Üzüyü pula çevirə bilmədilər
Oğurluq və soyğunçuluq cinayətlərində ittiham olunan Zaqatala rayon sakinləri — Rövşən Putayev və Ramin Əfəndiyevin cinayət işi üzrə proses Şəki Ağır Cinayətlər Məhkəməsində başa çatıb.
İttihama görə, təqsirləndirilən şəxslər ötən il yanvarın 23-də Zaqatala rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulublar. Rayonun Əliabad qəsəbəsində yaşayan 23 yaşlı Nahidə Şabanova yaşadığı evə naməlum şəxslər tərəfindən basqın olunmuş, polis daxil olan müraciət əsasında araşdırmalar aparmış və əməliyyat-axtarış tədbirləri keçirmişdi. Nəticədə məlum olub ki, Nahidə Şabanovanın mənzilinə oğurluğa gələn şəxs Zaqatala şəhər sakini 25 yaşlı Rövşən Putayev və onun dostu Ramin Əfəndiyevdir.
Hər iki şəxsin yeri müəyyən olunub və onlar polis tərəfindən saxlanılıblar. İlkin araşdırma zamanı bəlli olub ki, oğrular Nahidə Şabanovanın evindən bir ədəd qızıl üzük aparıblar. Lakin onu satıb pula çevirə bilməyiblər. İstintaq araşdırmaları zamanı təqsirləndirilən şəxslərin rayon ərazisində 10-dan çox oğurluq və soyğunçuluq cinayətləri törətmələri müəyyən edilib.
Məhkəmə Rövşən Putayevi 6 il 6 ay müddətinə azadlıqdan məhrum etdi. Digər təqsirləndirilən şəxs Ramin Əfəndiyev 2800 manat cərimə edilib.