Vaqif Səmədoğlu — müdriklərlə üz-üzə
Vaqif Səmədoğlu bu dəfə də fərqləndi. Daha doğrusu, bizim ədəbi mühitdə çox az yazara nəsib olan müstəsna fərqlənmək başarısını göstərdi. Orijinal, yeni, ilk kəz yalnız onun özünün söyləmiş olduğu ağıllı, düşündürücü fikirlər toplusu… Vəzndən yüngül, qiymətdən ağır, balaca, lakin mənə görə olduqca sanballı yeni bir kitabça ilə oxucu arenasında göründü. Bu kərə bir şairdən daha çox, çağdaş günlərimizin müdrik bir insanı olaraq kitablardan oxuyub bildiyimiz qədim “Müdriklərlə üz-üzə” dayandı. Buna “müdriklərlə yanaşı dayanmaq” da demək olar.
Onun yaşda olan Azərbaycan yazarlarından kiminsə belə bir yüklə ortaya çıxa biləcəyini zənn etmirəm.Gərək fitri ağıl sahibi olasan ki, xalq dilində aforizmə çevrilən bu deyimləri deyə biləsən.
Bizim də onun dilindən çox eşitdiyimiz bu deyimləri onun ömür-gün yoldaşı, Vaqif bəyin düşüncə dünyasına daha dərindən bələd olan Nüşabə Babayeva-Vəkilova ipə-sapa düzüb. Nüşabə xanım deyir:
“Vaqif Səmədoğlu yaradıcılığıyla görünüşü, psixoloji durumu arasında sıx bağlılıq mövcuddur. Sirli bir bağlılıq… Onu illərlə müxtəlif şəraitlərdə: yaradıcılıq prosesində, ictimai yerlərdə, məişətdə müşahidə etdiyim üçün bunu deməyə haqqım çatır.
Vaqif Səmədoğlu mürəkkəb insandır. Bu mürəkkəblikdə açıq, sadə, səmimi Vaqif ucalır. Təvazökardır. Azad ruhludur. Zahirən sakit görünsə də, ani cioşqunluğa qadir insandır. Təmtəraqdan, pafosdan uzaqdır. Çox vaxt susur, bu sükutda düşüncələri danışır. Hiddətlənməyi, okeanda baş verən zəlzələyə bənzəməyi də olur arabir. Həssasdır. Təsirlənməyi, kövrəlməyi də bacarır. Əzmlidir. Özünə qapanmağı, əlçatmaz olması da olur. Öyüd-nəsihət vermək ona yaddır. Hər zaman qayğıya, nəvazişə ehtiyac duyur. Özü tənqidə laqeyddir, kimisə tənqid etməyi özünə yaraşdırmır. Paradoks düçşüncə sahibidir. Dünyəvi, bəşəri məsələlərə münasibətdə bədbindir. Ən çətin məqamlarda yüksək yumor hissindən bir silah kimi istifadə etmək bacarığı da var. Özü haqda deyir ki, mən həyata vurğun pessimistəm…
Vaqif Səmədoğlu mürəkkəbliyinin, ziddiyyətliliyinin sirri, bəlkə də yaşadığımız dünyanın özündədir”.
Mənə görə, Vaqif Səmədoğlunun ciddi bir şair və şəxsiyyət kimi qəbul olunmasının başlıca səbəbi onun dərin təfəkkür sahibi olduğudur. Bunu bütün şeirlərində, pyeslərində, müsahibələrində izləmək olur. Hər kəs bu Yeni Sözü havada tutur, yaddaşına həkk edir. Ədəbiyyatdan, ictimai, siyasi məsələlərdən söz düşəndə Vaqifin deyimlərinin əldə tutalğac edildiyi ilə çox rastlaşmışam.
Vaqif bəy bunları məxsusi olaraq, müdik görünmək xatirinə demir. Bizə yaxşı tanış olan söz oynatmaq da deyil bunlar. Diqqəti çəkən bu Yeni Sözlər adi söhbətlərin gedişində, şeir pıçıltılarının axarında, personaşların mükaliməsində qəfildən, ekspromt doğulur. Yerinə düşür, yerində deyilmiş olur.
Bu balaca kitabçada toplanmış, rəssam Rasim Babayevin düşündürücü rəsmləri ilə müşayiət olunan ağıllı fikirlərin sirayətedici sehrinə bürünməkdən, düşünmə qabiliyyətini itiləməkdən, sadəcə Vaqif Səmədoğlunu anlamaqdan, tanımaqdan ötrü onu bir dua kitabşası kimi cibdə gəzdirməyə dəyər.