Vətəndaşla təmir müqaviləsi bağlayıb, pulları basıb yeyib
Vətəndaşların külli miqdarda pulunu mənimsəmiş «Repair House» MMC-nin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb. Baş Prokurorluqdan bildirilir ki, «Repair House» MMC vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə daxil olmuş materiallar araşdırılıb. Müəyyən edilib ki, MMC-nin direktoru Məhəmməd Alməmmədov vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə cəmiyyətin digər üzvləri ilə cinayət əlaqəsinə girərək Bakı sakinlərinin mənzillərinin təmiri ilə bağlı müxtəlif tarixlərdə müqavilələr bağlayıb, lakin faktiki olaraq həmin mənzillərdə təmir işləri aparılmayıb, bununla da vətəndaşlara ümumilikdə 113.0 min manat məbləğində ziyan vurulub.
Fakta görə CM 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə vətəndaşlara vurulmuş ziyanın ödənilməsi və onların pozulmuş hüquqlarının bərpası istiqamətində zəruri istintaq tədbirləri davam etdirildiyi xəbərə əlavə olunur.