Vilnüs sammitində viza rejiminin sadələşdirilməsi haqda saziş imzalana bilər
“Yəqin ki, Vilnüs Sammitində Azərbaycanla Avropa Birliyi arasında viza rejiminin sadələşdirilməsi haqqında saziş imzalanacaq. Amma sazişin qüvvəyə minməsi üçün readmissiya haqqında sazişin imzalanması da lazımdır”. Bu barədə Avropa Birliyinin Azərbaycandakı müvəqqəti işlər vəkili Toralf Pils jurnalistlərlə söhbətində bildirib.
Onun sözlərinə görə, readmissiya sazişinin layihəsinin hazırlanması yekunlaşmaq üzrədir. “Readimissiya sazişi, yəqin ki, 2014-cü ildə imzalanacaq və sənədlər paketi 2014-cü ildə ratifikasiya edilərək qüvvəyə minəcək”, deyə o qeyd edib.
Xatırladaq ki, Azərbaycanla Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi və readmissiya üzrə danışıqlarda əsas məsələlərlə bağlı bu ilin martında razılıq əldə olunub.
Viza rejiminin sadələşdirilməsi viza almaq üçün təqdim olunan sənədlərin siyahısının azaldılmasını, uzun müddətə çoxdəfəli vizanın alınması imkanlarını, ayrı-ayrı şəxslər kateqoriyası üçün vizanın dəyərinin sadələşdirilməsini nəzərdə tutur (Turan).