Muəllif:

Vahid Əhmədov: «Büdcənin xərclər hissəsinə nəzarət gücləndirilməlidir»

Ölkə prezidentnin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin yekunlarına həsr olunan müşavirəsində qeyd olunub ki, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha da ciddi aparılmalıdır. Məsələyə münasibət bildirən MM İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədovun sözlərinə görə, korrupsiya təkcə aşağı səviyyədə deyil, yüksək səviyyədə də aparılır:
«Amma korrupsiyanın əsas mənbəyi dövlət büdcəsidir. Təsəvvür edin, əvvəllər Azərbaycan büdcəsi 300 milyon dollar təşkil edirdi və korrupsiyanı nə cürsə başa düşmək olurdu. Amma bu gün dövlət büdcəsi 20 milyard dolları keçib və idarələrə böyük vəsaitlər ayrılır. Korrupsiya isə daha da çoxalıb. Xüsusən tenderlər zamanı korupsiya hallarına yol verilməsini xüsusi qeyd etmək lazımdır. Tenderlərdə korrupsiya elementləri daha çoxdur və şəffaflıq çox aşağıdır. Son illər bir mənfi təmayül də nəzərə çarpır. Bu da ondan ibarətdir ki, artıq nazirliklərin nəzdində şirkətlər və banklar yaradılır, onlar vasitəsilə əməliyyatlar həyata keçirilir. Maliyyə Nazirliyi, Hesablama Palatası, bu istiqamətdə müəyyən işlər görür, bir sıra korrupsiya hallarını üzə çıxarır. Elə bəzi faktları Hesablama Palatası da qaldırıb, lakin onun əməkdaşları müəyyən çərçivələr daxilində işləyir».
İqtisadçı hesab edir ki, ilk növbədə büdcənin xərclər hissəsinə nəzarət daha da gücləndirilməlidir:
«Hesab edirəm ki, «Maliyyə nəzarəti haqqında» Qanunun qəbulu vacibdir. Bu korrupsiya hallarının daha çox qarşısını alar. Düzdür, Hesablama Palatası audit həyata keçirir və ildə bir dəfə parlamentə məlumat verir, lakin hesab edirəm ki, bununla qane olmaq olmaz. Digər bir məsələ gəlirlərin deklarasiyası ilə bağlıdır. Azərbaycanda bununla bağlı qanun mövcuddur, ancaq hazırda bu qanunun işləməsində problemlər var. Faktiki olaraq bu qanunun icra mexanizmi yoxdur. Elə bu baxımdan da hazırda bu qanun işləmir. Fikrimcə, prezidentin korrupsiya ilə mübarizəyə dair son göstərişlərindən sonra dövlət büdcəsindən maliyyələşən bütün işçilər mütləq maliyyə hesabatı və deklarasiya tutumu ilə bağlı hesabat verməlidir. Ancaq təəssüflə qeyd edirəm ki, indiyə qədər deklarasiya verilmir. Ona görə də ortada şübhəli məqamlar yaranır.
Bu yaxınlarda «Asan xidmət» mərkəzi yaradıldı. Mərkəzin fəaliyyətini genişləndirməklə elə etmək lazımdır ki, bütün məsələlər öz həllini tapsın. Bütün dövlət qurumlarındakı «vahid pəncərə» sistemini bu mərkəzdə birləşdirmək olar. Bu xidmət mərkəzlərini bölgələrdə də yaratmaq lazımdır ki, insanlar əziyyət çəkməsin».
Əmək haqlarının artırılmasına gəldikdə isə V.Əhmədov hesab edir ki, bu il əmək haqqı və pensiya artımı gözlənilir:
«Cari ilin büdcəsində də bu nəzərdə tutulub. Təxminən 700 min adamın əmək haqqı artırılacaq. Çox böyük rəqəmdir. İndi hansı səviyyədə və konkret nə zaman artırılması prezident səlahiyyətində olan məsələdir. Razılaşmaq lazımdır ki, Azərbaycanda orta əmək haqqı və orta pensiya artır. Əgər biz MDB məkanında müqayisə aparsaq, bu, nisbətən yuxarı səviyyədədir. Orta əməkhaqqı 500 dollardan çoxdur. Orta pensiya 200 dollara yaxındır. Əvəzləşmə əmsalı da inkişaf etmiş ölkələrin səviyyəsindədir. Pensiya maaşın 40 faizini təşkil edir. Ancaq əlbəttə ki, bu, bizi qane etmir. Baxmayaraq ki, son illərdə əməkhaqları və pensiyalar bir neçə dəfə artıb, Prezidentin də qeyd etdiyi kimi çalışmalıyıq ki, daha da böyük artıma nail olaq. Xüsusən, tibb, təhsil, sosial təminat sahəsi işçilərinin əmək haqqının artırılmasına xüsusi diqqət yetirilməlidir. Bu sahələrin işçilərinin əmək haqları aşağıdır».

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 379