Vakant müəllim yerləri üçün imtahanlarda yenilik edilib
Qarşıdakı tədris ili üçün orta məktəblərə və peşə liseylərinə müəllimlərin işə qəbulu üçün imtahanlar iyulun 25-dən avqustun 7-dək keçiriləcək. Bunu jurnalistlərə TN Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov deyib. Qədirovun sözlərinə görə, iyulun 16-20-də işə qəbul üzrə qeydiyyatdan keçmiş ərizələrin təsdiqlənmə prosesi aparılacaq, iyulun 21-23-də isə imtahan qrupları formalaşdırılacaq. Hər müsabiqə iştirakçısının şəxsi səhifəsinə test imtahanının vaxtı və yeri barədə məlumat göndəriləcək. Şöbə müdiri əlavə edib ki, TN bu il orta məktəblərin vakant yerlərinə işə qəbul olunacaq 3000-dək müəllimin təhsil sənədlərini ciddi şəkildə yoxlayacaq.
Onun sözlərinə görə, saxta sənədlə işləyən müəllimlərin aşkar olunması istiqamətində nazirlik mütəmadi olaraq tədbirlər həyata keçirir. Azərbaycan təhsil nazirinin «2013-2014-cü tədris ilində ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə müəllimlərin işə qəbulunun tənzimlənməsi barədə» əmrinə uyğun olaraq, iyulun 1-dən elektron ərizələrin qəbuluna başlanılıb. İyulun 15-də müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qəbulu prosesi başa çatıb. Bu müddətdə ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrindəki 3286 vakant yerə 18 782 müəllim ərizə verib. Onların 2793-ü rayon orta məktəblərinin payına düşür. Bakı orta məktəblərində isə 493 vakant müəllim yeri var. Ümumilikdə bu il təqdim olunan vakant yerlərin sayı ötən illə müqayisədə 9 yer çoxdur. Ötən il 3270 vakant yerə 16 195 nəfər müraciət etmişdi. Bu il ərizəçilər arasında ibtidai sinif, Azərbaycan dili və ədəbiyyatı, ilngilis dili və riaziyyat ixtisaslarını seçənlərin sayı daha çox olub. Belə ki, Bakıda yerləşən bəzi məktəblər üzrə ibtidai sinif müəllimi yerinə 1000-dən artıq müraciət qeydə alınıb.
Vakanat müəllim yerlərinin bir hissəsi üçün həvəsləndirmə tədbirləri tətbiq edilir. Rayon mərkəzlərindən 20 km-dən artıq məsafədə yerləşən kənd məktəblərində əmək fəaliyyətinə başlayan və 3 il müddətində bu fəaliyyəti həmin məktəbdə davam etdirən gənc mütəxəssislərə isə hər ay əməkhaqqına 70 manat məbləğində əlavə olunur, yol xərci, əmlakın daşınması üçün nəqliyyat xərci, ilkin yaşayış şəraitinin yaradılması məqsədilə əməkhaqqının 2 misli həcmində birdəfəlik yardım, 3 il müddətində kommunal xidmətlərini ödəmək üçün hər ay 40 manat məbləğində kompensasiya, yaşayış sahələrinə ehtiyacların ödənilməsi, torpaq sahələri ayrılması, ipoteka kreditlərinin verilməsi kimi həvəsləndirmə tədbirləri tətbiq olunur.
Bundan sonra orta məktəblərdə vakant müəllim yerləri hər tədris ilində iki dəfə elan ediləcək. Qədirovun sözlərinə görə, ikinci dəfə ilk müsabiqə zamanı tutulmamış və müsabiqədən sonra yaranan vakant müəllim yerləri elan ediləcək. Bununla da müsabiqədə keçid balını toplamış və işə qəbul olunmamış müəllimlər elektron qaydada seçim edərək bu yerlərdə işləmək imkanı əldə edəcəklər. Qədirov bildirib ki, 2013-2014-cü tədris ili üçün orta məktəblərə və peşə liseylərinə müəllimlərin işə qəbulu üzrə imtahanların I mərhələsindən uğurla keçən namizədlər üçün müsahibə əvvəlki illərdən fərqli təşkil olunacaq. Müsahibə üçün xüsusi proqram tərtib olunub.
Müsahibədən sonra boş qalan yerlər imtahanda keçid balı toplamış, lakin işə qəbul olunmamış müəllimlər üçün elan ediləcək. Onlar bu yerlərə uyğun olaraq yenidən elektron ərizə ilə müraciət edəcəklər. Bunun əsasında yenidən namizədlərin elektron yerləşdirilməsi aparılacaq. Qədirov deyib ki, müəllimlərin işə qəbulu ilə bağlı digər prosedurlar isə əvvəlki qaydada aparılacaq. Onun sözlərinə görə, bu il müəllimlərin işə qəbul müsabiqəsi əvvəlki illərdən tez müddətdə başa çatdırılacaq. Avqustun 15-dək bütün bu prosedurları başa çatdırmaq planlaşdırılır. Həmin müddətə qədər müəllimlər hansı məktəblərdə işləməli olduqlarını biləcəklər.
Qədirov bəzi hallarda müəllimlərin müsabiqədənkənar işə qəbul oluna bildiyini də söyləyib. O qeyd edib ki, əgər müəllim məktəbdə 10 ildən çox işləyirsə və işləməkdə davam edirsə, o, iş yerini başqa məktəbə dəyişə bilər. Ancaq 10 il işlədikdən sonra hər hansı səbəbdən işdən çıxan və hazırda işləməyən müsabiqə vasitəsilə işə qəbul ola bilər:
«Ancaq onlar müsabiqədə iştirak etməsələr də, vakansiya yarandıqda Təhsil Nazirliyinə müraciət edə bilərlər. Təhsil Nazirliyi onların sənədlərini araşdırır, çox ciddi müsahibədən keçirir və uyğun vakant yerlərə göndərə bilər».
Onu da qeyd edək ki, TN orta məktəblərdə vakant müəllim yerlərini gizlədən və onları müəllimlərin işə qəbulu üçün müsabiqədə təqdim etməyən məktəb direktorlarına qarşı tədbirlər görəcək. TN şöbə müdiri deyib ki, əvvəlki illərdə məktəb direktorları tərəfindən vakant yerlərin gizlədilməsi və ya əlavə müəllimlərin işə qəbulu ilə bağlı müəyyən hallar olurdu: «Biz bu hallara qarşı çox ciddi intizam tədbirləri görmüşük. Əgər sonradan hər hansı məktəb rəhbərinin vakant yeri təqdim etmədiyi aşkarlanarsa, bunun barəsində tədbir görəcəyik. İndi vakant yerlərin gizlədilməsi direktorlara heç bir şey vermir. Çünki direktorlar müəlimləri işə qəbul edə bilmirlər».
Qədirov bildirib ki, hazırda müəllimlərin işə qəbulu üçün ciddi reqlamentləşdirici qaydalar mövcuddur. Bu qaydalardan kənara çıxanlara qarşı ciddi intizam tədbiri görüləcək.
Nazirlik rəsmisi hesab edir ki, getdikcə vakant müəllim yerlərini gizlədən məktəb direktorlarının sayı azalacaq.
Onu da qeyd edək ki, kənd məktəblərinə işə qəbul olunacaq gənc müəllimlər üçün bəzi məhdudiyyətlər tətbiq ediləcək. Bu ildən Azərbaycanda ucqar kənd məktəblərində həvəsləndirmə tədbirləri tətbiq olunan vakant müəllim yerlərinə işə qəbul olunacaq gənc mütəxəssislər üçün bəzi məhdudiyyətlər tətbiq ediləcək. Qədirovun sözlərinə görə, bu il müəllimlərin işə qəbulu qaydaları dəyişdirilib. Bu dəyişikliyə görə, ucqar kəndlərdəki vakant müəllim yerlərinə işə qəbul olunan namizəd orada 3 il çalışmalıdır: «Biz artıq məhdudiyyət qoymuşuq. Gənc mütəxəssisi həvəsləndirmə tədbirləri tətbiq olunan ucqar kənd məktəbinə göndəririksə, o, həmin məktəbdə 3 il işləməyə məcburdur. Üç ildən sonra yerini dəyişmək barədə nazirliyə müraciət edə bilər».
Qədirov bildirib ki, bu məhdudiyyət indiyədək olmadığı üçün ucqar kənd məktəblərindəki müəllim yerlərinə qəbul olan namizədlər bir sıra hallarda onlardan imtina edirdilər. Nazirlik rəsmisinin sözlərinə görə, hər il həvəsləndirmə tədbirləri tətbiq edilən vakant yerlərə işə qəbul olunan müəllimlərdən geri qayıdanlar olur. Bu imtinanın səbəbi daha çox onların ailə vəziyyəti ilə bağlıdır: «Əlbəttə, onlar daha yaxşı şərait axtarırlar. Bu şəraiti tapmayanda müəyyən mənada onların ucqar kəndlərdə qalıb işləməsi problem olur. Belə müraciətlərin sayı çox deyil. Ancaq biz istərdik ki, belə hallar olmasın».
F.Qədirov deyib ki, bu il gənc mütəxəssislər üçün həvəsləndirmə tədbirləri tətbiq olunan müəllim yerlərinin sayı artırılıb. Ötən illərdə 800 müəllim yer üçün həvəsləndirmə tədbirləri tətbiq olunmuşdusa, bu il onların sayı artırılıb: «Deməzdim ki, kənd yerlərində gənc mütəxəssislər azdır. Doğrudur, onlara əlavə ehtiyac var. Biz də bu ehtiyacı ödəməyə çalışırıq. Buna görə də bu il 2500 yerə yalnız gənc mütəxəssisi göndərməyi qərara almışıq».
Təhsil Nazirliyi birinci sinfə qəbul qaydalarını açıqlayıb
TN 6 yaşı tamam olmayan uşaqların orta məktəblərə qəbul qaydalarını təsdiq edib. Bu qaydalara əsasən, vaxtından əvvəl I sinfə qəbul həmin il sentyabrın 16-dan dekabrın 31-dək 6 yaşı tamam olan xüsusi istedadlı uşaqlara şamil ediləcəkdir. İstedadlı uşaqların seçim hüququ yerli təhsil şöbələrinə verilmiş və bu məqsədlə yüksək ixtisaslı və təcrübəli mütəxəssislərdən — ibtidai sinif müəllimi, həkim, psixoloq və metodistlərdən ibarət komissiyaların yaradılması tapşırılmışdır. Komissiyaya yerli təhsil şöbələrinin müdirləri rəhbərlik edəcəklər. Ümumtəhsil müəssisəsinin məktəbə hazırlıq qrupunda məşğul olmuş xüsusi istedadlı uşaqlar müəssisə rəhbərinin təqdimatı əsasında həmin müəssisənin I sinfinə müsahibəsiz qəbul olunacaqlar.
Qaydalarda uşaqla tədris alacağı dildə 15-20 dəqiqə ərzində müsahibə aparılması, zehni keyfiyyətlərinin aşkara çıxarılması üçün onlara 4 sual verilməsi, hər bir suala cavabın 5 ballıq şkala ilə qiymətləndirilməsi nəzərdə tutulur. Məktəbə qəbul olunmaq üçün uşaq ən azı 15 bal toplamalıdır. Valideynlərin arzusu ilə müsahibə zamanı videoçəkilişin aparılmasına da icazə verilir.
Uşaqların vaxtından əvvəl I sinfə qəbulu barədə ərizələr hər il iyulun 20-dən avqustun 20-dək yerli təhsil şöbələrində qeydiyyata alınacaq və onların seçimi sentyabrın 10-dək təhsil şöbəsinin müəyyən etdiyi günlərdə həyata keçiriləcəkdir. TN tabeliyindəki istedadlı şagirdlər üçün məktəb, gimnaziya və liseylərdə xüsusi istedadlı uşaqların vaxtından əvvəl I sinfə qəbulu həmin müəssisələr tərəfindən, Naxçıvanda isə Muxtar Respublika Təhsil Nazirliyi tərəfindən aparılacaqdır.