Üzumçülük və şərabçılıq yenidən diqqət mərkəzinə gəlir
Ölkəmizdə beynəlxalq standartlara uyğun, yüksək keyfiyyətli şərabçılıq məhsulları istehsal edən müəssisələr mövcuddur və onların sayı davamlı olaraq artır. Ötən il Gəncədə keçirilmiş «I Beynəlxalq Şərab Festivalı»nda nümayiş olunan yüksək keyfiyyətli yerli şərabçılıq məhsulları bunun əyani göstəricisidir. Bununla belə, ölkəmizin təbii-iqlim şəraitinə uyğun məhsuldar üzüm sortlarının yetişdirilməsi üzüm və şərabçılıq məhsulları ilə daxili bazarı təmin etməklə yanaşı xarici ölkələrə ixrac imkanlarını artırır. Bu açiqlama ilə bu gün Şəmkirdə İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə «Üzümçülüyün inkişafı və üzüm emalına dəstək» mövzusundakı toplantıda İİN Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov çıxış edib.
Toplantıda İİN, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Aqrar Universiteti, Gəncə-Qazax iqtisadi rayonuna daxil olan şəhər və rayonların İH rəsmiləri, 100-dən çox iş adamı iştirak edib.
Qasımov şərabçılığın inkişafı, istehsal olunan məhsulların rəqabətqabiliyətliliyinin artırılması, məhsulların beynəlxalq standartların tələblərinə uyğunlaşdırılmasında iş adamlarına hər cür dəstək göstərildiyini demişdir.
Şəmkir rayon İH başçısı Nazim Veysov bildirilib ki, Şəmkir və ətraf rayonların təbii-iqlim şəraiti üzümçülüyün daha da inkişaf etdirilməsinə, bu sahədə istehsalın artırılmasına, əhalinin müxtəlif çeşidli, yüksək keyfiyyətli süfrə üzümünə, şərabçılıq və digər emal müəssisələrinin isə xammala olan tələbatının yerli istehsal hesabına ödənilməsinə imkan verir.
Toplantıda ölkədə istehsal olunan məhsulların ənənəvi və yeni bazarlara ixrac imkanları və şərab məhsullarının xarici bazarlara çıxarılmasında «GSP+» proqramının əhəmiyyəti, üzümçülük təsərrüfatları ilə tədarük, emal və şərabçılıq müəssisələri arasında qarşılıqlı əlaqələr, üzümçülük və şərabçılıq sahəsində kadr hazırlığı, bu sahənin elmi təminatı, bu sahəyə klaster yanaşmanın tətbiqi barədə mülahizələr səsləndirilmişdir.