Muəllif:

Vahid müəllim geyimi olsun, olmasın?

Müəllimlərin geyim məsələsi dünyanın bir sıra ölkələrində də müzakirə mövzusudur. Zaman-zaman ölkəmizdə də bu məsələ gündəmə gəlir. Hesab edilir ki, bizim günlərdə müəllimlərin eyni formada sinfə daxil olması, onların zahiri görünüşü, şagird üçün çox əhəmiyyətlidir. Belə ki, müəllim təkcə onlara bilik verən insan deyil, o, eyni zamanda, eleqantlıq etalonu olmalıdır. Aktual obrazın yaranması müasir etiketin bir hissəsidir. Əlbəttə, tərbiyə ailədən başlayır. Amma o, məktəbdə davam etməlidir. Ekspertlərin fikrincə, müəllimin öz individuallığını itirməsi onun gələcəkdə avtoritetinin düşməsinə səbəb olur. Nəticədə şagirdlər həmişə məktəbdən kənarda şəxsiyyət axtarışında olurlar.
Dünya praktikasına nəzər salaq. Qonşu Rusiya məktəblərində müəllimlərin uniforma geyinməsi dəb halını alıb. Rusiya xəbər saytlarının yazdığına görə, hətta 1420 saylı məktəb bu məqsədlə məşhur modelyer Vyaçeslav Zaytsevə müraciət edib. Rusiyalı pedaqoqlar kuturyedən onlar üçün gözəl və rahat paltar hazırlamağı xahiş ediblər. Zaytsev də 35 müxtəlif eskiz hazırlayaraq təqdim edib. Ən çox xoşagələn tünd göy rəngli eynitipli kostyumlar olub. Çünki göy, qara və boz rənglər inqilabaqədərki Rusiyanın ənənəsi kimi qəbul edilir. Amma o zaman heç kəs üçün seçim qoyulmazdı. Şalvar isə ümumiyyətlə, ağlagəlməz idi. İndiki vaxtdan fərqli olaraq o zaman müəllimə xanımlar kişi qarderobundan olan bu geyimdən imtina edirdilər. Onu da qeyd edək ki, Rusiyanın əksər gimnaziyalarında müəllimlər üçün dress-kodlar bir neçə ildir mövcuddur. Bu, qara şalvar, yubka və pencəkdən ibarət geyim dəstidir. Almaniyada müəllimlərin geyimi üçün xüsusi qaydalar mövcud deyil. Berlin gimnaziyalarının direktorları deyirlər ki, ölkədə müəllimlər üçün dress-kod qəbul edilməyib. Ancaq rəhbərlik müəllim heyətinə böyük sərbəstlik də verməyib. Ona görə də yayda qısa yubkalar, şəffaf koftalar, dekoltelər həmkarlar arasında qəbulolunmaz sayılır. Bu üslubda geyimlərə qarşı şagird və valideynlərin münasibəti də müsbət deyil.
Ölkədə təkcə problem yaradan müsəlman inanclı müəllimələrin örtüyüdür. Bu yaxınlarda bir türk müəllimə ənənəvi baş örtüyünü bağlamağa görə yasaqla rastlaşdığı üçün məhkəməyə müraciət edib. İşlədiyi məktəbin rəyinə görə, bu, müsəlman olmayan şagirdlərə qarşı ayrı-seçkilikdir. Amma belə hadisələr çox azdır. Bütün hallarda məktəb öz problemlərini müstəqil həll etməyə və konfliktə çevirməməyə çalışır.
Türkiyədə müəllimlərin zahiri görkəminə ciddi yanaşılır. İstanbul liseylərinin bəzilərində əmək müqaviləsinin bəndlərindən biri təyin olunmuş dress-kodun nəzarətdə qalmasıdır. Belə ki, məktəbə cinsdə, qısa yubkada və açıq-saçıq paltarda gəlmək olmaz. Paltarların rəngində məhdudiyyət yoxdur. Ancaq müəllimlər qızıl və qiymətli bəzək əşyaları taxmırlar. Yerli müəllimlər məktəblərdə başıbağlı işləməyə de-yure icazə alıblar. Hələlik isə ölkədə vahid forma geyimi ilə bağlı qərar qəbul edilməyib.
Güney Koreya məktəblərində müəllimlərin və şagirdlərin hansı paltar geyinməsi ilə bağlı rəsmi qaydalar yoxdur. Ancaq bu mövzuda ictimai rəy və ənənələr böyük uğur qazanır. Müəllimlərdən tələb olunur ki, onlar həm davranışlarına, həm də zahiri görkəmlərinə görə şagirdlər üçün örnək olsunlar. Eləcə də Böyük Britaniya məktəblərində müəllimlər şagirdlər qarşısına cinsdə və idman ayaqqabısında çıxmırlar. İngilislər bu tərzdə geyim stilindən yalnız həftə sonları istirahətlərində istifadə edirlər. Bəs həm çağdaş, həm də mühafizəkar ənənələrin hökm sürduyu Azərbaycanda bu sahədə vəziyyət necədir? Müəllimlərin vahid formadan istifadə etməsinə ehtiyac varmı? İki il olar qismən gündəmə gələn vahid müəllim forması ilə bağlı fikirlər sonradan nədən unuduldu?
Bakı Şəhər Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı bildirib ki, artıq iki ildir şagirdlər üçün vahid forma geyimi tətbiq edilib və bu məsələyə ciddi nəzarət olunur. «Müəllimlərin geyimi ilə bağlı təşəbbüs isə ilk dəfə yerlərdəki müəllimlərdən gəldi. Onlar dedilər ki, əgər bizim şagirdlərimiz vahid formaya keçirlərsə, biz də müəllim olaraq vahid geyimə keçmək istəyirik. Biz təhsil idarəsi olaraq bu fikirləri müzakirə etdik. Konkret olaraq müəllimlərin geyimi ilə bağlı hər hansı bir əmr, göstəriş, icbarilik yox idi. Müəllimlər öz geyimlərini seçməkdə sərbəst idilər».
Əliqızının sözlərinə görə, müəllimlərin ilk dəfə bu mövzunu gündəmə gətirməsinin səbəbi əsasən uşaqlara psixoloji baxımdan dəstək olmaq istəyidir: «Digər bir amil isə xüsusən gənc xanım müəllimlərin bir qisminin müəllimə yaraşmayan geyim formalarını seçməsi idi. Müəllimlər də bu təşəbbüslə çıxış edərkən deyirdilər ki, bu geyim forması xüsusən keçid dövrünü yaşayan uşaqlara pis təsir edə bilər. Eyni zamanda, maddi tərəfi gündəmə gətirirdilər. Vahid müəllim geyimi onları heç olmasa həftədə bir dəfə üst geyimlərini dəyişdirmək fikrindən xilas edə bilərdi. Çünki müəllimin üst geyimini tez-tez dəyişdirməsi həm də vəsait tələb edir. Biz bu məsələləri müzakirə etdik və belə qərara gəldik ki, bu, müəllimlərin ixtiyarına buraxılsın».
Əliqızı qeyd edib ki, vahid müəllim geyimi icbari olmadığından, bunu onlardan tələb etmək düzgün hesab edilmir:
«Hazırda ölkədə vahid müəllim geyimi yoxdur və müəllimlərə öz geyimləri ilə bağlı xüsusi tələblər də yoxdur. Bu məsələ o zaman gündəmə gəldikdə, ictimai rəy təxminən bizim proqnozlara uyğun idi. Müəllimlərin bir qismi vahid müəllim geyiminin tərəfdarı olsa da, böyük bir qism bunu onların hüquqlarının məhdudlaşdırılması kimi dəyərləndirdi. Onlar hesab etdilər ki, müəllimlərin geyimləri vahid olmamalıdır. Arqumentləri belə oldu ki, müəllimlər eyni geyimdə olacaqsa, uşaqların gözləri yorula bilər. Yəni müəllimlər uşaqlarda zövq formalaşdırırlar. Əslində müəllim şagirdin qarşısına elə bir formada çıxmalıdır ki, onlarda gözəllik, zahiri görkəm barədə təsəvvür yaratmaq imkanında olsunlar». Əliqızı hesab edir ki, bu məsələnin gündəmə gəlməsi təhsil idarəsini müəllimlərin geyiminə diqqət yetirmək seçimi qarşısında qoyub. Belə ki, araşdırmalardan sonra bəlli olub ki, bir qisim müəllim həqiqətən öz geyiminə fikir vermir. Şagirdlər qarşısına onlara yaraşmayan formada çıxır. Bu kimi halların qarşısının alınması üçün təhsil müəssisələrinin rəhbərlərinə şifahi xəbərdarlıqlar edilib. Hazırda da bu məsələ tam olaraq diqqət mərkəzindədir: «Müəllimlər müəllim adının dəyərini bilirlər. Müəllim peşəsi nədir və onlar şagirdin qarşısına hansı formada çıxmalıdır. Bu gün Bakı məktəblərinin bütün müəllimləri demək olar ki, öz adlarına hörmət səviyyəsində geyinirlər».
Əliqızının sözlərinə görə, bu mövzuda irəli gedən məktəblər də var. Belə ki, Təhsil İdarəsinin tabeliyində olan 300-dən artıq məktəb içərisində vahid müəllim geyimi tətbiq olunan məktəblər də yox deyil. «Bu, müəssisələrin öz qərarıdır. Onlar məsələni Pedaqoji Şurada müzakirə ediblər və öz geyim formalarını müəyyənləşdiriblər. Belə ki, bir qisim vahid müəllim geyimi tətbiq olunan məktəblərdə qış-yay geyimləri var. Bir qisim məktəbin tədbirlərində geyinmək üçün geyim forması müəyyənləşdirib. Bir qisim də var ki, ibtidai sinif müəllimləri başqa, yuxarı sinif müəllimləri ayrı cür geyinir».
Hazırda BŞTİ bunu məktəblərin ixtiyarına buraxıb. O mənada ki, müəllimlər kifayət qədər düşüncəli insanlardır və özləri bu barədə qərar verə bilərlər…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 1314