Muəllif:

Uşaq koloniyalaını nə əvəz edəcək?

Uşaq koloniyalarını tərbiyəvi-psixoloji yardım müəssisəsi əvəzləyəcək.
Deyilənlərə inansaq, onların islah olunması prosesində valideynlərin də iştirakı nəzərdə tutulur. Son zamanlar uşaq koloniyalarında cəza çəkən yeniyetmələr üçün yeni müəssisənin təsis olunacağı xəbəri dəmir barmaqlıqlar arasında cəza çəkən yeniyetmələr üçün ümid işığına çevrilib. Bəs uşaq koloniyalarını ləğvi nə dərəcədə doğrudur və bu koloniyanı nə əvəz edəcək?
Milli Məclisdən verilən məlumatlara əsasən, bu məsələ yeni hazırlanan “Yuvenal ədliyyə haqqında” qanun layihəsində nəzərdə tutulmaqla yanaşı, bununla bağlı İslah-Əmək Məcəlləsində dəyişikliklər də nəzərdə tutulur. Yeni layihəyə əsasən, cinayət məsuliyyətinə cəlb olunan yeniyetmələrin islahı sahəsində Avropa standartlarına uyğun bir sıra yeniliklər tətbiq olunacaq və müəssisə indikindən fərqli olaraq tamamilə yeni formada fəaliyyət göstərəcək. Yeni müəssisə cəzaçəkmə müəssisəsindən daha çox yeniyetmələrə tərbiyəvi-psixoloji yardım müəssisəsi məzmununu alacaq. Yeniyetmələrin tərbiyəvi-psixoloji cəhətdən islah olunması prosesində onların valideynləri və yaxınları da iştirak edə biləcəklər. Hazırda sözügedən təkliflər üzərində iş gedir, təfərrüatlar “Yuvenal ədliyyə haqqında” layihənin müzakirəsi zamanı açıqlanacaq. Qanun layihəsinin bu il parlamentdə müzakirəyə çıxarılması gözlənilir.
Millət vəkili Fazil Mustafa açıqlamasında bildirdi ki, hazırda fəaliyyət göstərən uşaq koloniyalarında vəziyyət standartlara tam uyğun deyil: “Cinayət törədən uşaqlarla bağlı əsas məsələ ondan ibarətdir ki, cinayət törədən uşaq düzgün tərbiyələnsin və etdiyi səhvdən nəticə çıxarsın. Lakin təcrübə göstərir ki, cəza çəkdikdən sonra uşaqlar yenidən cinayət törədərək koloniyalara qayıdırlar. Bunun nəticəsində cinayət törədən uşaqların sayı azalmaq əvəzinə artır. Bununla mübarizə aparmaq üçün düşünürəm ki, cəza çəkən uşaqların düzgün tərbiyələnməsi naminə yeni müəssisələrin olması vacibdir”.
Millət vəkilinin sözlərinə görə, yeni müəssisələrdə uşaqların təhsil alması və təlim-tərbiyə məsələləri ciddi tənzimlənməlidir: “Mənim fikrimcə, uşaq koloniyası ləğv olunarsa yeni yaranan müəssisələrdə psixoloq xidməti xüsusi təşkil olunmalıdır və bütövlükdə burada təhsil çox yüksək keyfiyyətlə aparılmalıdır ki, cəmiyyət üçün yeni bir cinayətkar nəsli yetişdirməyək”. Mustafa vurğuladı ki, xarici təcrübədə uşaq cəzaçəkmə müəssisələrində cinayət törədən uşaqların sərbəstlik imkanları çox genişdir və psixoloq xidməti yüksək səviyyədə təşkil olunub.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 188