Vaqif Sultanlının «Ölüm yuxusu» kitabı Londonda nəşr olunub
Bəlli olduğu kimi, Azərbaycan ədəbiyyatının dünyanın müxtəlif ölkələrdə nəşri və təbliği günün ən aktual vəzifələrdən biridir. Son illərdə bu istiqamətdə müəyyən addımlar atılsa da, görülən işlərin yetərincə olmaması, sistemli səciyyə daşımaması, xüsusilə pərakəndəliyi diqqətdən yayınmamalıdır. Şübhəsiz ki, bu işdə Azərbaycan Mədəniyyət Nazirliyinin, Azərbaycan Yazıçılar Birliyinin, Tərcümə Mərkəzinin üzərinə ciddi vəzifələr düşməkdədir.
Ədəbiyyatımızın dünyada təbliğində tanınmış yazıçı-ədəbiyyatşünas Vaqif Sultanlının xidmətləri diqqəti çəkməkdədir. Bu günlərdə onun «Ölüm yuxusu» («The Dream of Death») adlı kitabı Böyük Britaniyada (London, 2013) nəşr olunmuşdur. Yazıçının eyniadlı povestinin, müxtəlif illərdə qələmə aldığı hekayələrinin daxil edildiyi kitab Michael Brannokun redaktəsi ilə nəşr edilmişdir.
Qeyd edək ki, bu, Vaqif Sultanlının ingilis oxucularına təqdim olunan ilk kitabı deyildir. Belə ki, ötən il yazıçının «İnsan dənizi» romanı İngiltərə və Amerikada nəşr olunmuş, habelə onun tərtibatında (Dr.İrəc İsmaeli ilə birlikdə) «Müasir Azərbaycan nəsri» antologiyası (Trafford Publishing, İndiana, Bloomington, 2012) ingilisdilli oxuculara təqdim edilmişdir.
Müəllifin bədii yaradıcılığında xüsusi yer tutan, real və şərti-metaforik üslubun qovuşuğunda qələmə alınmış «Ölüm yuxusu» povestində təsvir obyekti kimi seçilən yolun çəkilişi fonunda məzarlığın köçürülməsi problemi cəmiyyət həyatında baş verən ciddi xaos, çaxnaşma kimi canlandırılır. Təsvir olunan hadisələrin xaos kontekstində təqdimi obrazların xarakter cizgilərini, mənəvi dünyasının gizli çalarlarını bütün yönlərilə aşkarlamağa imkan verir. Gərgin, dramatik konflikt fonunda davam edən, qəbiristanlığı uçuran buldozerçinin intihar etməsi ilə tamamlanan povestdə mənəvi-əxlaqi dəyərlərdən imtina olunması ölümlə eyniləşdirilir.
Vaqif Sultanlının «Ölüm yuxusu» kitabına daxil edilmiş «Vətən», «Səhər dumanı», «Mağara», «Qütb gecəsi», «Kor düyün» və «İlğım» hekayələri özünəməxsus, orijinal, bənzərsiz yazı tərzi ilə seçilməkdədir. Yazıçı qələmə aldığı hekayələrdə mənsub olduğu ictimai mühitin əsirinə çevrilən insanların həyəcan, sarsıntı və qayğılarını əks etdirməyə çalışmışdır.
«Ölüm yuxusu» kitabına daxil edilən povest və hekayələri birləşdirən ümumi cəhət onların daxili-mənəvi ovqata köklənərək qələmə alınması, mövzu-problematika baxımından aktuallıq kəsb etməsi, cəmiyyətdə özünü göstərən özgələşmə, yaddaşsızlaşma, biganələşmə probleminə etiraz motivləri ilə seçilməsidir.
Xatırladaq ki, Vaqif Sultanlının redaktorluğu və tərtibatı ilə hazırlanmış iri həcmli «Müasir Azərbaycan qadın nəsri» («Modern Azerbaijani Women Prose») antologiyası yaxın günlərdə Amerikanın Trafford nəşriyyatında çap olunacaqdır.