Muəllif:

Vətəndaşlarımızı Rusiyada kölə kimi işlədənlər məhkəmə qarşısında

Azərbaycan vətəndaşlarını Rusiyada məcburi əməyə cəlb etməkdə təqsirli bilinən Əvəz İlyasovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. İttihama görə, DİN İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan vətəndaşı, Qaradağ rayonu, Səngəçal qəsəbəsində pasport qeydiyyatında olan 46 yaşlı Əvəz İlyasov həbs edilib. Onun bir qrup şəxslə cinayət əlaqəsinə girərək Azərbaycan vətəndaşlarını Rusiyanın Samara şəhərində məcburi əməyə cəlb etməsi faktı müəyyən edilib.
İstintaq müəyyən edib ki, Əvəz, Rzabala və Səid İlyasov qardaşları insan alveri ilə pul qazanmaq qərarına gəliblər. Onlar kasıb ailədən olan azərbaycanlılara tikinti sektorunda iş təklif ediblər, onlar üçün xarici pasport və qatara bilet alıblar, 2011-ci il dekabrın 10-da isə həmyerlilərimizi Samaraya aparıblar. Dəstədə hərənin öz vəzifəsi olub.
Məsələn, Oleq adlı bir nəfər ötən il noyabrın 23-də Əvəzi İlyasovu kölə gətirməsi üçün Rusiyadan Azərbaycana göndərib. Bir aydan sonra Əvəz Bakıya gəlib və Binəqədi rayonu, Biləcəri qəsəbəsində və Nəsimi rayonunda “3-cü mikrorayon” ərazisi kimi tanınan “qul bazarı” adlandırılan yerə yollanıb.
Əvəz İlyasov orada 14 nəfəri taparaq onlara 500 ABŞ dolları məbləğində əmək haqqı və Samara vilayətinin Alekseyevka qəsəbəsində iş, həmçinin yaxşı həyat şəraiti vəd edib.
Dekabrın 10-da aldadılan azərbaycanlılar Alekseyevkaya gəliblər. Burada onları digər qardaş — Rzabala qarşılayıb və pasportlarını alıb. Sədi İlyasov fəhlələrə nəzarətçi kimi təqdim olunub.
Daha sonra həmyerlilərimiz kiçik bir otağa yerbəyer ediliblər və onlara qonşularla münasibət qurmaq qəti qadağan olunub. Elə həmin gündən 14 nəfər donuz fermasını təmizləməyə və heyvanlara baxmağa başlayıblar.
Səid İlyasov bir neçə il əvvəl hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs edilib. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Səid İlyasovun cinayət işi araşdırılan zaman digər qardaşları məsuliyyətə cəlb etmək mümkün olmayıb. Rzabala və Əvəz İlyasov qardaşları Azərbaycanın hüdudlarından kənarda olduğu üçün həbs edilmələri mümkün olmamışdı. Lakin bu ilin əvvəllərində hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətkar şəbəkənin daha bir üzvü Əvəz İlyasovu həbs edə biliblər. Amma Rzabala İlyasovu həbs etmək mümkün olmayıb. Buna görə də Rzabala İlyasovun barəsində İnterpol vasitəsil ilə beynəlxalq axtarış elan edilib.
Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə Əvəz İlyasovun cinayət işi üzrə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Dövlət ittihamçısı təqsirləndirilən şəxsin ittihamnaməsini açıqlayıb. Onun ittiham olunduğu maddələri elan edib. Daha sonra məhkəmə iclasında ifadə verən Əvəz İlyasov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. Məhkəmə iclası daha sonra zərərçəkmiş şəxslərin ifadəsi ilə davam edib.
Qeyd edək ki, oktyabrın 4-də Bakı Apelyasiya Məhkəməsində Səid İlyasovun apelyasiya şikayəti üzrə məhkəmə başlayacaq. Səid İlyasov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən narazı qalıb və apelyasiya şikayəti verib. O, şikayətində birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilnəsini və barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Onun apelyasiya şikayəti üzrə məhkəmə araşdırmasını hakim Həsən Əhmədov araşdıracaq.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 183