Vətənin sevməyən
Ankara
Azərbaycan müxalifəti Tbilisidə vahid namizədinin ölkəyə gəlib-gəlməmək məsələsini müzakirə edərkən iqtidara yaxın media quruluşlarından biri toplantının hansısa erməniyə məxsus hoteldə keçirildiyini iddia etdi. Təbii ki, məqsəd aydın idi — rəqibini, onu tənqid edəni, sevməyəni «ermənipərəst» deyə damğalamaq bizim iqtidar texnoloqlarının qədim və sevimli ənənələri sırasındadı. Müxalifət mətbuatı da dərhal bu xəbəri yalanlayaraq hotelin gürcüyə məxsus olduğunu yazdı. Hərçənd bu yalanlama Azərbaycan iqtidarını çətin «sakitləşdirərdi», amma sosial şəbəkədə bir də eyni hoteldə daha əvvəl Dövlət Neft Şirkətinin tədbir keçirdiyini göstərən fotolar yayıldı. Ermənilərlə heç bir təmas fürsətini qaçırmayan hakimiyyətimizin müxalifəti növbəti dəfə «ermənipərəstlik»də ittiham etməsi üçün ortaya atılan iddianın çox tələsik düşünülmüş «komplo» olduğu ortaya çıxdı… və qurbağa gölünə daş atıldı.
Əslində hətta hotelin sahibi həqiqətən erməni olsaydı və hətta o hotelə ilk gedən azərbaycanlılar Milli Şuraçılar olsaydı belə, bu, ciddiyə alınası və münasibət bildiriləsi xəbər deyildi. Amma təəssüf ki, biz hakimiyyət haqqında bir cümlə yaza bilməyib müxalifətə və cəmiyyətə vətənpərvərlik dərsi keçmək eşqinə düşən jurnalistlərin, sezon müxalifətçiliyi ilə məşğul olub həyatının hər gününü mübarizəyə həsr edənlərə barmaq silkələyən siyasətçilərin, hakimiyyətin ermənilərlə səmimi görüntülərinə ağzını açaraq baxıb, müxalifətin erməni siyasətçilərlə təsadüfən belə olsa yan-yana gəlməsini mühakimə edən ictimaiyyət nümayəndələrinin bol olduğu; Qarabağ məsələsinin çox ucuz bazarlıq predmetinə çevrildiyi bir ölkənin vətəndaşlarıyıq. Bu səbəbdən də üzərində siyasi-ictimai yükü olub «ermənipərəst» damğası yeyənlərin hər dəfəsində «yox, elə deyilik» deyə izaha və dəlilə ehtiyac duyması təbiidi…
Hakimiyyətimizin yüksək dozalı «vətənpərvərlik» duyğularından söz düşmüşkən, elə bu yazını yazmağa hazırlaşdığım zaman «Qafqazinfo» saytında gözümə sataşan bir xəbərə diqqət çəkmək istəyirəm. Xəbər son on ildə Azərbaycan Respublikası qarşısında xüsusi xidmət göstərmiş şəxslərin sosial rifah halının yaxşılaşdırılması məqsədilə verilən prezident təqaüdləri ilə bağlıdır. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi bildirib ki, 10 ildə 34961 nəfərə prezident təqaüdü verilib və bu təqaüdlərin orta aylıq məbləği hazırda 116,4 manatdır. Amma xəbərin canı bu deyil. Nazirliyin açıqlamasına görə, son on ildə şəhid ailələrinə verilən prezident təqaüdlərinin orta məbləği 60,5 faiz, müharibə əlillərinə verilən Prezident təqaüdlərinin orta məbləği 10 faiz, Prezidentin fərdi təqaüdlərinin orta aylıq məbləği isə 5 dəfə(!) artıb. İzaha ehtiyac varmı? Varsa, bir daha təkrar edək. Başqalarını vətənpərvər olmamaqda və hətta ermənipərəstlikdə ittiham etmək üçün ən absurd, ən gülünc üsullara əl atan Azərbaycan hakimiyyəti on ildə şəhid ailəsinə verdiyi təqaüdü 60,5 faiz, müharibə əlilinə verdiyi təqaüdü 10 faiz, fərdi təqaüdçülərə verdiyi təqaüdləri isə 5 dəfə, yəni 500 faiz artırıb! O fərdi təqaüdçülərin kim olduğunu da söyləməyə yəqin ki, ehtiyac yoxdu — yazıçılar, aktyorlar, müğənnilər, elm adamları, diplomatlar və sairə. «Hansı yazıçılar, aktyorlar, müğənnilər, elm adamları, diplomatlar və sairə?» sualını verməyə isə heç ehtiyac yoxdu — Azərbaycanda hakimiyyətə məddahlıq etməyən, ya da ən azı ona qarşı loyal olmayan birinin o siyahıda olması mümkün deyil.
Hələ iki il əvvəl «Azadlıq» radiosunun internet saytı Statistika Komitəsinin məlumatlarına istinadən fərdi təqaüdçülərin aldığı pulun Milli Qəhrəman üçün verilən təqaüddən iki dəfə çox olduğunu yazmışdı. Elə həmin statistika başqa bir acı gerçəyi də ortaya çıxarmışdı: əlil kateqoriyasında prezident təqaüdü alanlar arasında ən az təqaüd Azərbaycan Respublikasının müdafiəsi zamanı əlil olanlara verilir. Böyük Vətən Müharibəsi əlilindən, Çernobıl əlilindən, xidməti vəzifəsini yerinə yetirərkən əlil olandan belə daha azdı Qarabağ müharibəsi əlillərinin təqaüdü. Dediyim odur ki, ermənilərlə savaşda əlil olanlara bu cür qiymət verib vətənpərvərliyi ən hörmətsiz duyğuya çevirənlər vətənpərvərlikdən danışmasalar, yaxşıdı…