərq tərəfdaşlığı” ölkələrinin sammiti açılıb. Altı postsovet ölkəsi – Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna Avropa Birliyi ilə ikitərəfli sazişləri müzakirə edəcək və imzalayacaq.
Forumda 34 ölkənin dövlət başçıları və nazirləri səviyyəsində nümayəndələr, həmçinin AB rəhbərliyi iştirak edir.
Görüşdə Ukraynanın AB ilə assosiasiya haqqında saziş və azad ticarət haqqında geniş saziş imzalaması məsələsi başlıca intriqa olaraq qalır.
Kiyevin assosiativ sazişi imzalamaqdan imtina etmək niyyəti 2009-cu ildə başlayan “Şərq tərəfdaşlığı” layihəsinin gələcəyini sual alıtna qoyacaq.
Gürcüstan kimi Moldova da AB ilə assosiasiya haqqında sazişi paraflamağı planlaşdırır.
Azərbaycan Vilnüsdə AB ilə viza rejiminin sadələşdirilməsi haqda saziş imzalamağı planlaşdırır.
Bakı assosiativ üzvlük haqqında saziş imzalamaq niyyətində deyil.
Ermənistan assosiasiya haqqında sazişi paraflamağa hazırlaşırdı. Lakin Kremlin təzyiqlərindən sonra prezident Serj Sarkisyan Rusiya ilə Gömrük İttifaqına daxil olmaq istəyini bəyan edib (Turan).