Muəllif:

«Vardar ovası»nın Rakısı

İstanbul

«Vardar ovası» Rumeli türküsüdür, Balkan türklərinin xalq mahnısıdır. Osmanlıdan günümüzə qədər gəlmiş ən gözəl xalq yaradıcılığı örnəklərindən biridir. Vardar ovası Osmanlı hüdudlarındakı, indiki Makedoniyanın ən uzun çayı olan Vardar sahilində, paytaxt Üsküpün (Skopye) ətrafındakı torpaqlardır. Odur ki, nəşə və sevinclə bərabər hüzn var türküdə, qaçqınlıq, köçkünlük var, Vətən həsrəti var.
Atatürkün ən sevdiyi parçalardan biridir. Şəxsən mən bu türkünü hər eşitdiyimdə gözümün önünə Mustafa Kamal Paşa gəlir. Salonikidə doğulmuş Atatürkün «Vardar ovasını» necə hüznlə dinlədiyi canlanır gözümün önündə. Hərbi karyerasının başladığı yerdir həm də o füsünkar torpaqlar. Osmanlı İmperatorluğunda Balkanların fəthinə çıxmış türklərin soyundan gələnlərə «Evlad-i Fatihan», yəni «Fatihin, fəth edənlərin övladı» deyirlər. Həm ata, həm də ana tərəfdən «Evlad-i Fatihan» olan Atatürk üçün bu türkünün nə qədər dəyərli olduğunu kəlimələrlə izah etmək mümkün deyil….
Bu yaxında iqtidarın baş ideoloqu, Baş nazirin müavini Bülənt Arınç onun şərəfinə verilən ziyafətdə bir müğənninin «Vardar ovası» türküsünü oxuyarkən musiqiçiləri saxlayaraq, «Bu mahnının sözlərində rakı sözü var, başqasını oxuyun» deyərək, qaba bir şəkildə sözlərini kəsmişdi. Bu olay o qədər böyük rezonansa səbəb oldu ki, Arınç ertəsi gün sözlərinin zarafat olduğunu söylədi.
Bu həftə qüvvəyə minən «İçki yasağı»na isə zarafat deyə bilməyəcəklər. İndən belə saat 22-dən sonra spirtli içkilərin pərakəndə satışına icazə verilmir. Spirtli içkilərin TV-lərdə reklamı da yasaqlandı, hətta içkilər film, serial və kliplərdə də görünməyəcək. Filmlərdə sərxoş rolu oynayan aktyor içki içmədən sərxoş olacaq bundan sonra.
Absurddur bu olanlar. Amma bu və bunun kimi yüzlərlə absurdla hökümət 2020-də Olimpiada keçirtmək istəyirdi İstanbulda. Milyonlarla türk kimi mən də İstanbulun bu şansı itirdiyinə üzüldüm. Ekranda İstanbulun təqdimat klipini görəndə isə gözlərimə inanmadım. Klipdə ancaq və ancaq modern geyimli insanları, gənc və yaraşıqlı qızları, oğlanları çəkmişdilər. Və ən inanılmazı — bircə nəfər də olsun başıbağlı qadın görsənmir klipdə. Sanki 17 milyonluq şəhərdə bir nəfər də olsun çadralı, hicablı qadın yoxdur. Klip əzan səsi ilə Rihannanın ifasında mahnının «miksi» ilə başlayır. Türkünü «rakı» sözünə görə susdur, amma içində «extacy» sözləri olan mahnını əzanla birləşdir. Türklər demişkən «Yuhhh, yani»…
2020 Olimpiadası İstanbulun da haqqı idi, təəsüf ki, uduzdu. Amma bu yarışı Tokio qazanmadı, Türkiyə əldən verdi. Xalqı «sizlərə» və «bizlərə» ayırmaqla, insanların həyatının bütün sahələrinə qarışmaqla, Gezi parkındakı yeni nəslin səsini qulaqardı etməklə, şiddətə bu qədər rəvac verməklə, Suriya məsələsində «kəsərəm, biçərəm» deməklə olmaz bu işlər. İstanbulun göbəyində haremlik-selamlıq kimi qızlara ayrı, oğlanlara ayrı hovuz inşa etməklə də olmaz. Atatürk dünyada bir ilkə imza ataraq 19 mayı «Gənçlik və idman bayramı» elan etmişdi. Sən qalx onun adını silmək üçün idman bayramını unutdur, sonra da de ki, idman ölkəsiyəm, Olimpiada keçirdəcəm. Belə də olmaz, kimsə səmimiyyətinə inanmaz. Necə ki inanmadılar.
Rakıya gəlincə. Bu spirtli içkinin adı nəqarətdə bircə yerdə keçir. Bir çox sənətçilər isə «rakı» əvəzinə «sıla» (Vətən həsrəti) deyirlər. Çünki türkünün orijinalında «sıla»dır. Zatən mahnının yaranma tarixi «rakının» sonralar əlavə edildiyini göstərir…
1371-ci il. Padişah I Murad Üsküpü mühasirədən sonra ələ keçirib. Savaş qazanılıb, Osmanlı İmperatorluğu genişlənir və böyüyür. Balkanlar artıq Türk hakimiyyəti altına girib. Ətraf kəndlərdən insanlar axın-axın Osmanlıya sığınır. Onların içində gənc bir qız da Vəzir Çandarlı Əli Bəyin oğlu Halil Paşanın himayəsinə keçir, onunla Anadoluya qayıdır və sonra da izdivac edirlər. Xoşbəxtdir gənc qız, amma məmləkət həsrəti, Rumeli özləmi heç bitməz. Bu həsrətdən, bu sıladan yaranır türkü…
95 yaşındakı Müzeyyen Senar ifasına siz də qulaq verin. Atatürk hər dinlədiyində çox hüznlənərmiş. «Evlad-i Fatihan»dır babaları Atatürkün, bağrı qürbət, həsrət, sıla ilə yanarmış…
Mayadağ’dan kalkan sazlar Al topuklu beyaz kızlar Yarimin yüreği sızlar
Eylenemem aldanamam
Ben bu yerlerde duramam
Vardar Ovası Vardar
Ovası Kazanamadık rakı (sıla) parası
Vardar akar hızlı hızlı
Kenarları karlı buzlu
Kara kaşlı yar bana bakar
Sen misin Vardar güzeli
Mayadağ’ın yıldızıyım
Ben ninemin bir kızıyım
Efendimin sağ gözüyüm
Vardar akar lüle lüle
Sesi de benzer bülbüle.
[email protected]

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (1 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 457