Vergi Məcəlləsi: dəyişiklik gəlirlərə təsirsiz olmayacaq
Vergi Məcəlləsinə yeni əlavə və dəyişikliklər ölkə prezidenti tərəfindən təsdiq olundu. Rəsmi açıqlamalara görə, bu dəyişiklik əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasının və antikorrupsiya tədbirlərinin ilkin mərhələsi kimi qiymətləndirilir.
Son dəyişiklikləri şərh edən İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) eksperti Gülnar İsmayılova bildirib ki, məcəllədə fiziki şəxslərdən gəlir vergisinin ödənilmə sxemi dəyişdirilib. Belə ki, gəlir vergisi üzrə faiz dərəcələrinin dəyişdirilməsi əhalinin gəlirlərinə birbaşa təsir göstərəcək. Bu əsasən əməkhaqqı 200 manatadək və 2500 manatdan çox olanlarda özünü göstərəcək. Belə ki, indiyədək aylıq gəliri 200 manata kimi olanlardan minimum əmək haqqı məbləği (93,5 manat) çıxılırdısa artıq bu ildən həmin məbləğ 125 manat olacaq. Bu da yeni dəyişikliklərdən sonra vergiyə cəlb olunmayan hissə kimi minimum əməkhaqqı, yaşayış minimumu ilə əvəz olunması ilə bağlıdır. Qeyd etmək lazımdır ki, ölkə üzrə yaşayış minimumu ilkin layihədə 116 manat nəzərdə tutulsa da, Prezidentin təsdiq etdiyi qanunda 125 manat qeyd edilib.
Mərkəz eksperti deyib ki, aylıq gəliri 2500 manatdan yüksək olanlar üçün 30 % gəlir vergisi tutulurdusa, artıq yeni qanuna əsasən aylıq məvacibləri 2500 manatdan çox olanlar 25 % vergi ödəyəcək. Vergi Məcəlləsinin 102.4 — cü maddəsində nəzərdə tutulan fiziki şəxslərin (yəni həlak olmuş və yaxud sonradan vəfat etmiş döyüşçülərin valideynləri, vəzifə icrası zamanı həlak olmuş dövlət qulluqçularının valideynləri və ərləri (arvadları), Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı həlak olmuş şəxslərin valideynləri və arvadları (ərləri), Əfqanıstana və döyüş əməliyyatları aparılan başqa ölkələrə göndərilmiş hərbi qulluqçular və hərbi vəzifəlilər, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər ) aylıq gəlirinin vergi tutulmayan hissəsi 55 manat idi artıq 100 manat məbləğində olacaq.
Gülnar İsmayılova bildirib ki, azadolmalar siyahısına yeni bənd əlavə olunub, belə ki eks-prezidentlər və onların ailə üzvlərinə ödənilən pensiya, məvacib və digər ödənişlərin məbləğı gəlir vergisindən azaddır. Vergi Məcəlləsində texnoloji və sənaye parklarının inkişafının təmin olunması üçün vergi tətillərinin tətbiq olunması nəzərdə tutulur. Sənaye-texnoloji parklar 7 il müddətində ƏDV-dən azad olunacaq. «Sumqayıt Texnologiyalar Parkı» MMC-nin nəzdində 17 zavod fəaliyyət göstərəcək və bunların hər birinə vergi tətilləri veriləcək. Yəni burada fəaliyyət göstərən hüquqi şəxslərin parkdakı fəaliyyətindən əldə etdikləri gəlirlər 7 il müddətinə vergiyə cəlb olunmayacaq.
Ekspert əlavə edib ki, Məcəllədə sadələşdirilmiş vergi ilə bağlı ciddi dəyişikliklər olub, belə ki, yeni qanuna əsasən həm fiziki həm də hüquqi şəxslər üçün illik dövriyyə eyni həddə 120 min manat nəzərdə tutulub. Əvvəlki dövrlərdə isə illik dövriyyəsi 150 min manat olan hüquqi şəxslər və illik dövriyyəsi 90 min manat olan fiziki şəxslər sadələşdirilmiş vergiyə cəlb olunurdu.