Vəkil: Müstəntiqə Rəqsanə lazım idi, mənə zəng edəydi
Rəqsanənin axtarışa verilməsi ilə bağlı məhkəmə qərarının olmadığı üzə çıxıb. Bunsuz isə şəxs axtarışa verilə bilməz. Onda bu necə olur? Məsələ Kərbəlayı Zalın məşhur «bomba rabatay»ına bənzəməkdədir.
“Rəqsanə İsmayılovanın barəsində axtarış verilməsi ilə bağlı məlumat düzgün deyil. Axtarışın verilməsi ilə bağlı qərarı məhkəmə verir və belə bir məhkəmə qərarı da yoxdur”.Bu barədə açıqlamanı AYNAya Rəqsanə İsmayılovanın vəkili Xalid Bağırov verib. Vəkil deyib ki, Rəqsanənin axtarışa verilməsi ilə bağlı mətbuatda məlumat yayılandan sonra Bakının Suraxanı, Nərimanov, Xətai və Nizami rayon Məhkəmələri ilə əlaqə saxlayıb. Vəkilin sözlərinə görə, Rəqsanənin axtarışa verilməsi ilə bağlı məhkəmə qərarının olmadığı məlum olub.
Xalid Bağırov bildirib ki, Rəqsanə İsmayılovanın istintaqa çağırılması ilə bağlı müstəntiqin polisə göndərdiyi məktub var. Vəkilin sözlərinə görə, həmin məktbulada şəxs haqqında axtarış verilə bilməz. Vəkil qeyd edib ki, həmin məktub istintaqa məcburi gətirilmə haqqında qərardır:
“Müstəntiqə Rəqsanə lazım idi, mənə zəng edəydi. Mən də Rəqasənini gətizdirərdim. Daha bu qədər səs-küy salmağa əsas yox idi”.
Vəkil bildirib ki, Rəqsanə İsmayılova Bakı şəhər Baş Polis İdarəsində başlanan cinayət işində şahid qismində keçir. Onun sözlərinə görə, həmin cinayət işində Rəqsanə İsmayılova təqsirləndirilən şəxs qismində cəlb edilməyib: “Rəqsanə də işi ilə bağlı Rusiyaya gedib. Burada səs-küy salıblar ki, Rəqsanə qaçıb, Rəqsanə heç bir yerə qaçmayıb. İşi ilə bağlı Rusiyadadır”.
Xalid Bağırov bildirib ki, istintaqı aparılan işdə cinayət tərkibi yoxdur. Onun sözlərinə görə, həm Təranə Səmədova, həmdə Faiq Ağayevlə olan məsələ mülki qaydada məhkəmədə həll olunan məsələdir.
Qeyd edək ki, Bakı şəhər Baş Polis İdarəsinin yaydığı məlumata görə, Rəqsanə İsmayılovanın tutulması istiqamətində işlər aparılır. Qeyd olunub ki, Rəqsanə İsmayılova barəsində Suraxanı Rayon Polis İdarəsi tərəfindən CM 178-ci maddəsi ilə cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə axtarışa verilib. Hazırda Rəqsanə İsmayılovanın tutulması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.