Vahid Novruzov qayıdıb gənc rəssamları yetişdirmək arzusundadır
Rəssam Vahid Novruzovu maraqlı əsərləri ilə tanıyan publikası var. Son illər Azərbaycanda görməyə az alışdığımız rəssam Türkiyədəkə ali məktəblərin birində tələbələr yetişdirir. Eyni zamanda yaradıcılıq da öz axarındadır. Xatırladaq ki, Türkiyənin Dövlət Himninin sözlərinin müəllifi Mehmet Akifin heykəlinin müəllifi də Vahid Novruzovdur. Rəssamlar cəkdiyi əsərlərin janrına görə fərqlənir. Həmsöhbətim müxtəlif mövzuları əhatə edir.
— Rəssamlığın hər janrında fikrimi ifadə edə bilirəm. Rəssamın gözəl zövqü olduqda, istər qrafikada, istərsə də heykəltəraşlıqda bacarıqlı olacaq. Bu ilin avqustunda Berlində sərgim keçirilib. Gələn il Potsdam şəhərində də sərgi təşkil etməyi nəzərdə tuturam. Əsərlərimə dəyər verənlər arasında almanlar üstünlük təşkil edir. Almaniyanın görkəmli şəxslərinin fərdi kolleksiyalarında, Almaniyanın Osnabrük bələdiyyəsində əsərlərim yer alıb.
Əsərlərimin sayını bilmirəm. Əsərlərim emaltxanada qalıb tozlanmır, daima yenilənir. Dəyərli insanlara da hədiyyə edirəm, əl işlərimin dəyərli yerdə olmasına böyük önəm verirəm. Türkiyədə hər bir əsərimi Azərbaycanın adına yaradıram.
— Hazırda hansı əsər üzərində işləyirsiniz?
— Çanaqqala 18 Mart Universitetinin rektoru mənə Türkiyənin ilk tibb bacısı Safiye Hüseyn Elbi haqqında danışmışdı. Həmin qəhrəman tibb bacısı Türkiyədə çox tanınmır və onun çox az sayda fotoşəkli var. Bir il ərzində onun haqqında ətraflı araşdırmalar apardım, üç ay ərzində əsər üzərində işlədim və çətinliklə də olsa, əsər ərsəyə gəldi. Belə ki, heykəli oxşatmaq üçün ən azından insanın üç profildən fotoşəkli olmalıdır. Hazırladığım heykəl bəyənildi. Heykəlin postamenti artıq hazırdır və bu yaxınlarda Universitetin Tibb fakültəsində qoyulacaq.
Bu, universitetdə yer alacaq növbəti əsərim olacaq. Belə ki, Universitetin Tibb fakültəsinin girişində Atatürkün təhsilə verdiyi dəstəyi tərənnüm edən əsərim yer alıb.
— Bundan sonrakı layihələriniz hansı mövzuları əhatə edəcək?
— Hazırda bir layihə üzərində işləyirəm. Gələn il I Dünya müharibəsinin 100 illiyidir. Bu münasibətlə Çanaqqalanın girişində böyük abidə kompleksinin hazırlanması nəzərdə tutulub.
Monument üçün hazırladığım eskiz bəyənilib, dövlətdən rəsmi icazə alınandan və maliyyə ayrılandan sonra monumentin hazırlanması üzərində işlərə başlayacam.
Bundan başqa, dünyanın ilk xəritəsini çəkən türk dənizçi Piri Rəisə qoyulacaq heykəlin maketini hazırlamışam.
— Azərbaycan-Türkiyə dostluğunu, qardaşlığını əks etdirən əsəriniz varmı?
— Türkiyənin Əsgəri Muzeyində olan əsərimdə I Dünya müharibəsində şəhid olmuş üç min Azərbaycan əsgərini əks etdirən sipərlərdən çıxan əsgər ruhları təsvir etmişəm. Əsərdə şəhidlər abidəsi var və şəhid məzarlıqlarını həmin abidənin yanında çəkmişəm. Muzeydə bu əsərimə baxmış Türkiyənin keçmiş Prezidenti Əhməd Necdət Sezər məzarlıqların şəhidlər abidəsinin ətrafında təsvir olunması ideyasını gözəl fikir kimi qiymətləndirmişdi.
— Azərbaycanda rəssamlıq sənəti və bu sənətin gənc nümayəndələrinin işlərini necə dəyərləndirirsiniz?
— Azərbaycanda rəssamlıq sənəti və rəssamlara qiymət verilir, qayğı göstərilir. Ümid edirəm ki, Türkiyədə Azərbaycanı təmsil edən sənətkarlarımıza, elm adamlarımıza sahib çıxılacaq. Bu cür insanlar unudulmamalıdır ki, xaricə beyin axını olmasın. Mən özüm də Azərbaycana qayıdıb gənc rəssamlarımızın yetişdirilməsinə töhfə vermək arzusundayam. Yaratdığım əsərlər özü bir məktəbdir.
Türkiyədə Azərbaycanın peşəkar sənətkarlarına ehtiyac var. Çalışdığım 18 Mart Universiteti hər il mənimlə müqavilənin müddətini uzadır. Bu da əlbəttə ki, tələbələrin rəyi əsasında mümkün olur və peşəkarlara duyulan ehtiyacdan irəli gəlir.
Qürbətdə yaşasam da, azərbaycançılığı unutmuram. Yabancılaşma olmamalıdır. Ənənələrimizi unutmamalıyıq. Oğlumu da vətənpərvərlik, Azərbaycana bağlılıq ruhunda böyütmüşəm. Xaricdə təhsilini davam etdirmək imkanı olsa da, Azərbaycana gəlib və könüllü hərbi xidmətə yollanacaq.
Rəssam duyğularını tabloya köçürür, gənc rəssamlarımıza milli ruh, vətənpərvərlik aşılananda, təbii ki, gənc rəssamlar öz əsərlərində bu mövzunu daha geniş tərənnüm edəcəklər.