Muəllif:

Van Qoqun qulağı

Yəqin ki, XIX əsrdə yaşamış məşhur Niderland rəssamı Vinsent Van Qoqun kəsik qulağı ilə çəkdiyi avtoportretini hamı xatırlayır (amma sözün düzü indiki dövrdə bəlkə çoxları onun heç adını da eşitməyib). Nə isə, bu başqa bir mövzudur. Bir əsrdən çox idi ki, bütün dünya Van Qoqun tutmasının tutaraq məhz özü özünün qulağını kəsdiyinə əmin idi. Ancaq bir neçə il bundan qabaq bu fərziyyəni almaniyalı sənətşünas alimlər Hans Kaufman və Rita Vildeqans şübhə altına aldılar. On illərini arxivlərdə keçirən (sağ əlləri bizim alimlərin başına) bu sənət fədailəri iddia etdilər ki, 1888-ci ilin dekabr ayında (qulaq əməliyyatı məhz bu vaxta təsadüf edir) tanınmış fransız rəssamı Pol Qoqen Fransanın Arle şəhərində Van Qoqun qonağı imiş. Bu vaxt onların sözləri Roşel adlı bir yüngül əxlaqlı qadın üstündə çəp düşür və şərabdan dəmlənmiş Van Qoq həmkarına hücum edir, amma o da özünə görə deyilmiş, gözünə döndüyüm dərhal rapirası ilə (demə rapira ilə indiki gənclərin Facebook-la davrandıqlarından da gözəl davranırmış) Vinsenti qulaqsız qoyur.
Amma almaniyalı alimlər Van Qoqun qulaq məsələsinə aydınlıq gətirdikləri üçün təbrikləri qəbul etdikləri an ingilis tədqiqatçısı Martin Beyli peyda olur və məsələnin heç də Hamburqdan olan həmkarlarının dediyi kimi olmadığını bəyan edir. Əslində onun fərziyyəsi bizim də ağlımıza daha çox batır. Niyə? Bir özünüz də qulaq asın.
Hal-qəziyyə elə həmin 1888-ci ilin dekabr ayında baş verir. Gördüyünüz kimi, tarixdə bir dəyişiklik yoxdur. Ayın 21-də Van Qoqun anası digər oğlu Teodan (onun Vinsentin qardaşı olduğunu demək yəqin ki, artıqdır) məktub alır. Məktubda Teo anasından sevdiyi qızla evlənmək üçün xeyir-dua istəyir. Qeyd etmək lazımdır ki, Van Qoqun əsərləri indi milyonlara satılır, onun sağlığında isə onların, demək olar, üzünə baxan da yox idi və rəssam yarıac-yarıtox həyat keçirirdi. Ona məhz qardaşı Teo maddi yardım (deyirlər ona təqaüd kəsibmiş) göstərirdi. Martin Beylinin fikrincə, o məktubu Van Qoq da oxuyur və qardaşının evliliyindən sonra onun maddi və mənəvi köməyindən məhrum olacağından qorxuya düşür. Elə həmin günlərdə (bu da bir fərziyyədir) o dövrün bir niderlandlı siyasətçisi (daha doğrusu, buna iddia edən) Vinsentin hansısa əsərindən hiddətlənərək (buna da hüququ var) rəssamın qulağını kəsib ona gətirənə 10 000 qulden verəcəyinə and içibmiş. O vaxtlar bu ölkə hələ Avropa Şurasının üzvü olmadığı üçün (istəsə də ola bilməzdi) belə sayaqlamalar zorakılığa çağırış kimi qiymətləndirilib, cinayət məcəlləsinin müvafiq maddəsi ilə cəzalandırılmırdı. Rəssam necə dolanacağını düşünməyə başlayır və birdən həmin siyasətçi yadına düşür. Deyir əlimin aşağı vaxtı pulu niyə o-bu qazansın, özümə nə gəlib və beyni çönərək qulağını kəsir. Deyilənə görə, başına qulaqlı papaq taxır (bunu həmin o avtoportret də sübut edir) və qulağını bir dəsmala bükərək yollanır həmin siyasətçinin ofisinə. Nə etsin, qardaşının verdiyi təqaüd kəsilmək üzrə, dolanışıq çətinləşir…

Aynanın yeni köşə rubrikasından.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 651