Muəllif:

Vətənpərvərlik, boşboğazlıq və yapon fədakarlığı

Yox, mən Ə.Əylislinin «Daş yuxuları»ndan danışmayacam. Bu əsərdəki uğursuz epizodlar, işlədilən sərt ifadələr, həqiqətin təhrif olunması və ən başlıcası milli heysiyyətə toxunan mizan-tərəzinin pozulması haqda deyilən fikirlərə şərikəm. Gərək o boyda yazıçı xüsusi şövqlə təsvir etdiyi zorakı hadisələr üzərindən ləyaqət ölçülərinə sığmayan formada bütöv bir xalqın üzərinə yeriməyəydi. Həm də hər addımda onu didib-parçalamağa hazır olanlara bu fürsəti verməyəydi. Nəsə… olan-oldu və bəlli oldu ki, qeyzlənmiş çoxluq istedadlı yazıçının, əxlaqını qəbul etmədiyi bir cəmiyyət və rejimlə savaşına normal baxmır. Ona görə də Ə.Əylisli kimi böyük yazıçıya olan iyrənc hücumlar ara vermir. Daha çox bir barmaq işarəsi ilə idarə olunan oyuna bənzəyən bu kütləvi hücumların əsas motivi isə belə hallarda kara gələn «vətənpərvərlik» bayatısıdır. Bəli, Vətənin dar günündə onun yaralarına məlhəm olmayanlar indi vətənpərvərlik şərqisinə güc vermişlər, duyğuları dilə gəlib coşmaqda, bülbül kimi ötməkdədirlər. Bu saxta vətənpərvərlik adamı çox qorxudur…
Azərbaycanda xalq hərəkatı başlayanda, millətin yüzlərlə övladı torpaqları qorumaq uğrunda fanatikcəsinə döyüşlərə yollananda biz vətənpərvərliyin gerçək üzünü gördük. Mübariz İbrahimovun şücaəti sayəsində bu duyğunu yenidən yaşadıq. Yəni həqiqi vətənsevərlər şüar demir, «lazım gələrsə…» kimi səfeh boşboğazlıqlar eləmir, çünki onlar əməl adamlarıdır və vətənpərvərliyi müqəddəs missiya bilirlər. Bir də var saxta vətənpərvərlər ki, onların sevgisi dildədir və bu adamlar Vətənə qazanc mənbəyi, rüşvət ocağı, mənsəb meydanı kimi baxırlar.
Bu dünyanı görə-görə gəldikcə «vətənpərvərlik yaramazların son sığınacağıdır» kəlamının nə qədər sərrast deyildiyinə adamda zərrə qədər də şübhə qalmır. Həqiqətən, insan halının hissi-emosional çaları olan vətənpərvərlik bir çox saxtakarlar üçün yaramazlığını, bacarıqsızlığını, bivecliyini, diş altında olan tamahını örtbasdır etmək, həqiqətin üzərinə pərdə çəkmək üçün bir şüardır. Elə cazibədar şüar ki, onunla kütlənin kütləşmiş duyğularını hərəkətə gətirmək, adamları hara desən yönəltmək mümkündür, çətini mexanizm işə düşənəcəndir.
«Vətənpərvərlik» bu gün Azərbaycan jurnalistikasında da sevimli mövzulardandır. Məmurlar mətbuatı vətənpərvər olmağa və ölkənin «sirrlərini» yaymamağa çağırır, rəsmilər jurnalistləri vətənpərvər olmamaqda qınayır. Jurnalistikanın mahiyyətindən bixəbər, amma yaltaqlıqda saç ağartmış savadsız universitet müəllimi də gələcəyin jurnalistlərinə dönə-dönə vətənpərvər olmağı tövsiyyə edir. Amma bu məmur da, vəzifəli şəxs də, heç vaxt burnuna həqiqi jurnalistika havası dəyməmiş həmin o bisavad və riyakar müəllim də vətənpərvərliyin nədən ibarət olduğunu anlada bilmir. Onlara elə gəlir ki, vətənpərvərlik vacib ictimai olayları xəbərləməkdən vaz keçmək, nöqsanlara göz yummaq, araşdırma aparmaqdan çəkinmək, bir sözlə, jurnalistikanın əsas missiyasını unudub buyruq qulu olmaqdır. Halbuki jurnalist vətənpərvərliyinin çox sadə formulu var: baş verən olayları dəqiq və qərəzsiz xəbərləmək, cəmiyyəti düzgün məlumatlandırmaq! Biz bu missiyanı vicdanla gerçəkləşdirə biliriksə, öz peşə borcumuzu yerinə yetiririk. Yox, bunu edə bilmiriksə, üstəgəl hələ bir təbliğat maşınına miniriksə, hətta manipulyasiyadan da çəkinmiriksə, onda bizim ağızdolusu vətənpərvərlikdən dəm vurmaqdan başqa çarəmiz qalmır…
Yaponlar bizdən xeyli irəlidədir, təkcə texnologiyada yox, həm də işgüzarlıqda, ağılda və düşüncə tərzində. Təbii ki, yapon jurnalistinin vətənpərvərlik təsəvvürü də xeyli fərqlidir və bunu dostum Elçin Şıxlı Yaponiyadakı son zəlzələdən sonra bu ölkəyə səfərindən yazdığı təəssüratlarında çox parlaq təsvir edib. Söhbət zəlzələ vaxtı dəhşətli dağıntıya məruz qalmış İsinomaki şəhərində çıxan yerli qəzetin əməkdaşlarının adamı heyrətləndirən fədakarlığından gedir.
Təsəvvür edin, zəlzələdən dağılmış şəhərdə bir həftədir ki, işıq yoxdur, qəzetlər çıxmır, televiziya və radio işləmir, təbii ki, internet də çalışmır. Zəlzələdən sarsılmış insanlar hər şeydən məlumatsızdır, ətraflarında nə baş verdiyini bilmirlər. Belə bir vaxtda yerli «İsinomaki xibi simbun» qəzetinin əməkdaşları işi dayandırmırlar. Onlar ertədən qəzet redaksiyasına toplaşır, tapşırıqlarını alıb adi telefon rabitəsinin də olmadığı şəhərin müxtəlif yerlərinə səpələnərək xəbər toplayır, bu materialları əllə yazıb divar qəzeti buraxmağa başlayırlar. Bu qəzeti səkkiz nüsxə köçürüb əhalinin gur olduğu yerlərdə asırlar. Yuli Sezar dövrünün gil lövhələrini xatırladan bu gündəlik divar qəzetləri bir həftə ərzində milyonluq əhalisi olan şəhərin sakinləri üçün əsas məlumat mənbəyinə çevrilir. Halbuki bu qəzeti çıxaran jurnalistlərin heç də hamısı həmin günlərdə öz ailə üzvləri və qohumlarının taleyindən xəbərdar idi, amma onlar öz peşə borclarını yerinə yetirir, təbii fəlakətlə üzləşmiş həmvətənlərinin dərdlərinə şərik olur, onları ruhdan düşməyə qoymurdular… Və yapon jurnalistləri heç vaxt vətənpərvərlikdən danışmırlar.

Aynanın yeni köşə rubrikasından.

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 653