Muəllif:

Vəfa Zeynalova: “İndiki ağlım olsun, ancaq 22 yaşımda qalım”

Aktrisa Vəfa Zeynalova uzun illərdən bəri səmimiyyəti və həlim xasiyyəti ilə əksəriyyəti özünə dost edə bilib. Onu yaxından tanımaq hər adama müyəssər olmur. Sənətdən kənara çox çıxmasa da, elə böyük gizlinlərinin olmadığını deyir:
— Hər zaman səmimi olmağa çalışmışam. Amma özündən razı olduğumu deyənlər də var. Ancaq bu, belə deyil. Aktrisa olmaq istəməsəm də, universitet illərindən mənə bir aktrisa kimi hər zaman tələbat olub. Filmlərə, teatra, bir çox kanallara dəvətlər almışam. Hətta ANS telekanalında aparıcı olaraq özümü sınamışam, ancaq alınmayıb. Mən dincəlməyi bacarmıram. Hətta günəşin altında uzanıb istirahət etmək istəyəndə belə, beynimdə hansısa ideya olur.

— Ancaq həmkarlarınız aktrisa olmalarına baxmayaraq, mahnı oxuyur, aparıcılıq edirlər.

— Mən də təklifləri dəyərləndirirəm. Əgər kimdəsə bu sahədə alınırsa, o zaman nə söz. Piar xətrinə bunu edirlərsə, bu başqa məsələ. Lakin mən heç vaxt müğənnilik etmərəm.

— Səsiniz var?

— Səsim var, ancaq özümə görə. Hər bir insanın səsi var. Sadəcə, bundan düzgün və yerində istifadə etmək lazımdır.

— Həmkarlarınız arasında soyuq müharibələr çox olur. Kənardan onlar necə görünür?

— Hər bir insanın ağlı və şüuru var. Bir zaman bu kimi qalmaqallar səngimirdi. Sözümü deyirəm, bunu yaxşı və pis qəbul edənlər var. Hər kəs öz işinin ustası olmalıdır. Mənim də hazırda işim olmasaydı, boş oturmaqdan mən də belə işlərlə məşğul olardım.

— Sizin də küsülü olduğunuz sənət dostunuz var?

— Hər kəslə münasibətim çox yaxşıdır.

— Məleykə Əsədova ilə barışmısınız?

— Mən heç kimlə küsməmişəm. Sözümü deyirəm, kim necə istəyir, qəbul etsin. Hər kəs iş yoldaşımdır. Sayanın qulu, saymayanın ağasıyam.

— Bəzən süni aktrisa siyahısında sizində adınız hallanıb.

— Hamının fikrinə hörmətlə yanaşıram. Zövqlər müxtəlifdir. Hər hansı bir işi görəndə ora ürəyimi qoyuram. Sözümü peşəkarlar yaxşı başa düşər. Süni aktrisa olsaydım, mənə bu qədər tələbat olmazdı.

— “Aramızda qalsın” serialında Kamilə Babayeva ilə rəfiqəydiniz. Çəkiliş zamanı aranızda rəqabət var idi?

— Münasibətlərimiz çoxjanrlıdır. Kamilə aktrisa deyil, ancaq onda bu sahədə alınır. Onunla heç bir rəqabətim yoxdur. Rolun böyük-kiçikliyinin fərqi yoxdur. Əsas odur ki, sənə verilən işin öhdəsindən layiqincə gələ biləsən.

— “Oskar” mükafatına layiq görülən “Qara qu quşu” filminin baş rol ifaçısı Natali Portman filmdə aktrisa olur və dünyasını elə səhnədə dəyişir. Bütün aktrisalar kimi siz də düşünürsünüz ki, ən xoşbəxt aktrisa elə səhnədə dünyasını dəyişməlidir?

— Oskardan danışmayın, yaralı yerimdir. Ölmək istəmirəm (gülür…). Ancaq buna baxmayaraq, insan gün ərzində 3 dəfə ölümünü göz önünə gətirməlidir. Hər zaman Allahımdan çox razı olmuşam. Ölmək hissini heç vaxt özümə yaxın buraxmıram. Hətta onu da deyərdim ki, analıq dövrünü də səhnədə keçirmişəm. Hamilə olaraq, çevik bir qız obrazını da ifa etmişəm. Həmin tamaşadan iki gün sonra da ana olmuşam. Təbii ki hər bir aktyor daima səhnədə qalmağı arzulayır. Hərdən də deyirlər ki, az məvaciblə teatrda niyə qalırsan? Ancaq teatr mənim üçün hər şeydir. Bura bir bataqlıqdır.

— Bataqlığın batıb qalmaq məqamları çoxdur…

— Hər bir sahədə çirkinliklər mövcuddur. Sadəcə, bu yolu düzgün şəkildə keçmək lazımdır. Bəzi aktyorlar yaşlandıqca, bu sahədə daha çox qalmaq istəyirlər. Bəlkə də indi vaxtım elə də çox deyil, qocalanda yəqin ki vaxtım çox olacaq və teatra baş çəkməyə gedəcəyəm. Əsas odur ki, Allah ağlımı başımdan almasın. Aktyorlar bir az emosional olurlar.

— Ailənizdən danışa bilərsiniz?

— İki qızım var. Ailədə çox uşaq olduğumuza görə daima bir-birimizə dəstək durmuşuq, mehriban olmuşuq. Bizim evdə qayınana-gəlin münasibəti yoxdur. Qayınana, hər zaman mənə dəstəkdir. Qızlarımı bacılarım, qayınanamı isə anamız bilirik.

— Həyat yoldaşınız sizə yetərincə sərbəstlik verib?

— Hər şey çərçivədədir, o, məni başa düşür. İlk gündən dostluq münasibətimiz olub. Sonradan da sevgiyə çevrilib. Müəyyən problemi aramızda çözə bilirik. O, bilir ki, ona deməmiş heç nə etmərəm. Demirəm ki, bizim ailə idealdır, yox. Təbii, hər bir ailədə söz-söhbət olur.

— Bəlkə də nümunəvi ailəniz var. Ancaq sirr deyil ki, sizin kimi gənc və gözəl xanımların aşiqləri çox olur.

— Göz önündə olan tanınmışların ailə həyatının dağılması da məhz belə hallardan baş verir. Mənə də eşq elan edən olub. Evimə zəng ediblər. Yoldaşım haqqında zəng edib nələrsə deyənlər də olub. Əsas odur ki, ailədə inam olsun. Yolda gedərkən məni tanımaları və yaxınlaşıb şəkil çəkdirmələri normal haldır. Hərdən zarafatla deyirəm ki, qızlar mənə yaxınlaşanda gülərək kənara çəkilirsən, ancaq oğlanlar yaxınlaşanda pisinə gəlir? Ərimə deyirəm ki, təkcə sənə aid deyiləm. Mən həm də tamaşaçılara aidəm.

— Yaşlanmaq qorxusu var?

— Hər yaşın öz gözəlliyi var. Uşaq olanda hər zaman arzulayırdım ki, tez böyüyüb 22 yaşında hündür daban ayaqqabılar geyinim. Hərdən də deyirəm ki, indiki ağlım olsun, ancaq 22 yaşımda qalım. O zaman həyata baxış tamam başqa idi. İndi isə tamamilə fərqlidir. Hazırkı gənclər daha açıq, daha oyaqdırlar. Bu da yəqin texnologiya ilə, efirlərlə bağlıdır. Qocalığa o qədər də meyl etmirəm. Səhnə insanlarına qocalmaq bir az yad gəlir. Ölümdən qorxuğum kimi, qocalmağı da istəmirəm.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 622