Uzaq Sloveniyada əfsanəvi Mixaylonu anım günləri olub
Sloveniyanın Nova Qoritsa regionunda Sovet İttifaqı və Sloveniya qəhrəmanı, Azərbaycanın igid oğlu Mehdi Hüseynzadənin anım günləri olub. Bu il onun doğumundan 95 il ötür və bu tarixçə silsilə törənlərlə qeyd edilib.
ARDNŞ Vyana ofisindən Trend-ə verilən məlumata görə, Azərbaycanın Avstriya, Slovakiya və Sloveniya səfirlikləri, Sloveniyanın Müdafiə Nazirliyi, Dövlət Neft Şirkəti və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilmiş silsilə tədbirlərdə Sloveniyanın müdafiə naziri Roman Yakiç, Azərbaycanın Müdafiə Nazirliyinin idarə rəisi, general-mayor Vaqif Məmmədov, ARDNŞ-nin vitse-prezidenti Xalik Məmmədov, Milli Məclisin deputatı Rauf Əliyev, Azərbaycanın Avstriya, Macarıstan, Polşa, Xorvatiya səfirləri, ARDNŞ Avstriya nümayəndəliyinin başçısı Gülmirzə Cavadov, Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov, Mixaylonun ailə üzvü Fuad Əlizadə, Mixaylo ilə çiyin-çiyinə döyüşmüş silahdaşları, Sloveniya ictimaiyyəti və yerli sakinlər iştirak ediblər.
Heyət ilk olaraq Mehdi Hüseynzadənin həlak olduğu və abidəsinin ucaldıldığı Nova Qoritsa rayonunun Şempas qəsəbəsinə gəlib, burada abidə önünə əklil qoyulub və onun xatirə muzeyinə baş çəkilib, xatirə kitabına ürək sözləri yazılıb.
Sonra heyət Çepovan qəsəbəsində qardaşlıq qəbiristanlığında uyuyan Hüseynzadənin məzarını ziyarət edib. Burada yaradılmış yeni memorial abidənin açılışı olub. Memorial abidə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Azərbaycanın MN idarə rəisi, general-mayor Vaqif Məmmədov çıxışında yerli sakinləri salamlayaraq, bugünkü mərasimdə çoxsaylı iştiraklarına və Hüseynzadənin xatirəsinə göstərilən sevgi və ehtirama görə onlara təşəkkür edib. M.Hüseynzadənin Azərbaycan xalqının tarixi yaddaşında özünəməxsus yerə malik olduğunu qeyd edən Məmmədov onun həyatı, gəncliyi və təhsil illəri, xüsusilə də keçdiyi döyüş yolu barədə danışıb. Bildirilib ki, nasist Almaniyasının əsirliyində olan M.Hüseynzadə 1943-cü ildə digər legionerlərlə birlikdə Balkan yarımadası və İtaliya ərazisində Müttəfiq qoşunlarına qarşı döyüşlərə göndərilib. Burada yerli partizan birləşmələri ilə əlaqəyə girən Hüseynzadə Almaniya ordusundan qaçmış və 30-cu briqadanın 9-cu korpusu tərkibində fəaliyyət göstərən partizan dəstələrinə qoşulub. Sloveniya və İtaliyanın həmsərhəd regionlarında Almaniya ordusuna qarşı diversiya əməliyyatlarının hazırlanması və həyata keçirilməsində, mürəkkəb kəşfiyyat tapşırıqlarının yerinə yetirilməsində, mülki əhalinin qorunmasında, düşmənin hərbi və canlı qüvvəsinin məhv edilməsində xüsusi xidmətləri olan Hüseynzadə həm silahdaşları, həm də yerli əhalinin sevimlisinə çevrilib, onu ələ keçirməyə çalışan Almaniya ordusu Mixaylo ləqəbi ilə tanınan qəhrəman partizanın başına böyük məbləğdə mükafat təyin edib.
1944-cü il noyabrın 16-da Vitovlye kəndi yaxınlığında gedən döyüşlərdə həlak olan Mixaylonun şanlı döyüş yolu müharibənin bitməsinə bir neçə ay qalmış yarımçıq qalıb. 1957-ci ildə M.Hüseynzadəyə ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adı verilib. 1958-ci ildə ölməz qəhrəmana həsr olunmuş «Uzaq sahillərdə» filmi lentə alınıb, 1973-cü ildə isə ona Azərbaycanın ümummilli lideri Heydər Əliyevin səyləri nəticəsində Bakıda abidə ucaldılıb. Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə 2007-ci ildə Nova Qoritsa rayonunun Şempas qəsəbəsində Hüseynzadənin büstünün açılışı olub.
Hüseynzadənin xatirəsinin həm Azərbaycan, həm də Sloveniya xalqlarının xatirəsində əbədi yaşayacağını vurğulayan Məmmədov bu kimi qəhrəmanların həyatı və döyüş yolunun gələcək nəsillərin vətənpərvər ruhda tərbiyə olunmasında mühüm rol oyanacağını qeyd edib. V.Məmmədov çıxışının sonunda Mixayloya olan sadə və saf sevgini qəlblərində yaşatdıqlarına görə yerli əhaliyə səmimi təşəkkürünü bildirib.
ARDNŞ vitse-prezidenti Xalik Məmmədov çıxışı zamanı özünün uşaqlıq illərinin İkinci Dünya müharibəsinin nəticələrinin aradan qaldırıldığı, uşaq və gənclərin müharibə qəhrəmanlarının döyüşkən ruhunda böyüdüldüyü dövrə təsadüf etdiyini qeyd edib və həmin qəhrəmanlar arasında M.Hüseynzadənin xüsusi yerinin olduğunu söyləyib. M.Hüseynzadənin qəhrəmanlığı bütün Sovet İttifaqı ərazisində dillər dastanı olub, Azərbaycanda isə əsl igidlik nümunəsi kimi sevilə-sevilə yad edilir. O, xoşbəxt olduğunu bildirib ki, Azərbaycan bəşəriyyətə Hüseynzadə kimi şanlı şəxsiyyət və qəhrəman oğul bəxş edib və onun xatirəsinin Sloveniya xalqı tərəfindən sevilməsi xüsusilə qürurvericidir.
Sloveniyanın müdafiə naziri Roman Yakiç bildirib ki, Azərbaycan və Sloveniya xalqlarının böyük oğlu M.Hüseynzadənin yubileyində iştirak etməkdən böyük qürur hissi keçirir. Nazir qeyd edib ki, İkinci Dünya müharibəsində Sloveniya xalqının alman nasizmindən azad olmasında partizan hərəkatının xüsusi rolu olub, bu azadlıq M.Hüseynzadə kimi partizanların, ümumilikdə isə 140 min insanın qanı bahasına əldə olunub. Öz keçdiyi döyüş yolu sayəsində qəhrəmanlıq tarixi yazan Mixaylo öz adını nəinki silahdaşlarının, eyni zamanda, bütün Sloveniya xalqının qəlbinə yaza bilib. Ölümündən onilliklər ötsə də, hər iki ölkə arasında dostluq bağlarının möhkəmlənməsində Mixaylo fenomeni öz sözünü deməkdədir.
Yekunda Lublyana şəhərinin imamı Senad Karışık M.Hüseynzadənin ruhuna «Fatihə» oxuyub ə onun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Həmin gün Nova Qoritsa şəhərində yubiley münasibətilə konfrans keçirilib. Konfrans Azərbaycan və Sloveniyanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Açılış nitqi ilə çıxış edən Nova Qoritsa şəhərinin meri Matey Arçon və Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov Hüseynzadənin xatirəsini yad etməyə yığışan qonaqları salamlayıb, qəlblərdə M.Hüseynzadənin xatirəsinə olan ehtiramın təzahürü kimi nəinki hər iki ölkənin insanları arasından səmimi dostluq münasibətləri olduğunu, eyni zamanda, bu iki regionun yaxınlaşdığını qeyd edib və qardaşlaşmış Nova Qoritsa ilə Oğuz arasında ikitərəfli əlaqələrin bundan sonra da inkişaf edəcəyinə ümidvar olduqlarını ifadə ediblər.
Sloveniya-Azərbaycan Dostluq Cəmiyyətinin prezidenti İvan Başin Azərbaycan və Sloveniya arasında ikitərəfli münasibətlərdən bəhs edib, bu əlaqələrin möhkəmlənməsində birgə tariximizin təcəssümü olan M.Hüseynzadə şəxsiyyətinin rolunu xüsusilə qeyd edib. M.Hüseynzadənin xatirəsinin əbədiləşdirilməsi sahəsində görülmüş işlərdən bəhs edən İ.Başin Çepovan qəsəbəsindəki memorial kompleksin yaradılmasında maliyyə yardımı göstərdiyinə görə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə, xüsusilə də Şirkətin Avstriyadakı nümayəndəliyinə təşəkkürünü bildirib.
Hüseynzadənin qohumu Fuad Əlizadə dayısının xatirəsinin Sloveniya xalqı tərəfindən əziz tutulduğuna görə öz ailəsi adından təşəkkür edib, eyni zamanda, Azərbaycan və Sloveniya dövlət qurumlarına minnətdarlığını bildirib.
Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov çıxışı zamanı M.Hüseynzadənin 26 illik qısa ömrünə nəzər salıb, həyata rəssam və yaradıcı insan kimi atılmağa hazırlaşan gənc Mehdinin savaş meydanlarına üz tutmağa məcbur olmasından, eləcə də müharibədə almanlara əsir düşdükdən və əsirlikdən qaçaraq partizanlara qoşulduqdan sonra keçdiyi döyüş yolunun çoxlarına məlum olmayan məqamlarından danışmışdır. H.Həsənov qeyd edib ki, dünyada ya dili, ya da dini yaxın xalqları bir-biri ilə qardaş hesab edirlər, Azərbaycan və Sloveniya xalqlarının taleyində isə bu missiyanı M.Hüseynzadə öz üzərinə götürüb: «Nə din, nə də dilinə görə heç bir yaxınlığı olmayan hər iki xalq öz oğlu hesab etdiyi M.Hüseynzadə sayəsində bir-birinə doğmalaşıb və qardaş xalqlara çevriliblər».
Sonra ARDNŞ adından gözəl Azərbaycan xalçası Hüseynzadənin Şempas qəsəbəsindəki muzeyinə hədiyyə edilib, Azərbaycan-Sloveniya Dostluq Cəmiyyətinin sədri İ.Başinə və Sloveniya Partizanlar Cəmiyyətinin sədri İvan Tropa xatirə hədiyyələri verilib.
Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev İkinci Dünya müharibəsinin dünyanın bir çox xalqları üçün faciə olduğunu, xüsusilə, Avropa xalqları üçün əsl fəlakətə çevrildiyini, bu bəlanın ilk növbədə Sloveniya xalqına böyük zərbə vurduğunu diqqətə çatdırıb: «Azərbaycanın cəbhədən çox-çox uzaqda olmasına baxmayaraq, ölkəmiz qələbənin əldə olunmasına öz təbii resursları və insan potensialı ilə böyük töhfə verib. Azərbaycandan minlərlə kilometr uzaqdan yerləşən Sloveniya torpağının alman nasistlərdən təmizlənməsində əlahiddə xidməti olan M.Hüseynzadə və digər oğullarımızın döyüş yolu və qəhrəmanlığı buna bariz nümunədir».
Hüseynzadə barədə ədəbi-bədii yaradıcılıq nümunələrinə toxunan Quliyev yazıçılar Həsən Seyidbəyli və İmran Qasımovun birgə ərsəyə gətirdiyi «Uzaq sahillərdə» povesti, bu povest əsasında rejissor Tofiq Tağızadənin ekranlaşdırdığı eyniadlı bədii filmə toxunub və yeni bir əsəri — sloven yazıçı Peter Amaliettinin qələmə aldığı və rus dilinə tərcümə edilmiş «Mixaylonun təkbaşına qisası» romanını təqdim edib.
Sloveniyanın Dövlət Poçt Xidmətinin marketinq üzrə direktoru Sabina Podkrijnik Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Azərmarka» şirkəti ilə birgə Mehdi Hüseynzadənin xatirəsinə buraxılmış yubiley poçt markalarını təqdim edib.
Azərbaycanın Avstriya, Slovakiya və Sloveniyadakı səfiri Qalib İsrafilov bugünkü tədbirin ərsəyə gəlməsində səy göstərmiş bütün rəsmi qurumlara və yerli sakinlərə təşəkkürünü bildirib, belə bir uğurlu bünövrə üzərində hər iki ölkə arasında əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini vurğulayıb.
Sonra rejissor Tahir Əliyevin ekranlaşdırdığı «Təxəllüsü Mixaylo» sənədli filmi nümayiş etdirilib.
Tədbirdə, həmçinin Nova Qoritsa şəhərinin xoru, eləcə də estrada ansamblı musiqi proqramı ilə çıxış edib.
Bədii proqram başa çatdıqdan sonra qonaqlara ziyafət verilib.