Veloturun I mərhələsində bizim idmançı qalib gəldi
Beynəlxalq velosiped turnirinin I mərhələsində Azərbaycan komandasının idmançısı qalib gəlib. Azərbaycanın velosiped idmanı üzrə ilk peşəkar komandası «Synergy Baku Cycling Project» mayın 1-5-də Azərbaycanda keçirilən və Heydər Əliyevin 90 illiyinə həsr edilmiş «Tour d’Azerbaidjan» beynəlxalq velosiped turnirində minimum tapşırığın öhdəsindən gəlib.
Trend-in məlumatına görə, bu barədə çərşənbə günü velosiped turnirinin I mərhələsinin qalibi olmuş Azərbaycan komandasının idmançısı Kristof Şvaytser mətbuat konfransında deyib. İkinci yeri «Atlas» komandasından Maksim Averin, üçüncü yeri isə «Rabobank» komandasının üzvü Martin van Treyp tutub.
«Synergy Baku Cycling Project»in heyətində çıxış etdiyimə görə fəxr edirəm. Çox güclü komandadır. Komandanın heyətində çıxış etmək və yer tutmaq mənim üçün böyük fəxrdir. Bizim üçün minimum tapşırıq mərhələlərdən birinin qalibi olmaq idi və biz bu məqsədə çatdıq. Bu mərhələnin gedişatı zamanı qalib gəlmək perspektivimizin çox qaranlıq olmasına baxmayaraq, son məqamda irəli çıxaraq qalib gəlməyi bacardım. Komandama çox təşəkkür edirəm, onsuz bu qələbəni qazana bilməzdim. Onlar lazımi müşayiəti təmin etdilər, bunun sayəsində havanın müqaviməti və mənim üzərimə düşən yük azaldı», — Şvaytser deyib.
Şvaytser birinci mərhələdəki qələbəni atasına həsr edib. Onun atası bu gün ad gününü qeyd edir. Şvaytser turnirin yüksək səviyyədə təşkil edildiyini də vurğulayıb.
Yarışlarda 25 komanda iştirak edir.
Xatırladaq ki, velosiped turu 5 mərhələdən ibarət olmaqla Bakı şəhəri, Abşeron, Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki rayonları ərazisində keçirilir. Tour d’Azerbaïdjan — UCI Europe Tour çərçivəsində 2.2. kateqoriyası üzrə velosiped yarışıdır.
Turun ikinci mərhələsi may ayının 2-də Bakı şəhərində Şıx çimərliyi ilə üzbəüz ərazidəki, yenidən qurulmuş müasir velosiped parkından start götürərək «Bakı — Abşeron — Qobustan — Şamaxı — İsmayıllı» marşrutu üzrə keçiriləcək və velosipedçilər 183 kilometr məsafə qət etdikdən sonra İsmayıllı şəhərində finiş xəttini keçəcəklər.
Üçüncü mərhələ mayın 3-də «Qəbələ — Oğuz — Şəki — Oğuz — Qəbələ» marşrutu üzrə (165 kilometr) keçiriləcək. Dördüncü mərhələ mayın 4-də «Qəbələ — Şamaxı» marşrutunda davam edəcək. Velosipedçilər 116 kilometr məsafə qət edib, dəniz səviyyəsindən təxminən 1450 metr hündürlükdə yerləşən Pirqulu rəsədxanasının yaxınlığında, Vergilər Nazirliyi Tədris Mərkəzinin qarşısında finiş xəttini keçəcəklər.
Beşinci — sonuncu mərhələ isə mayın 5-də Azadlıq meydanından start götürərək, Bakı şəhərinin mərkəzi küçələri ilə 144 kilometr məsafədə 12 dəfə dövrə vurmaqla yekunlaşdırılacaq.