Muəllif:

Vəfa Quluzadə: İrana getmək təhlükəlidir

Təbrizdə həbs edilən Azərbaycan vətəndaşları hələ də Azərbaycan tərəfə təhvil verilməyib, onların taleyi müəmmalı olaraq qalır. Bu və bundan əvvəlki bənzər hadisələr  Quzey Azərbaycan cəmiyyətində ictimai fikirdə belə bir  rəyi möhkəmlədir ki,İrana getmək təhlükəlidir,  belə bir risk vətəndaşımızı gözlənilməz situasiya ilə üz-üzə qoya bilər. 

Aradan neçə gün keçməsinə baxmayaraq,Azərbaycan vətəndaşları Xalidə Xalid və Şamxal Hüseynov hələ də Azərbaycan tərəfinə təhvil verilməyib. Bu barədə Turan-a Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib. 

  “Azərbaycan vətəndaşlarının yaxın zamanda təhvil verilməsi üçün təmaslarını davam etdirir. Həm də vətəndaşlarımızla görüşə nail olmaq  üçün təmasları davam etdiririk”, — deyə o qeyd edib.

Azərbaycanın xarici siyasət məsələləri üzrə keçmiş dövlət müşaviri Vəfa Quluzadə Turan-a bildirib ki, İran tərəfinin hərəkətləri beynəlxalq hüquq və diplomatik normalara uyğun deyil. Onun fikrincə, Azərbaycan vətəndaşları naməlum səbəblərdən tutulub.

“İran Azərbaycan vətəndaşlarının hansı əməllərinə görə həbs etdiyini izah etmir. Normal hüquqi, demokratik dövlətlərdə ilk öncə həbsin səbəbləri izah olunur. Diplomatik normalara uyğun olaraq həbs edilən şəxslə onun ölkəsinin səfirliyi və ya konsulluğunun əməkdaşlarının görüşünə imkan yaradılır”, — o bildirib.

 V.Quluzadə müqayisə  üçün deyib ki, Amerikada Rusiya vətəndaşı olan Viktor But diktator rejimlərə silah alveri ittihamı ilə həbs edilib. O həbs edilən kimi Rusiya diplomatik idarələri, ailə üzvləri, həyat yoldaşı ilə görüşünə şərait yaradılıb. İranda isə beynəlxalq normalar işləmir.

Keçmiş dövlət müşaviri həmçinin  İrana geyməyin təhlükəli olduğunu da diqqətə çatdırıb. “İrana getmək çox təhlükəlidir. Hər bir adamı bilinməz səbəbə görə həbs edə bilərlər. Bu ölkədə beynəlxalq hüquq normaları yalnız rəhbərlik göstəriş verəndə tətbiq olunur”, — V.Quluzadə bildirib.

Keçmiş səfir Hikmət Hacızadə Turan-a deyib ki, prosedur qaydalarına görə, Azərbaycan vətəndaşlarının azadlığa buraxılması üçün İran məhkəməsinin qərarı olmalıdır.

  Azərbaycan vətəndaşları, — Azərbaycan  MEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işçisi Xalidə Xalid və sürücüsü Şamxal Hüseynov aprelin 30-da gecə saatlarında Təbrizdə azərbaycanlı fəal Məhəmməd (Oxtay) Rəşidinin ata evində İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən tutulublar.

 Azərbaycan tərəfinin notalarından sonra İran XİN Azərbaycan vətəndaşlarının qanunsuz fəaliyyətə görə saxlandığını açıqlayıb. Amma qanunsuz fəaliyyətin nədən ibarət olduğu açıqlanmır. 

   Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə mayın 18-21-də İranda səfərdə olarkən İranın Azərbaycan səfiri Azərbaycan vətəndaşlarının həbsdən azad edildiyini bildirib. Amma vətəndaşlar hələ də Azərbaycan tərəfinə təhvil verilməyib. Səfirlik vətəndaşların indiyədək təhvil verilməməsini prosedur qaydaları ilə izah edir.  

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 336